"İrəvan heç vaxt Moskvanın boyunduruğundan çıxa bilməz"
"Erməni baş nazir nəinki Rusiya ilə, eyni zamanda Belarus və Qazaxıstanla da münasibətləri gərginləşdirib"
Paşinyanın ətrafında Rusiya ilə münasibətləri yeni səviyyəyə qaldıracaq hakimiyyət komandası da yoxdur. Bu fikri Moskva-İrəvan telekörpüsündə rusiyalı politoloq Andrey Areşev söyləyib. Rus ekspertin sözlərinə görə, erməni cəmiyyətində eyforiyadan sonra ciddi tənəzzül hiss olunur. Şənbə günü Paşinyanın keçirdiyi mitinq-yürüşdə daha az adamın iştirakı bunun bariz nümunəsidir: "Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində sürprizlərin olacağı istisna deyil. Yaxın vaxtlarda Rusiya və Ermənistanın qarşılaşacağı yeni çağırışları hazırkı rejimlə birlikdə həll etmək çox çətin olacaq.
Dekabrın 1-dən Ermənistana gələn yüklərin əsas hissəsinin daşındığı Qafqaz-Poti marşrutu ilə yükdaşımaların həcmi azalacaq. Çünki Ermənistanı gözləyən nəqliyyat-logistika problemləri inersiya yox, operativ əlaqələndirmə tələb edir”. Politoloq, həmçinin Ermənistanda daxili siyasi vəziyyətin daha da radikallaşacağı qənaətindədir. O, bu kontekstdə "Sasna tsrer” partiyasının siyasi-texnoloji layihə olacağını da əlavə edib. Məlumat üçün deyək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-da keçiriləcək. Seçkilərdə 2 blok və 9 partiya iştirak edəcək.
Son dönəmlər gərginləşən Ermənistan-Rusiya münasibətlərini "Şərq”ə dəyərləndirən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, Paşinyanın siyasi təcrübəsi sıfırdır:
"Küçə mitinqlərində çıxış etmək, pafoslu bəyanatlar səsləndirmək, hakimiyyətə qarşı həyəcanlı şüarlar söyləmək dövləti idarə etmək anlamına gəlmir. Bunlar tamamilə fərqlidir. Hər adam rəhbər ola, ölkənin daxili və xarici siyasətini qura bilməz. Bunların heç biri Paşinyana məxsus xüsusiyyətlər deyil. Erməni baş nazir nəinki Rusiya ilə, eyni zamanda Belarus və Qazaxıstanla da münasibətləri gərginləşdirib. Yarıtmaz idarəçilik Paşinyanın reytinqinə, imicinə böyük zərbə vurmaqdadır. O, nə qədər Qərbə, Avropaya meyillilik nümayiş etdirsə də, əslində Rusiyaya möhtac olduğunu anlayır”.
Professorun fikrincə, İrəvan heç vaxt Moskvanın boyunduruğundan çıxa bilməz:
"Ermənistanda Rusiyanın hərbi bazası var. Düşmən ölkədə ən mühüm siyasi, iqtisadi və hərbi strukturlar ruslara məxsusdur. Zaman-zaman Rusiya əleyhinə şüarlar səsləndirən baş nazir bunların fərqindədir. Məncə, Paşinyan gec-tez Qərbdən istədiyini ala bilməyəcəyinin fərqinə vararaq, Moskva ilə dil tapmağa məcbur olacaq. Ermənistan ABŞ-dan, Avropadan az-çox maliyyə yardımı ala bilər. Amma düşmən ölkənin bütün siyasi-iqtisadi və hərbi-texniki dəstəyi məhz Rusiyadan gəlir. Moskvanın dəstəyini kəsməsi Ermənistanın fəlakəti deməkdir. Kasıb ermənilər bahalı Amerika silahlarını ala bilməzlər. Ermənistanın maliyyə resursları çox məhduddur. Növbədənkənar parlament seçkisindən sonra müəyyən kurslar cızıla bilər. Çox güman ki, Paşinyan seçkidən sonra Rusiya ilə münasibətləri düzəltmək üçün ciddi tər tökəcək. Çünki seçkidən sonrakı dönəm Paşinyan üçün rahat olmayacaq. Moskva ilə münasibətlərin bu səviyyədə gərginləşməsi ancaq İrəvana zərbə vuracaq”.
İsmayıl