"Seçkiyə qarşı çıxış edənlərin də sərbəst toplaşma hüquqları təmin edildi"





"Hazırda seçki prosesi normal şəkildə, öz axarı ilə davam edir”.

Bu barədə "Sherg.az”a millət vəkili Asim Mollazadə məlumat verib. 

Deputat vurğulayıb ki, seçkilərə hazırlıq mərhələsində hər bir namizədin fikirlərini ifadə etmək imkanı olub:

"Hətta seçkilərə qarşı çıxış edənlərin də sərbəst toplaşma hüquqları təmin edildi. Seçki günündə bütün ölkədə müşahidə prosesini davam etdirəcəyik. Nəticədə, 11 apreldə demokratik seçkilərin yekunu olaraq, prezident müəyyən olunacaq”.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək.

Seçkilərdə 8 prezidentliyə namizəd iştirak edir: İlham Əliyev (YAP sədri, hazırki prezident), Sərdar Cəlaloğlu (Azərbaycan Demokrat Partiyasının sədri), Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı), Hafiz Hacıyev (Müasir Müsvat Partiyasının sədri), Araz Əlizadə (Sosial-Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı), Fərəc Quliyev (Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı), Razi Nurullayev ("Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu), Zahid Oruc (öz təşəbbüsü ilə, Milli Məclisin deputatı).

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilər 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçiriləcək. Seçkiləri müşahidə etmək üçün Mərkəzi Seçki Komissiyası və Dairə Seçki Komissiyalarında 890 beynəlxalq (59 ölkə, 60 təşkilatdan), 58 175 yerli müşahidəçi qeydiyyatdan keçib.

Aysel Aslan