Şəhid atası: "Prezidentin şəhid ailələrinə diqqəti bizi çox məmnun edir, rahatladır”





"Çox gözəl addımdır. Ümummilli liderimiz Heydər Əliyevin şəhid ailələrinə diqqət və qayğısını bugün möhtərəm Prezidentimiz İlham Əliyev davam etdirir”.

Bunu "Sherg.az”a açıqlamasında 1993-cü ildə Ağdərədə gedən döyüşlərdə, Sərsəng su anbarının qorunması uğrunda qəhrəmancasına şəhid olan Əliyev Müşfiqin atası Əliyev Abbas Məsim oğlu deyib.

Şəhid atası ailə adından dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirib: 

"Cənab Prezidentin bizə yardımı, qayğısı daimi olub. Təkcə bizə yox, bütün şəhid ailələri dövlətimizdən çox razıyıq. Əlbəttə, göstərilən qayğı bizi həm sevindirir, həm də kədərləndirir. Sevindirir ona görə ki, cənab Prezidentimiz, dövlətimiz, xalqımız şəhidlərimizi unutmurlar, həmişə yad edirlər. Kədərlənirik ona görə ki, həmin qanlı günləri yenidən xatırlayırıq. Hörmətli Prezidentimizin şəhid ailələrinə diqqəti bizi çox məmnun edir, rahatladır”. Abbas Əliyev media nümayəndələrinə də öz təşəkkürünü bildirib.

Qeyd edək ki, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi
bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi prosesi noyabrın 14-dən qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər.

İsmayıl