Şahvələd Məmmədov: "Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının keçirdiyi əməliyyat həqiqətən də unikaldır"
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 3 aylıq Rəsul Əlizadə üzərində nadir əməliyyat aparılıb.
Universitetdən Trend-ə verilən məlumata görə, 17 iyun 2017-ci il təvəllüdlü Əlizadə Rəsul Akif oğlu sentyabrın ortalarında ATU-nun Tədris Cərrahiyyə Klinikasına daxil olub. Hirşprunq diaqnozu qoyulan bu körpədə bağırsaq keçirməzliyi əlamətləri olub:
"Valideynləri bildirib ki, bundan əvvəl bir neçə klinikaya müraciət etsələr də, orada təklif olunan müalicə və üçmərhələli əməliyyat üsulu ilə razılaşmayıblar. ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsinin müdiri, dosent Ramiz Poluxov deyib ki, klinikada diaqnoz təsdiqlənib. Sentyabrın 15-də R.Əlizadə əməliyyat olundu. Əməliyyatdan bir sutka sonra xəstə qidalandırılmağa başlanıldı. Artıq yeddinci sutkada xəstə kafi vəziyyətdə evə ambulator müalicəyə göndərildi”.
Cərrah R.Poluxovun sözlərinə görə, bu əməliyyat ən müasir əməliyyatlardan sayılır. Xəstəyə koloanal anastomoz qoyulur. Bu zaman qarının ön divarında heç bir kəsik aparılmadığına görə, kosmetik defekt yaratmır.
Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov da «Şərq»ə açıqlamasında bağırsaq keçirməzliyi xəstəliyinin son illər çox yayıldığını bildirdi:
- ATU-nun Tədris Cərrahiyyə Klinikasının keçirdiyi əməliyyat həqiqətən də unikaldır, Azərbaycan səhiyyəsində yenilikdir.
İnvaginasiyaya (bağırsağın bir hissəsinin digər hissəyə daxil olması) 2-3 yaşlı uşaqlar arasında tez-tez rast gəlinir. Bu, bağırsaqla bağlı yaranan bir patologiyadır. Buna bağırsaq keçirməzliyi deyilir. Bəzən diaqnoz düzgün qoyulmur. Bağırsaq keçirməzliyi olduğu halda qurd xəstəliyi, qəbizlik adı qoyurlar. Əslində isə bağırsaq keçirməzliyi olur və bu, ciddi problemdir. Böyüklərdə də bu xəstəliyə rast gəlinir. Xüsusən 50 yaşdan yuxarı insanlarda. Bu da oturaq həyat tərzinin daha çox olması, bağırsaq atoniyası, hərəkətliliyin azalması səbəbindən yarana bilir. Ona görə də biz ümumiyətlə əhaliyə 50 yaşdan sonra kolonoskopiya müayinəsindən keçməyi tövsiyə edirik ki, bağırsaqların, yoğun bağırsağın hansı vəziyyətdə olduğu bilinsin. Əgər bir problem varsa, qarşısı alınsın. Əks halda, hətta bədxassəli şişə çevrilmə ehtimalı da var.
Körpələrdə bağırsaq keçirməzliyinin səbəblərinə gəlincə, Ş.Məmmədov bunun bir neçə amillə bağlı oluduğunu dedi:
- Anadangəlmə bağırsaq keçirməzliyi nadir hallarda olur. Bağırsaq keçirməzliyi daha çox sonradan qazanılan xəstəlikdir. Bunun da bir çox səbəbləri var. Məsələn, bağırsaq mikroflorasının pozulması. Mikroflora normal olmadıqda disbakterioz yaranır. Nəticədə ya qəbizlik, ya da ishal əmələ gəlir. Hər ikisi də anomaliyadır. Körpədə qusma, qızdırma y aradır. Və bağırsaq keçirməzliyi xəstəliyinə gətirib çıxarır. Burada ananın özünün və körpənin düzgün qidalanması əsas şərtdir. Xüsusilə körpənin südəmər dövründə. Biz daim bu aksiomanın üzərində dayanırıq ki, ana südünü əvəz edə biləcək 2-ci bir qida yoxdur! Heç bir süni qida vasitəsi ana südünü əvəz edə bilməz.
Ana südü körpə üçün həyat və sağlamlıq mənbəyidir. Amma təəssüf ki, əksinin şahidi oluruq. Analar körpələrini süni qidaya alışdırır. Müxtəlif allergik xəstəliklər, mədə-bağırsaq pozğunluğuna zəmin yaralırlar. Körpə bir az böyüyən kimi də keçirlər quru qidalara. Körpələrə sıyıqlar bişirmirlər. Halbuki sıyıq (sulu xörəklər) körpə üçün vacib qidadır. Təkcə körpələr üçün deyil, ümumiyyətlə hamı üçün. Son zamanlar insanlarımız quru qidalara, tərkibində konsentrantlar olan süni məhsullara üstünlük verir. Bu mədə üçün də, bağırsaqlar üçün də pisdir. Nəticədə mədə-bağırsaq pozğunluğu yaranır və bu da ciddi problemlərin başlanğıcını qoyur.
Məlahət Rzayeva