Aydınxan Əbilov: “Müğənnilərin yazışmalarında sanki ara məhəllədə kimsə biri-biri ilə danışır və bu danışığı da yazıya alıblar”
Sənət adamları daim geyimləri, xarici görünüşləri və mahnıları ilə bir-birindən fərqlənməyə çalışır. Onlar tez-tez dilə gətirirlər ki, göz önündə olan şəxs olaraq həmişə baxımlı olmalıdırlar. Çünki onlara milyonlar tamaşa edir.
Lakin son günlərdə müğənnilərin oxuduqları mahnılar deyil, nə dərəcədə savadlı olmaları sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Buna səbəb isə müğənni Elza Seyidacahanın orfoqrafik səhvi olub. Sosial şəbəkədə "səhv” sözünü "səyf” kimi yazması həmkarı Mətanət Əsədova tərəfindən gülüşlə qarşılanb. Belə ki, E.Seyidcahanın səhvini düzəltmək istəyən müğənni əslində özü də düzgün yazı qaydasına əməl etməyib. O, "səhv” sözünün "səf” kimi yazıldığını deyib. Qınağa çevrilən və düzgün orfoqrafik qaydalara əməl etməyən müğənnilərdən biri də Nadir Qafarzadə olub. Hər iki əməkdaşının yanlışını düzəltmək istəyən müğənni düzgün yazılış kimi "səhf” sözünü yazıb. Lakin, o da xanım əməkdaşları kimi yanlışlığa yol verib. Müğənnilərin ədəbi dil normalarına biganə yanaşması, düzgün yazılış qaydalarından istifadə edə bilməməsi və bu azmış kimi bir-birilərinin səhvlərini düzəltməkləri cəmiyyətdə də böyük qınaqlara səbəb olub.
Məsələni dəyərləndirən yazıçı-kulturoloq Aydınxan Əbilov bu hadisəni ümumilikdə cəmiyyətin problemi hesab edir. Onun sözlərinə görə, ölkəmiz son 20 ildə, yəni müstəqillik bərpa olunduqdan bəri insanların mütaliə etmək problemi yarandı:
"Müğənnilərin yazdıqları yazılar, xüsusilə də sosial şəbəkələrdə şərh və statuslarda buraxdıqları səhvlər hansısa bir müğənniyə "sən savadsızsan” deməyə əsas vermir. Amma ümumilikdə götürəndə ölkəmizdə nəinki müğənnilər, bütün sahələrin
insanları arasında intellekt problemi var. Vətəndaşlarımız sosial şəbəkələrə daxil olurlar, yazırlar, oxuyurlar amma digər tərəfdən nə yazdıqlarına fikir vermirlər. Biz türk, ingilis, rus, gürcü dilli internet resurslarına baxırıq. İnsanlar nə qədər savadlıdır və ədəbi dilin normalarına uyğun olaraq öz fikirlərini sərbəst və səlis bölüşə bilirlər. Amma bizimkilərə baxanda xüsusilə bəzi müğənnilərin yazışmalarında sanki ara məhəllədə kimsə biri-biri ilə danışır və bu danışığı da yazıya alıblar. Orta məktəbi bitirən uşaqların 82 faizi xüsusi yoxlamalardan sonra "2” qiyməti alırsa bu cəmiyyətdə yazı və mütaliə probleminin qabarıq olduğunu göstərir”.
Yeganə Bayramova