Selfilər ağır faciələrə səbəb olur

Sosioloq hesab edir ki, baş verən hadisələrdə fərdi bilgisizlik, valideyn məsuliyyətsizliyi önə çıxır




Müasir dövrümüzdə selfi bir növ xəstəlik halını alıb. Azərbaycanda, eləcə də bir çox dünya ölkələrində selfi qurbanı olan xeyli sayda insanlar var.

Bu gün nəinki böyüklər, hətta azyaşlı uşaqlar da selfi çəkdirməyə xüsusi maraq göstərirlər. Lakin bu maraq bəzən heç də yaxşı sonluqla bitmir. Selfi çəkən insan ancaq özünü düşündüyü üçün, hər hansı bir bədbəxt hadisənin yaşanması qaçılmaz olur.

Xatırladaq ki, hələ keçən il, 18 yaşlı Elida Musazadə selfi çəkən zaman 7-ci mərtəbədən yıxılaraq dünyasını dəyişmişdi. Növbəti hadisə isə Lerikdə istirahət mərkəzlərinin birində qeydə alınıb. Təqribən 2-3 yaşlarında Hüseynov Kənan Anar oğlu atla selfi çəkdirmək istəyərkən at onu sinəsindən dişləyib. Yaralı dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağırdır.

Baş verən hadisə ilə bağlı fikirlərini "Şərq”lə bölüşən sosioloq Humay Həsənovanın sözlərinə görə, baş verən hadisədə fərdi bilgisizlik, eyni zamanda valideyn məsuliyyətsizliyi də dayanır: "Bu, dövrün sadəcə trendidir. Əgər söhbət trenddən gedirsə, bu cür hadisələrin qarşısını almaq çox çətindi. Yalnız hündür binalardan yox, hətta ekzotik ölkələrə səyahət edən turistlərin də başına acınacaqlı hadisələr gəlir. Məsələn, onlar şəkil çəkdirmək istəyərkən timsah hücum edir və s. Ona görə də belə halların baş verməməsi üçün əvvəlcədən turizm agentlikləri müəyyən xəbərdarlıq etməlidir. Həmçinin bu sahədə insanları maarifləndirmək lazımdır”.

Yeganə Bayramova