Şənbə günləri ictimai nəqliyyatın işi bərpa olunmalıdır

“Son həftələr əksər ölkələrdə virusa yoluxanların sayında artımlar müşahidə olunsa da, dövlətlərin pandemiya ilə mübarizə tədbirləri bir-birindən fərqlənir”. Bu barədə millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən qadağalardan biri həftəsonları ictimai nəqliyyatın işləməməsidir:

“Hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda həftə sonları ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur. Bununla belə, xüsusən də şənbə günləri çalışanların bir qismi üçün həftə sonları ictimai nəqliyyatın işləməməsi xüsusi çətinliklər yaradır.

Bu baxımdan, həftə sonları ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədəuyğun olardı. Bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyatın fəaliyyəti dayandırılmır, sadəcə müddəti qısa olur.

Məsələn, həftə sonları ictimai nəqliyyat gecə yarısınadək deyil, səhər saatlarından axşam 20:00-dək işləyə bilər.

Xüsusən, günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı. Bu, həftə sonları müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxarar”.