Tanınmış hüquqşünas və keçmiş müstəntiq Müşfiq Abbasov süni intellekt əsaslı hüquq platforması Huquqai.com haqqında danışaraq, platformanın yaradılmasının əsas məqsədinin hüquqi məlumatı və müasir hüquqi alətləri cəmiyyətin bütün təbəqələri üçün daha əlçatan etmək olduğunu bildirib.
Müşfiq Abbasov vurğulayıb ki, Huquqai.com təkcə hüquqi suallara cavab verən süni intellekt sistemi deyil.
Platforma vətəndaşların, sahibkarların və hüquqşünasların hüquqi maarifləndirilməsinə, hüquqi məlumatlara çıxışına, sənədlərin hazırlanmasına və təhlilinə, eləcə də müxtəlif hüquqi situasiyaların mümkün məhkəmə perspektivlərinin qiymətləndirilməsinə yardım etmək məqsədilə hazırlanıb.
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyi üzrə xüsusi təlim görmüş süni intellekt modelinin tətbiqi hüquqi proseslərdə vaxt itkisini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. İstifadəçi müqavilənin hazırlanmasından sənəd analizinə, hüquqi situasiyanın izahından məhkəməyə təqdim ediləcək sənəd layihələrinin formalaşdırılmasına qədər müxtəlif alətlərdən vahid platforma üzərindən istifadə edə bilir.
Müşfiq Abbasov bildirib ki, Huquqai.com-un mühüm xüsusiyyətlərindən biri qanunvericilik və məhkəmə təcrübəsində baş verən dəyişikliklərin dövri şəkildə izlənilməsi və platformanın məlumat bazasına daxil edilməsidir. Bu yanaşmanın məqsədi hüquqi məlumat bazasının aktuallığını qorumaq və istifadəçiləri müvafiq dəyişikliklər barədə məlumatlandırmaqdır.
Huquqai.com hansı imkanları təqdim edir?
Sənəd analizi vasitəsilə müqavilələrin, hüquqi situasiyaların, məhkəmə qərarlarının və digər hüquqi sənədlərin təhlili aparılır, onların qanunvericilik və məhkəmə təcrübəsi baxımından qiymətləndirilməsinə kömək edilir.
Müqavilə tərtibatçısı müxtəlif sahələr üzrə müqavilə layihələrinin hazırlanmasına, Pretenziya məktubu aləti isə məhkəmə proseduruna başlamazdan əvvəl qarşı tərəfə təqdim edilə biləcək pretenziya məktubunun formalaşdırılmasına imkan verir.
Məhkəmə prosesləri üçün platformada iddia ərizəsi, apellyasiya şikayəti və kassasiya şikayəti hazırlama alətləri mövcuddur. Bununla yanaşı, istifadəçilər vəsatət və etirazların hazırlanması, eləcə də hüquqi situasiya üzrə qərar layihəsinin formalaşdırılması imkanlarından yararlana bilirlər.
Platformada təqdim olunan Rüsum kalkulyatoru iddia ərizəsinin xarakterinə uyğun dövlət rüsumunun hesablanmasına kömək edir.
Hüquqi çat-bot isə istifadəçinin təqdim etdiyi hüquqi situasiya üzrə sualları qanunvericilik və məhkəmə təcrübəsinə istinad etməklə cavablandırmaq və mümkün hüquqi həlləri strukturlaşdırılmış şəkildə təqdim etmək üçün hazırlanıb.
“Mənim işlərim” bölməsi istifadəçilərin platformada apardıqları hüquqi işlərin tarixçəsini vahid məkanda toplamağa və əvvəlki işlərə yenidən müraciət etməyə imkan verir.
HuquqAI.com-un digər mühüm funksiyalarından biri “Vəkil/Hüquqşünas tap” xidmətidir. Bu funksiya hüquqi problemlə qarşılaşmış şəxslərin lokasiya və ərazi üzrə hüquqşünas və vəkillərə çıxışını asanlaşdırmaq məqsədi daşıyır. İstifadəçilərin platformadan ayrılmadan mütəxəssislərlə mesajlaşması, audio və video əlaqə yaratması nəzərdə tutulur.
Müşfiq Abbasovun sözlərinə görə, Huquqai.com-un əsas məqsədi hüquqşünasları əvəz etmək deyil, hüquqla insan arasındakı məsafəni azaltmaqdır. Platformanın missiyası hüquqi məlumatların əldə edilməsini, hüquqi sənədlərlə işi və ilkin hüquqi istiqamətləndirməni daha sürətli və əlçatan etməkdir.
Huquqai.com-un gələcək hədəfi
Platformanın gələcəyə baxışı yalnız Azərbaycanla məhdudlaşmır. HuquqAI.com süni intellekt və innovativ alqoritmlərin imkanlarından istifadə etməklə aktual regional və qlobal hüquqi məlumat bazasının formalaşdırılmasını və gələcəkdə platformaya inteqrasiyasını qarşıya məqsəd qoyur.
Müşfiq Abbasov qeyd edib ki, bu istiqamətdə əsas hədəflərdən biri müxtəlif ölkələrin hüquqi məlumatlarını müasir texnologiyalar vasitəsilə daha əlçatan etmək və gələcəkdə beynəlxalq biznes və investisiya proseslərində aktual hüquqi məlumatlara çıxışı asanlaşdıran rəqəmsal ekosistem formalaşdırmaqdır.