İnşallah balaca qız Azərbaycana uğur gətirəcək
"Sənin kimi olmaq"
Mahnıda Fidan öz arzularından və xəyali qəhrəmanından bəhs edir
İnşallah balaca qız Azərbaycana uğur gətirəcək
İnşallah balaca qız Azərbaycana uğur gətirəcək
Həqiqətən irqindən, dinindən, etiqadından asılı olmayaraq musiqi bəlkə də ən güclü vasitədir ki, insanları ortaq bir nöqtədə birləşdirə bilir. Bir çox Beynəlxalq musiqi müsabiqələri, festivallar bir daha sübut edir ki, musiqi böyük təsir qüvvəsinə malikdir. Avropanın ən məşhur musiqi yarışlarından sayılan "Evrovizion" Mahnı müsabiqəsində illərdir 50-dən artıq dövlət iştirak edərək öz musiqilərini, nümayəndələrini təqdim edirlər. Bəli, bu kimi irimiqyaslı müsabiqələrdə yaradıcılıq tərəfləri ilə yanaşı, siyasi, dövlətlərarası, millətlərarası münasibətlərin də təsiri danılmazdır.
Ancaq keyfiyyətli və təsirli musiqi bəzən bu münasibətlərdən də önə çıxa bilər. Elə bu səbəbdəndir ki, "Evrovizion" müsabiqəsində nə qədər siyasi maraqlar hiss olunsa da, təsirli, keyfiyyətli musiqi, maraqlı performans birinciliyi təmin edir.
Hər il "Evrovizion" Mahnı müsabiqəsinin keçirilməsi üçün ciddi hazırlıqlar aparılır, vəsait xərclənir ki, Avropa ölkələrinin istedadlı, iddialı sənətçiləri yarışa bilsin. Yeri gəlmişkən, "Evrovizion" mahnı müsabiqəsi hər il böyüklər üçün təşkil olunduğu kimi, uşaqlar üçün də keçirilir. Bu il Azərbaycanı Uşaq "Evrovizion" müsabiqəsində Fidan Hüseynova təmsil edəcək. Oktyabrın 17-də İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) ölkəmizin Belarusun paytaxtı Minskdə keçiriləcək "Uşaq Avroviziya 2018" mahnı müsabiqəsində iştirakına dair təqdimat keçirilib. Təqdimat mərasimində İTV-nin Mərkəzi Aparatının rəhbəri Faiq Qürbətov, televiziyanın musiqi, bədii və xüsusi layihələr departamentinin rəhbəri Leyla Quliyeva və ölkəmizi müsabiqədə təmsil edəcək Fidan Hüseynova, mahnının müəllifləri - bəstəkar İsa Məlikov və Azərbaycan dili versiyasının söz yazarı Aytən İsmixanova, həmçinin klipin yaradıcı heyəti, quruluşçu rejissoru Aleksey Krupina, əlaqələndiricisi Maksim Tsurkov iştirak ediblər.
Leyla Quliyeva bildirib ki, bu gündən etibarən müsabiqədə xüsusi mərhələ başlayır. "Beynəlxalq tədbirdə Fidan Hüseynovanın ifasında təqdim ediləcək "Sənin kimi olmaq” (I wanna be like you) klipi artıq oktyabrın 16-dan müsabiqənin "YouTube” kanalına yerləşdirilib. Müsabiqənin şərtlərinə görə, mahnının böyük hissəsi ifaçının öz dilində olmalıdır. Buna görə də sözlərin 60 faizi Azərbaycan, 40 faizi isə ingilis dilindədir”.
İstedadlı ifaçı Fidan Hüseynova 2005-ci ildə anadan olub. Bir çox müsabiqələrdə Azərbaycanı uğurla təmsil edən Fidan hazırda Bakıdakı "Oksford” məktəbinin 6-cı sinif şagirdidir, həmçinin o, T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində təhsil alır.
Fidanın uğurları haqqında danışan Leyla Quliyeva əlavə edib ki, o, 2017-ci ilin mart ayında İtaliyanın "Testene Art Baku” beynəlxalq incəsənət festivalında iştirak edərək 9-12 yaş arası uşaqlar arasında vokal ifaçılığı üzrə birinci yeri qazanıb. Həmçinin "Sanremo Junior 2018” festivalında iştirak edərək üçüncü yerə layiq görülüb. O, fransalı müğənni Lara Fabianın Bakı və İstanbul konsertlərində eyni səhnəni bölüşərək hər kəsin rəğbətini qazanıb. Fidan Hüseynovanın adı 2016-cı ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın gənc istedadlarının "Qırmızı kitab”ına salınıb və Prezident təqaüdünə layiq görülüb.
İTV-nin Mərkəzi Aparatının rəhbəri Faiq Qürbətov qeyd edib ki, mahnıda Fidan öz arzularından və xəyali qəhrəmanından bəhs edir. O, bu naməlum qəhrəmana bənzəmək üçün məqsədinə doğru necə addımladığından danışır.
Sonra "Sənin kimi olmaq” (I wanna be like you) mahnısı və mahnının promoçarxı təqdim olunub.
Sevindirici məqamlardan biri də odur ki, "Evrovizion" mahnı müsabiqəsində bu il öz bəstəkarımızın musiqisi təqdim olunacaq. Müsabiqə ilə bağlı bəstəkarla əlaqə yaratdıq.
İsa Məlikov «Şərq»ə açıqlamasında bildirdi ki, bu müsabiqədə bəstəsinin təqdim olunması, bir musiqiçi, bəstəkar olaraq onun məsuliyyətini bir qədər də artırıb:
«Təbii ki, hər bir bəstəkar arzulayır ki, onun bəstəsi xarici səhnələrdə, böyük səhnələrdə səslənsin.
"Evrovizion" Mahnı müsabiqəsinə Avropada böyük marağın olduğunu nəzərə alsaq, bu təkcə mənim uğurum deyil. Bu, Azərbaycan musiqisinin uğurudur. Mənə bu müsabiqə üçün mahnı hazırlamaq təklif olundu. Mən də məsuliyyətlə bu təklifi qəbul etdim. İnşallah ki, Fidan bu müsabiqədə uğurlu çıxışı ilə bizləri sevindirəcək. Həqiqətən istedadlı bir uşaqdır.
Onun səs diapazonu genişdir, maraqlı performansla çıxışına əminəm. İnşallah, bu mahnı Fidana da, Azərbaycana da uğur gətirəcək».
Mahnının söz müəllifi Aytən İsmixanova ilə də əlaqə yaratdıq. Aytən İsmixanova da mahnının müəlliflərindən biri kimi çox sevindiyini dilə gətirdi:
"Azərbaycanın "Evrovizion"da hər il maraqlı çıxışları olur.
Bu il uşaq "Evrovizion" Mahnı müsabiqəsində Fidanın çıxışına da böyük ümidlərimiz var. Mənə təklif olundu ki, uşaq dünyasını vəsf edəcək söz yazım. Mahnıda balaca bir uşağın arzularını çatdırmaq vacib idi. Mən də bu mövzuda mətn hazırladım. Mahnının mətni ilə musiqi biri-birini tamamlayırsa, maraqlı tandem ortaya çıxır. İnşallah, bizim İsa Məlikovla olan işbirliyimizin uğurlu nəticəsi olacaq.
Təbii ki, müəlliflərdən biri olaraq həyəcanlıyam. Bu böyük məsuliyyətdir. Fidana böyük ümidlərimiz var. Həqiqətən istedadlı bir uşaqdır. Eyni zamanda yaşı kiçik olsa da, səhnə təcrübəsi var. Bir də vacib o deyil ki, mütləq qalib olasan. Vacib olan Azərbaycanı, Azərbaycan musiqisini belə böyük arenalarda səviyyəli şəkildə təqdim etməkdir. Mən Fidana uğurlar arzulayıram. İnşallah əməyi olan hər kəs uğuru ilə bu məsuliyyətin həyəcanını xoş hisslərlə əvəzləyə bilər. Mən Fidanın qalib olmaq imkanlarının isə daha böyük olduğunu düşünürəm».
Tahirə