“Sensasiyalı hadisələr olacaq”
Astroloq Səbuhi Rəhimli 2017-ci ilin proqnozunu verdi
2016-cı ilin başa çatmasına sayılı günlər qalıb. Nə az, nə də çox, düz 8 gündən sonra Meymun ilini arxada qoyub, yeni bir ilə qədəm basacağıq. Ayrı-ayrı media orqanlarında aparılan sorğulara istinadən deyə bilərik ki, əsl meymun oyunbazlığı ilə dünya və ölkə miqyasında bir sıra siyasi və iqtisadi gərginliklərə rəvac verən 2016-cı il yaddaşlarda heç də yaxşı qalmayıb.
Devalvasiya, terror, müharibə, "darbe” kimi xoşagəlməz hadisələr il ərzində ən çox müzakirə olunan mövzulardan oldu. Hər yeni ilin bir başlanğıc, hər başlanğıcın da yeni bir ümid olduğunu nəzərə alsaq, mövcud gərginliklər məngənəsində sıxılan insanların ümidini 2017-ci ilə bağlamasını təbii qarşılamaq lazımdır. Bəs, astroloqlar bu barədə nə düşünür? Ulduzlar 2017-ci il üçün nə vəd edir?
2017-ci ilin Od ünsürlü Qırmızı Xoruz ili olduğunu vurğulayan astroloq, "Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli "Şərq” qəzetinə müsahibəsində növbəti astronomik ilin 28 yanvarda Bakı vaxtilə saat 04:06-da başlayacağını deyib.
S.Rəhimlinin proqnozlarına əsasən, üzmüzə gələn ildə mövcud problemlər özünü daha qabarıq və kəskin formada büruzə verəcək. Yeni il ərzində hansısa problemin həllinə, haqq-ədalətin zəfər çalacağına ümid etmək isə insanlara vaxt itkisindən başqa heç nə verməyəcək. İqtisadi maliyyə böhranı da davam edəcək.
- İlin işarələrinin onun necə keçməsinə hər hansı təsiri varmı?
- Əslində ilin rənglərə uyğunlaşdırılması elmi mənbəyə söykənmir, daha çox müşahidə əsasında formalaşıb. Antik astrologiyada illərin rəngi irqlərə görə təyin edilib: ağ, qara, sarı, qırmızı və mavi (göy). Sonuncu rəng qədim lemuriya və atlantidalıların irqi kimi səciyyələnirdi. İlin qırmızı çalar alması daha çox inqilabi hadisələrə, sui-qəsdlərə işarə olunur. Od ünsürlü və qırmızı rəngin vəhdəti daha dəhşətli olur.
- Bəs Xoruz ilinin əsas rəmzləri, simvolları hansılar olacaq?
- İlin planeti Saturn, uğurlu ayları yanvar, fevral, uğursuz ayları iyul, avqust, düşərli günü çərşənbə axşamı, şənbə, ağır günü bazar ertəsi, bazar, rəngi qırmızı yaşıl, göy, boz, daş-qaşı sirkon, ametist, rubin, oniks, Ay daşı, çiçəyi isə ağ qərənfil, yasəmən, nərgiz və qara lalədir.
- 2017-ci ilin ümumi xarakteristikası barədə nə deyə bilərsiz?
- İlk öncə bildirim ki, Pələng, At, İlan və Meymun illəri kimi Xoruz ili də astrologiyada siyasi il kimi səciyyələndirilir. Lakin Xoruz ilinin fərqi onun kəskinliyi, güzəştə getməməsi, mərhəmətsiz olması və hədəfinə tez çatmaq üçün bütün risklərə getməsidir. Bu illərdə zirvələrdə olan çox adam uçuruma düşür, dəyərsiz bilinənlər yüksəkliklərə ucalır. Xoruz illərində insanların biri-birinə etibarı azalır, inam sarsılır və onun yerini şübhə doldurur. Şübhə olan yerdə isə şərin hökmü başlayır. Xaos dolu bir ildir, idarəetmədən çıxan çox hadisələr olacaq, siyasi çevrilişlər, sui-qəsdlər, qəzalar saysız olur. Vəhdət yaratmağı bacaranlar, emosiyasını boğanlar, bacardığı işlə məşğul olanlar, ağlını daha çox işlədənlər uğura yaxın olurlar.
- Əvvəlki Xoruz illərində hansı mühüm hadisələr baş verib?
- Xoruz illərində dünya tarixinə böyük təsir edən çox hadisələr olub. Məsələn, İstanbul fəth olunub, Azərbaycanı ikiyə bölən Gülüstan müqaviləsi imzalanıb, dünyada ilk metro stansiyası açılıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutu təsis edilib, 2-ci Dünya müharibəsi başa çatıb, ABŞ Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atıb, Azərbaycan Elmlər Akademiyası və BMT yaradılıb, Seyid Cəfər Pişəvəri Cənubi Azərbaycan Cümhuriyyətini elan edib, ilk kosmik aparat kosmosa buraxılıb, ABŞ astronavtları dünyada ilk dəfə olaraq Ay səthinə eniblər, Heydər Əliyev iki dəfə məhz Xoruz illərində hakimiyyətə gəlib, SPİD xəstəliyi ilk dəfə aşkar olunub, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları erməni-rus hərbi birləşmələri tərəfindən işğal olunub, Şimali Koreya nüvə silahının olduğunu elan edib və s.
- 2017-ci il hansı il və bürcdə doğulanlar üçün düşərli olacaq?
- İlin aparıcı bürcləri Oğlaq və Sutökən, aparıcı illəri isə Xoruz, Öküz və İlandır.
- Bəs, kimlər üçün uğursuz olacaq?
- Xoruz ilinin oyun qaydalarını pozanlar üçün.
- Hər bir ilin aktiv ölkələri olur. Gələn il hansı ölkələrin aktiv olacağı gözlənilir?
- 2017-ci ilin aktiv əraziləri Rusiya, İtaliya, Danimarka, Kanada, Hindistan, Makedoniya, Birma, Meksika və Baltikyanı ölkələrdir.
- 2016-cı ildə dünyada xoşagəlməz hadisələr çox oldu. Çox təəssüflər olsun ki, bu proseslər hələ də davam edir. Bəs 2017-ci il necə, qalmaqallı, yoxsa sakit keçəcək? Dünya miqyasında nələr gözlənilir?
- 2017-ci il 2016-nın kəskin davamıdır. Lakin qarşıda duran ildə müəmma və gizliliklər, uzadılan proseslər olmayacaq. Çox şey aşkara çıxacaq və əksər proseslər qısamüddətli olacaq. Xüsusən də ilin ilk yarısı dünya olduqca narahat bir dövr yaşayacaq. Sensasiyalı olaylar biri-birini əvəz edəcək.
- Konkret Azərbaycanda ictimai-siyasi durumla bağlı nə kimi proqnozlarınız var?
- Azərbaycan da dünyanın bir parçasıdır. Planetimizdə əsən "küləklər” bu bölgədə də özünü göstərəcək.
- Ən çox hansı sahədə aktivlik hiss olunacaq?
- Yalnız onu deyə bilərəm ki, mədəniyyət, incəsənət və ədəbi yaradıcılıq baxımından o qədər də şöhrətli il deyil. Elm və texnologiyada, kosmik tədqiqatlarda, tibbi müstəvidə uğurlar bol olacaq. Yeni siyasi liderlərin meydana çıxması da gözlənilir.
- Bəs, illərdir düyünə düşən Dağlıq Qarabağ münaqişəsi barədə Xoruz ili nə vəd edir?
- Təəssüf ki, bəyanat və hədə-qorxulardan başqa heç nəyin şahidi olmayacağıq.
Qeyd edək ki, astroloq bir neçə gün əvvəl özünün şəxsi feysbuk hesabında ötənilki dəyərləndirməsi ilə bağlı paylaşım edərək, 2016-cı il üçün verdiyi 20 ictimai-siyasi proqnozdan yalnız 1-nin özünü doğrultmadığını qeyd edib.
Şəymən