Həyatını elmə, təhsilə, təlim-tərbiyəyə həsr etmiş xanım professorun dünyaya göz açmasından 60 il ötür
Tarixi araşdırmalar da göstərir ki, qadınların yaşadıqları ölkələrin ictimai-siyasi, tarixi və mədəni həyatında danılmaz rolu və nüfuzu olur. Belə yüksək reputasiyalı qadınlar sırasında yalnız hakim sülalənin üzvləri deyil, sadə ailələrin də övladları yer alır.
Azərbaycanın da ziyalı qadınları hər zaman ölkədə baş verən ictimai-siyasi hadisələrə biganə qalmayaraq, cəhalətə qarşı mübarizə aparıb və həyatları bahasına insanların maariflənməsinə, elm, təhsil və biliyə yiyələnməsinə çalışıblar.
Belə ziyalı xanımlarımızdan biri də Hüquq elmləri doktoru, professor, BDU-nun Mülki Hüquq kafedrasının müdiri Dəmirçiyeva Məhəbbət Dəyirman qızıdır. Məlumat üçün bildirək ki, M.Dəmirçiyeva10 noyabr 1957-ci ildə Qazax rayonunun Daşsalahlı kəndində anadan olub. 1964-1974-cü illərdə Daşsalahlı kəndində 1 №-li orta məktəbində oxuyub. 1976-1981-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1981-1987-ci illərdə Türkmənistan SSR Nebet-Daq şəhərində gənc mütəxəssis kimi çalışıb.
Bundan başqa xanım professor 1996-cı ildə Tbilisi Dövlət Universitetində «Ailədə uşaqların tərbiyəsinin hüquqi və sosial problemləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. 2003-cü ildə isə həmin universitetdə «Azərbaycan Respublikasında nigah hüquq münasibətlərinin aktual problemləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və 2003-cü ildə bu doktorluq dissertasiyasına görə aldığı hüquq elmləri doktoru diplomu 27 iyun 2008-ci ildə AR Prezidenti yanında AAK-sı tərəfindən nostrifikasiya olunub.
Hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri vəzifəsində çalışır. Qeyrətli və şərəfli vətəndaş mövqeyi ilə seçilən xanım professor həm də çox gözəl ailə başçısı, ləyaqətli anadır. O, iki oğul anasıdır.
Şəxsiyyətinə böyük sayğı ilə yanaşdığımız professor Məhəbbət Dəmirçiyevanın həyat yoluna nəzər salmağımız heç də təsadüfi deyil. Ömrünü, illərini elmə, təhsilə, təlim-tərbiyəyə həsr etmiş xanım professorun dünyaya göz açmasından 60 il ötür.
Biz də başda qəzetin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı olmaqla "Şərq" qəzeti adından yubilyarı təbrik edirik. Xanım professora insan üçün həyatda ən şirin və ümdə nemət olan möhkəm can sağlığı, uzun ömür, işlərində bol və tükənməz nailiyyətlər arzu edirik.
Var olun !