“Cəza növünün yüngülləşdirilməsi həmin şəxsin də islah olunmasına, səhvini anlamasına gətirib çıxarır”
Sərəncam cəmiyyəti qoruyacaq...
Məhkumlara həyata yenidən başlamaq imkanı veriləcək
“Cəza növünün yüngülləşdirilməsi həmin şəxsin də islah olunmasına, səhvini anlamasına gətirib çıxarır”
“Cəza növünün yüngülləşdirilməsi həmin şəxsin də islah olunmasına, səhvini anlamasına gətirib çıxarır”
Hüquqi dövlət quruculuğunu əsas götürən Azərbaycan dövləti ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində köklü surətdə tədbirlər həyata keçirir. Çünki hər insanın fundamental hüquqlarından biri də onun azadlığıdır. Bu baxımdan məhbusların əfvi, cəzalarının yüngülləşdirilməsi olduqca humanist addımdır.
Bu, həm dövlətin humanizmini, vətəndaşlarına ayırdığı diqqəti, həm də insanların azad yaşamaq hüququnu ortaya qoyan mühüm amildir. Yəni, hansısa insan müəyyən səhvlər üzündən azadlıqdan məhrum edilibsə, cinayətin yolverilməz olduğu prinsipini qorumaqla yanaşı, dövlət həmin vətəndaşlarına azadlığa qovuşmaq və yenidən cinayət törətməmək imkanı yaradır. İndiyə qədər cəzaçəkmə müəssisələrindəki minlərlə insan Prezident İlham Əliyevin humanist siyasətinin bəhrəsini görüb.
Dövlət başçısının penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi barədə məlum sərəncamı da məhz bu siyasətin tərkib hissəsidir. Bu sərəncamın əsas qayəsi cəzaçəkmə müəssisəsindəki insanlara humanist yanaşmanın tətbiqidir. Hazırda dövlət idarəçilik sisteminin müasirləşdirilməsi sahəsində ciddi tədbirlər həyata keçirilir. Bu istiqamətdə reallaşdırılan dövlət siyasəti həm də məhkəmə-hüquq sahəsində əsaslı pozitiv dəyişikliklərin baş verməsi ilə müşahidə olunur. Bu baxımdan, penitensiar xidmətin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zərurətə çevrilib.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü Bəxtiyar Muradov deyib ki, Prezidentin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamı alqışlanmalıdır.
Onun sözlərinə görə, sərəncam bu sahədə problemlərin aradan qaldırılması üçün önəmlidir: "Hər bir halda bu sərəncamın əhəmiyyəti böyük olacaq. İctimai işlər cəzası cəza növlərindən biridir. Amma bu cəza növü təcrübədə demək olar ki, yerinə yetirilmir. Dövlət başçısının sərəncamında vurğulanır ki, ictimai işlər cəzası, məntəqə tipli cəzaçəkmə müəssisələrinin fəaliyyəti təkmilləşdirilməlidir. İctimai işlər cəzasının tətbiqi həm məhkumun islah olunmasında böyük rol oynayır, həm də bu cəza ictimaiyyət üçün maraqlı olur. Ona görə də az cinayət və ictimai təhlükə törətməyən cinayətlər edən şəxslərə cəza verilərkən humanizm prinsiplərinə üstünlük verilməsi, məhkumun vəziyyətinin nəzərə alınması, cəza növünün yüngülləşdirilməsi həmin şəxsin də islah olunmasına, səhvini anlamasına gətirib çıxarır”. B.Muradov bildirib ki, Avropa ölkələrində təqsirləndirilən şəxsin ictimai işlərə cəlb edilməsi geniş formada tətbiq edilir: "Azərbaycanda bu cür şəxslər ictimai işlərə cəlb edilmir. İcra məmurları həmin şəxsləri ictimai işlərə cəlb etməlidir. Mənə elə gəlir ki, pul cəriməsi, şərti cəza və s. cəzalardan ən sərfəlisi ictimai işlərə cəlbedilmədir”. Hüquq müdafiəçisi Novella Cəfəroğlu da açıqlamasında bildirib ki, sərəncam cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsi hesab oluna bilər.
Probasiya sistemi isə daha çox Avropa ölkələrində tətbiq olunan bir sistemdir: "Biz probasiya xidmətini Amerikada, İngiltərədə, Fransada görmüşük. İndiyə qədər bizdə belə bir struktur olmayıb. Yeni yaranan bir sistemdir. Probasiya Xidməti odur ki, orada məhkumluq həyatının sonuna çatmış şəxs və ya cəza müddətinin bitməsinə az müddət qalmış məhkum qeydiyyata yazılır. Lazım gəldikdə onlar buradan həftədə bir dəfə evlərinə də buraxıla bilərlər. Hətta onlara məhkumluqdan sonrakı həyatlarında işlə təmin olunması üçün Probasiya Xidməti fəaliyyətə keçir. Bundan başqa, avtomobillə yüngül dərəcəli qəza törətmiş, xuliqanlıq maddəsi ilə sutkalıq həbs almış şəxsləri cəzaçəkmə müəssisələrinə yox, probasiya xidmətinə göndəriləcək. Həmin şəxslər də burada ictimai işlərə cəlb ediləcəklər. Yəni, cəzalarını küçə süpürməklə, digər ictimai cərimələri yerinə yetirməklə çəkəcəklər”.
Millət vəkili Aydın Mirzəzadə bunu Azərbaycan dövlətçiliyində inqilabi bir sərəncam adlandırıb. Deputat bildirib ki, dövlət başçısının bu addımı insanların problemlərinin həlli istiqamətində görülən tədbirlərdəndir:
"Vaxtaşırı olaraq cənab Prezidentin ölkədə keyfiyyət dəyişikliyinə aparıb çıxaracaq addımlarına şahid oluruq. Ötən ilin əvvəlində Prezident 2016-cı ilin ölkədə islahatlar ili olacağını dedi. Biz bunun şahidi olduq. Həmin islahatlar təkcə ötən illə kifayətlənmədi. Bu ilin əvvəlindən biri-birinin ardınca idarəçiliyin daha da təkmilləşdirilməsi, problemlərin həlli ilə bağlı bir çox tədbirlərin şahidi olduq”.
Millət vəkili vurğulayıb ki, dövlət başçısının sərəncamı məhkumlara həyata yenidən başlamaq imkanı verir:
"Bu, bir tərəfdən insanları buraxdığı səhvə görə, mütləq həbslə bitəcək variantdan xilas edir. Dünya ölkələrində bu məsələlərin ev dustaqlığı, şərti cəza verilməsi, vurduğu zərəri ödədikdən sonra məsuliyyətdən azad olma kimi alternativ variantları var. Bu, həmçinin ağır cinayətlər istisna olmaqla, digərlərinin az müddətli cəza ilə əvəz edilməsinə gətirib çıxaracaq. Ümumilikdə humanistləşdirmə cəmiyyətin xeyrinədir. İnanıram ki, 18 yaşına çatan uşaqlar və qadınlarla bağlı cəzaların yüngülləşdirilməsi variantı seçiləcək”. A.Mirzəzadəyə görə, sərəncam cəmiyyətin qorunmasına gətirib çıxaracaq: "Məsələn, dünyada hər 100 min nəfərə düşən məhbusların sayına görə ən yaxşı vəziyyət Norveçdədir. Bu ölkədə hər 100 min nəfərə cəmi 41 məhbus düşür. Orada hər məsələni məhkəməyə gətirib çıxarmırlar. Yaşayış yeri üzrə icmalar müraciət edərək az ağır cinayətlər barədə onların müzakirə edib qərar çıxarmasını xahiş edirlər və bu da yerinə yetirilir. Ümumən götürəndə, mən bunun Azərbaycanın hüquq sisteminin islahatında növbəti əhəmiyyətli bir addım hesab edirəm. İnanıram ki, gələcəkdə bizim hüquq sistemimiz dünyanın aparıcı ölkələrinin, o cümlədən Azərbaycanın özündə yaxşı təcrübəsinin qanunvericilikdə əks olunması ilə bağlı növbəti addımlar da atılacaq”.
İsmayıl