Rusiya müdafiə naziri Sergey Şoyqu Andrey Kondraşovun "Putin" sənədli filmində ciddi mətləblərə toxunub. O qeyd edib ki, Rusiya Suriyada 210 silah növünü sınaqdan çıxarıb. Bununla yanaşı S. Şoyqu Rusiya Silahlı Qüvvələrinin Suriya geniş təcrübə qazandığını qeyd edib:
"Biz 210 silah növünü suriyalılarla birgə döyüş meydanında sınaqdan çıxardıq. Mən əminəm ki, gələcəkdə bu silahlarla döyüşənlər öz həyatlarını qorumuş olacaqlar".
Rus nazirin açıqlamasını şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Sherg.az"a söyləyib ki, Rusiya bir neçə il əvvəl Suriyada hərbi əməliyyata başladıqda Kremlin bir neçə məqsədinin olduğunu yazıb: "Bunlardan biri Rusiyanın son illərdə modernləşdirdiyi silahların müharibə şəraitində yoxlanılması və yeni silah alıcıları tapmaq idi. Rusiya Suriya ərazisinə Xəzərdən də raketlər tuşlamışdı. Halbuki ehtiyac yox idi, elə havadan bombalamaq kifayət idi. Ancaq Rusiya müasir və uzaqmənzilli raketlərini dünyaya nümayiş etdirmək istəyirdi.
Rusiya rəsmiləri o vaxt bu haqda danışmır, ancaq terrorçularla mübarizədən və Suriyanın ərazi bütövlüyünün təmin olunmasından danışırdılar, sanki ali məqsədləri bu idi. Həqiqəti isə Sergey Şoyqu dedi: "Biz 210 silah növünü suriyalılarla birgə döyüş meydanında sınaqdan çıxardıq. Mən əminəm ki, gələcəkdə bu silahlarla döyüşənlər öz həyatlarını qorumuş olacaqlar”. Bəli, Kreml həm Suriyanı, həm də gələcək qazancını düşünürdü. Bu qədər sadə".
Ayyət Əhməd