"Sərnişindaşımada koordinasiya sisteminin yaradılması məqsədəuyğundur"





"Nəqliyyat sistemlərinin bir-biri ilə əlaqələndirilməsi önəmli məsələdir”.

Bu barədə "Sherg.az”a Bakı şəhərinin nəqliyyat problemləri haqqında danışarkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov söyləyib. 

O diqqətə çatdırıb ki, şəhərdaxili və şəhərətrafı sərnişindaşımalar bir-biri ilə uzlaşmalıdır:

"Şəhərətrafı hərəkət edən avtobuslar şəhərə daxil olduqda istədiyi məntəqəyə daxil olmağa çalışır. Bu isə çətinlik törədir. Şəhər ətrafında xüsusi məntəqələr nəzərdə tutulur, marşrutlar həmin məntəqələrə gəlirlər. Sərnişinlər oradan birbaşa istədikləri yerə metro və ya digər marşrutlar vasitəsilə çatdırılırlar.

Dəmiryolu daşımalarında da şəhərətrafı daşımaların təşkilinə xüsusi diqqət yetirilir. Bu koordinasiya sistemidir. Avtobusların, qatarların və digər nəqliyyat vasitələrinin hərəkət qrafiki bir-birinə uyğun nizamlanmalıdır.

Nəqliyyat sahəsində vahid idarəetmə sisteminin olması başqa çətinliklər törədə bilər. Amma şəhərdaxili və şəhərətrafı sərnişindaşımalarda koordinasiya sisteminin yaradılması məqsədəuyğundur. Bunun üzərində işləmək lazımdır”.

Qeyd edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Bakı şəhərinin nəqliyyat problemlərindən və son bir ildə bu sahədə görülən işlərdən danışıb. Ölkə başçısı vurğulayıb ki, Bakı şəhərinin nəqliyyat problemləri kompleks şəkildə həllini tapmalıdır:
"Burada koordinasiya işləri aparılmalıdır. İndi Bakıda yeni yollar salınır, tunellər tikilir.
Bakının nəqliyyat sahəsində vahid idarəetmə olmalıdır. Bununla şəhər nəqliyyatı daha da rahatlaşacaq.

Aysel Aslan