Səssiz-səmirsiz gələn ölüm...

Dəm qazı kabusu Azərbaycanı yenə dolaşır



Qışa bir aydan çox vaxt qalmasına rəğmən havalar soyuq keçir. Ölkədə əsl qış havası
hökmranlıq edir də deyə bilərik. Havaların qəfil soyuması da dəm qazından zəhərlənənlərin və
ölənlərin sayının artmasına gətirib çıxarıb. Paytaxtın Qaradağ rayonunda dünən üç nəfər dəm
qazından zəhərlənib. Zəhərlənən şəxslərin bir ailənin üzvləri olduğu bildirilir.

Göründüyü kimi, qış ənənəsinə uyğun olaraq dəm qazı Azərbaycanda "ölüm saçır”. Maraqlısı
odur ki, dəm qazından ölənlərin və zəhərlənənlərin sayı ilbəil artır. Amma nədənsə, belə
faciələrin qarşısını almaq istəyən, bu gedişata dur demək istəyən bir qurum yoxdur.
İstehlakçılara qazdan istifadə qaydalarını, zəhərlənmədən necə qorunmaq lazım olduğunu
öyrədən, daha doğrusu, bu məsələdə aidiyyəti qurumlar səsini belə çıxartmır. Sanki ölkədə nə
belə bir dövlət qurumu, nə də ki bu işə məsul olan şəxslər var. Ekspertlər isə dəm qazından
zəhərlənənlərin sayının belə sürətlə artmasına müxtəlif aspektdən yanaşırlar. Bəziləri hesab edir
ki, insanların zəhərlənməsinə səbəb İran sobalarıdır. Bəziləri isə əhaliyə verilən qazın tərkibində
zəhərli maddələrin olmasını iddia edirlər.
"Azəriqaz” Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi, təbii qaz sahəsi üzrə ekspert Nüsrət Qasımov isə dəm qazı probleminin kifayət qədər ciddi və aktual problem olmasına rəğmən
aidiyyəti qurumlar tərəfindən bu məsələyə çox az diqqət ayrıldığını deyib: 

"Əvvəla, onu deyim ki, qazdan boğulma ilə zəhərlənmə tamam fərqli anlayışlardır. Qaz sızması zamanı qığılcım baş vermədən öncə də adam boğulmadan ölə bilər. İnsan bədəninin fəaliyyət göstərməsi üçün 20 faiz oksigen olmalıdır. Qaz sızması nəticəsində metan qazın faizi artır, oksigen isə azalır və oksigen
çatışmazlığı nəticəsində beyin toxumaları ölür və insan boğulmadan ölür. Zəhərlənmə isə qazın
yanması nəticəsində əmələ gəlir. Adətən bizdə boğulma ilə zəhərlənməni eyniləşdirirlər. Halbuki
bədbəxt hadisələrin çoxu qaz sızmasına görə boğulmadan yox, zəhərlənmədən baş verir. Bunun
da səbəbi mənzillərdə ventilyasiya kanalının olmamasıdır. Yaxud da vaxtaşırı təmizlənməməsi
ilə bağlıdır.

Sovet dövründə ayda bir dəfə abonentlərin evlərinə texniki baxış keçirilir, qazdan istifadə ilə
bağlı istehlakçılar təlimatlandırılırdı. Mənzillərə texniki baxış keçirilən zaman bəzən hər hansısa
bir qüsur aşkarlanırsa, müqavilənin şərtlərinə uyğun olaraq akt tərtib olunur, göstərilən qüsurlar
abonentə bildirilirdi. Həmçinin də mənzilin qaz təchizatı dayandırılır. Abonentə yaranmış qüsuru
aradan qaldırması üçün xəbərdarlıq edilirdi. Amma sonradan insanların intellektual səviyyəsinin
qalxdığını nəzərə alaraq texniki baxış müddətini altı aya qədər uzatdılar. Amma çox təəssüflər
olsun ki, bu metod özünü doğrultmadı. İstehlakçılarla təchizatçılar arasındakı əlaqənin məsafəsi
uzun olduğu üçün insanlar məlumatsız qaldılar. Bu məlumatsızlıq isə son nəticədə qaz
sobalarının, tüstü bacalarının nəzarətsiz qalması ilə nəticələndi. Profilaktik tədbirlər zamanı
istər-istəməz qaz cihazları təmizlənirdi. Altı ay kifayət qədər uzun müddət olduğu üçün həm
insanlar arasında maarifləndirmə tədbirləri yetərsiz olur, həm də qaz cihazında hansısa problem
yaranıbsa, təhlükəsizlik qaydalarına əməl olunmursa, növbəti texniki baxış müddətinə qədər iş-
işdən keçmiş olur”. Dəm qazından zəhərlənmə hallarının bu qədər kütləvi xarakter almasında
insanların səhlənkarlığının əsas rol oynadığını vurğulayan ekspert deyib ki, qaz cihazlarının
üzərinə yemək və ya su tökülərsə, bu, sobanı xarab edir: "1 kubmetr qazın tamam yanması üçün
9,5 kubmetr hava lazımdır. Hava az və ya çox olanda karbon 4 əvəzinə, karbon 2 oksid əmələ
gəlir ki, bu da həddindən artıq zəhərli maddədir. Əgər bir mənzilə 0,1 faiz karbon monoksid
yığılarsa, deməli, ölüm üçün zəmin hazırdı. Karbon monoksid yığılan otaqda 7-30 saniyə nəfəs
alan insan zəhərlənib ölür. Ona görə də, təbii qazdan istifadə ilə bağlı əhali arasında aparılan
maarifləndirmə tədbirləri gücləndirilməli və texniki baxış müddəti yenidən bir aya
endirilməlidir”.
Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə müvafiq
qərarından sonra mənzillərə texniki baxışın "Azəriqaz” tərəfindən deyil,
Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirildiyini vurğulayan ekspertin sözlərinə görə, 7 aydır
ki, mənzillərin qapısını döyüb, qaz cihazlarının düz və əyri işləməsi ilə maraqlanan yoxdur.
Nəzarətsiz qalan abonentlər də fürsətdən istifadə edərək təhlükəsizlik qaydalarını pozaraq
qazdan oğurluq edirlər: 

"Azəriqaz”ın əməkdaşları abonentlərin evlərinin ən əziz qonağı
olmalıdır. İnsanlar özləri işçilər təchizatçıları çağırmalıdırlar, amma bizdə qapıya gələn işçini
yoxlama üçün evə buraxmırlar”.
Səssiz-səmirsiz gələn ölüm - dəm qazı kabusundan qorunmaq yollarına gəldikdə isə N.Qasımov
hesab edir ki, təhlükəsizlik qaydaları barədə məlumatsız olan insanlara qaz sızması əleyhinə
detektorlardan istifadə etməyi məsləhət görüb. Onun sözlərinə görə, bədbəxt hadisələrdən
sığortalanmaq üçün üçün qiyməti 30 manat civarında olan bu ağıllı cihazlardan mütləq şəkildə
hər bir evdə quraşdırılmalıdır: "Axı insanlar niyə bu pulu öz canlarından üstün tuturlar?
Evin qaz təsərrüfatında baş verə biləcək ağır hadisələrin qarşısının alınmasında detektorlar
müstəsna rola malikdir. Bu cihazlar qaz sızması zamanı evin mavi yanacaqla təchizatını
avtomatik şəkildə dayandıra bilir. Yəni detektor problem olanda qazın yolunu bağlayır və
yanmamış karbohidrogen olanda reaksiya verərək siqnal çalır. Bu isə dəm qazı sızmalarının, həm
də partlayışların baş verməməsinə səbəb olur. Beləliklə də insanlar nə ölüm təhlükəsi ilə
üzləşirlər, nə də mallarına, mülklərinə ziyan dəyir”. Ekspertin fikrincə, detektorların əhalinin
kasıb təbəqəsinə pulsuz paylanılması mümkün olsa daha yaxşı olardı".
 
Şəymən