“Sevda meyxana janrında oxumaq istəmir”

Pərviz Əsgərov: “Onun yaradıcılığı göz önündədir. O, qazandığını konsertlərinə, layihələrinə xərcləyib”




Son illər estrada səhnəsində durğunluq yaşanır. Təxminən 10 il əvvəl səhndə rəqabət, sənətçilər arasında öndə olmaq iddiası hiss olunurdu. Əslində estrada səhnəsində kifayət qədər məşhur, illərin sənətçiləri arasında bu gün də o rəqabət, birincilik iddiası davam edir. Ancaq sənətə yeni gələnlərdə iddia, seçilmək, fərqlənmək kimi böyük iddialar yoxdu. Nə qədər tanınmış olsan belə, iddian yoxdusa, səhnə səni sönük göstərəcək. Son illər isə müğənnilər sanki ancaq bir-iki mahnı ifa edib toylara getməklə kifayətlənirlər. Bu günün estrada səhnəsi barədə tanınmış prodüser Pərviz Əsgərov danışdı.

- Uzun müddətdi Sevda ilə çalışırsız. Deyirlər "kapriz”li sənətçidir...

- Hər bir xanımın, üstəlik o xanım tanınmışdısa, "kapriz”lərinin olması normaldı. Sevdanın da təbii ki, "kapriz”ləri olur. Amma onu tanıyan insan üçün Sevda ilə işləmək çətin deyil. Çünki təmiz ürəyə sahibdi. İş birliyində söz-söhbət ola bilir. Əsas odur ki, aramızda qarşılıqlı hörmət var.

- Əvvəllər Sevda tez-tez konsert verirdi. İndi niyə konsert verə bilmirsiz? Vəsaitiniz buna imkan vermir, ya artıq ehtiyac hiss etmirsiz?

- Sevda yaşına görə ən çox konsert verən gənc xanım sənətçilərdən sayılır. Onun əldə etdiyi uğurları onunla eyni vaxtda səhnəyə gələnlərin bir çoxu bacarmayıb. Heydər Əliyev adına sarayda o yaşda konsert vermək hər gənc sənətçinin gücü deyildi. Teymur Göyçəyev kimi böyük bir sənətkarla, Simfonik Orkestrin müşayiəti ilə konsert vermək də hər müğənninin cəsarəti deyildi. Qaldı son bir ildə konsert verməməyimizə, bunun da bəlli səbəbləri var. Sarayda konsert vermək çox böyük vəsait və məsuliyyət tələb edir. Sevda sarayda olan konsertinə, Teymur Göyçəyevlə, Simfonik Orkestrlə olan konsertinə aylarla zaman sərf edib. Hər konsertin ərsəyə gəlməsi təxminən 6-7 aya başa gəlib. 6 ay məşq etmək adi görünməsin. Hələ konsertlərin maddi tərəflərini demirəm.

- Sevda sarayda təqdim etdiyi bir konsert üçün təxminən nə qədər vəsait xərcləyib?

- Mən konkret məbləğ demək istəmirəm. Ancaq bahalı konsertlər olub. Təxminən 10 minləri keçib. Yüz min olmasa da, on minlərlə civarda vəsait xərclənib. Səhnə dekorasiyası, avadanlıqlar, texniki tərəfləri, səhnə geyimləri və digər məqamları nəzərə alsaq, belə konsertlər asanlıqla ərsəyə gəlmir. Sevdanın yaradıcılığı göz önündədir. O, qazandığını konsertlərinə, layihələrinə xərcləyib.

- Demək istəyirsiz ki, indikilər bunu bacarmır?

- İndiki gənclərdə iddia yoxdu. Onlar səhnədə əziyyət çəkmək istəmirlər. Bir az populyar olub toylara getməklə kifayətlənirlər.

- Sevda toylara getmir ki?

- Təbii ki, Sevda da toylara dəvət alır, iştirak edir. Amma onun yaradıcılığı ancaq toy bazarı ilə kifayətlənmir. Sevdanın repertuarına diqqət yetirin. O, mövsüm mahnılarına müraciət etmir. Təbii ki, yay aylarında Sevda yay ab-havasına uyğun mahnılar oxuyur, əgər payız mövsümüdürsə, daha lirik musiqiləri seçir. Mövsümü deyəndə bunları nəzərdə tutmuram. Yəni 5 günlük ömrü olan mahnıları Sevdanın repertuarında görə bilməzsiz.

- Son vaxtlar bir çox müğənnilər meyxana üslublu mahnılara üstünlük verir. Bu mahnıları nəzərdə tutursuz?

- Hər bir müğənninin öz üslubu, ifa etdiyi musiqi janrı olur. Bəli, bu gün bir çox müğənnilər var ki, populyar olmaqlarına baxmayaraq meyxana mahnılar ifa etməyə başlayıblar. Mən kimsəni qınamıram. Təbii ki, hərənin öz üslubu, seçimi var. Ancaq Sevdadan söhbət gedirsə, Sevda meyxana musiqilərinə maraq göstərmir.

- İndi meyxana ifaçıları ilə duet də dəbdədir. Sevdaya belə təklif gəlirmi?

- Sevda bir neçə sənətçi ilə duetlər ifa edib. Rep ifaçısı Ramin Nabranlı ilə dueti olub. Qala Ceyhunla "Bal kimi” lirik parçanı duet olaraq ifa ediblər. Amma meyxanaçılarla olmayıb. Təkliflər olub, amma Sevda o janrda oxumaq istəməyib. Bu o demək deyil ki, biz meyxana üslubu ifa edənləri bəyənmirik. Yenə qeyd edirəm ki, hərənin öz üslubu var. Sevda bu janrda özünü görə bilmir.

- Müğənnilər tənbəl olub, ya mahnı yazan bəstəkarlar azalıb?

- Bu gün Azərbaycan estrada səhnəsinin bu qədər sönük olmasının əsas səbəblərindən biri də bəstəkar mahnılarının az olmasıdır. Əvvəllər bəstəkarların mahnılarına müraciət üstünlük təşkil edirdi. Hər müğənni çalışırdı ki, üzdə olan bəstəkarlarla işbirliyi qursun. İndi mahnı yazan bəstəkarlar yoxdu. Bəlkə də var. Amma səhnədə onların fəaliyyətini görə bilmirik. 10-15 il əvvəl səhnəyə gələn müğənni 5-10 minə mahnı da alırdı, klip də çəkdirirdi, "rasskrutka”sını da aparırdı. İndi bu məbləğə mahnı ərsəyə gətirmək olmur. Bəstəkarlar mahnılarını çox baha qiymətə satırlar, müğənninin də əvvəlki qədər gəliri yoxdur ki, o xərcləri ödəsin. Tutaq ki, müğənni əvvəl ayda 25-26 toya gedirdi. İndi ay ərzində bir müğənni ən çox 13-14 toya gedə bilər. Hətta bunu da hər müğənni edə bilmir. Gəlirlər azalıb, toy bazarı əvvəlki qədər güclü deyil. Gəlir az, amma mahnıların "rasskrutka”sı qat-qat bahadı. Ona görə də müğənni il ərzində ən yaxşı halda 2 keyfiyyətli mahnı almaq imkanında olur. Belə olanda da keyfiyyətlə yanaşı kəmiyyətə də təsir edir. İl ərzində müğənnilər əvvəl bir neçə layihə ərsəyə gətirirdi. İndi bunu ildə bir dəfə edə bilir. Əvvəlki şou-biznesdə rəqabət var idi. İndi o rəqabət yoxdu. Var. Ancaq bu rəqabət sənətlə bağlı deyil. Çox istərdik ki, səhnədə mahnı rəqabəti olsun, mahnı üstündə qalmaqal yaşansın, layihə üçün iddia ortaya qoyulsun. Bax bu gün səhnədə, estrada səhnəsində iddia görünmür. Əgər səhnədə iddia yoxdusa , rəqabət də hiss olunmaz. Rəqabət yoxdusa, o səhnə sönük görünər. Çünki estrada səhnəsində hər müğəninin öz rəngi hiss olunur. Çox olduqca səhnə rəngarəngliyini çoxaldır. Bizdə o ahəng sönükdü. Bir-iki müğənninin varlığı səhnə üçün yetərli sayılmır.

Tahirə Məmmədqızı