Məsələni çözməyə çalışdıq. Sualı cavablandıran tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli "Şərq”ə açıqlamasında varislik məsələsinin məqsədli şəkildə ortaya atıldığını dedi:
Şeyxülislamın varisi məsələsi məqsədli ortaya atılıb
“Bəzi insanlar var ki, şeyxdən sonra bu vəzifəni kimin tutacağından narahatdırlar”“Çünki indiyədək sahib olduqları mövqelərini, hətta deyərdim ki, qazanclarını itirmək istəmirlər. Belə adamlar Şeyxülislamın ətrafında olmaqdan yararlananlardır”
Məsələni çözməyə çalışdıq. Sualı cavablandıran tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli "Şərq”ə açıqlamasında varislik məsələsinin məqsədli şəkildə ortaya atıldığını dedi:
Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə, şeyxülislamlığını yetərli şəkildə yürütdüyü bir vaxtda varislik məsələsi ortaya atılıb. Şeyxin qudası Hacı Qalib Salahzadə KİV-ə açıqlamasında Şeyxülislamın varisini "elan edib”. Modern.az-a açıqlamasında quda deyib ki, şeyx Allahın yetirməsidir, onun varisi də məlumdur: "Şeyxülislam Hacı Allahşükür Paşazadənin bir varisini tanıyıram. O da oğlu Məhəmməd Paşazadədir. Ümumiyyətlə, varis bir nəfər olur. O da atanın övladları. Həm də bu cür məsələlər Allahın qisməti ilə bağlıdır. Gərək Allah qismət etsin ki, övlad gəlib ölkənin Şeyxülislamı olsun”.
Şeyxin qudası varislik məsələsindən danışarkən şeyxin heç də qocalmadığını diqqətə çatdırıb.
"Amma Hacı Allahşükür Paşazadə cavandır. Belə baxıram, inşallah, 20-30 il də Qafqazın şeyxi olacaq. Siz şeyxi artıq qocaltmısız. Şeyx qoca deyil. Həmçinin, Şeyxin övladları, nəvələri bir yolla gedir. Onlar da dindar insanlardır”.
Qalib Salahzadənin sözlərinə görə, Allahşükür Paşazadə imperiya özbaşınalığına qarşı çıxan adamdır.
"Digər bir məqamı da qeyd edim. Şeyx Allahın yetirməsidir. Yadınızdan çıxartmayın. 1990-cı illərdə ölkədə baş verən qarışıqlığa kim etirazını bildirə bilərdi?! İmperiyanın (SSRİ) özbaşınalıqlarına qarşı kim səsini çıxara bilərdi?! Bir adam tanıyıram. Birinci yerdə böyük lider Heydər Əliyev dayanır. İkinci yerdə isə Allahşükür Paşazadəni görürəm”.
Allahşükür Paşazadə 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində (QMİ) çalışır. O, əvvəlcə idarənin məsul katibi, sonra "Təzəpir” məscidinin axundu, QMİ-nin sədr müavini vəzifələrində çalışıb.
1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilib və şeyxülislam rütbəsi alıb. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir.
A.Paşazadə 1990-1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Qafqaz müsəlmanlarının 2003-cü ildə keçirilmiş XI qurultayında A.Paşazadə ömürlük şeyxülislam seçilib.
O, həmçinin Qafqaz Xalqları Ali Dini Şurasının sədri, MDB Dinlərarası Şurasının həmsədridir.
1992-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi alan A.Paşazadə Bakı Dövlət Universitetinin professorudur. Müxtəlif orden və medallarla təltif edilib.
Allahşükür Paşazadənin 5 qızı, 1 oğlu, nəvələri var.
Bəs, ümumiyyətlə, şeyxülislamlıqda varislik məsələsi necədir? Şeyxin oğlunun atasından sonra şeyxülislam olması mümkündürmü? Onu da qeyd edək ki, varislik məsələsinin gündəmə gətirilməsindən şeyxin özünün də məlumatlı olması və cəmiyyətə bu "ideyanın” bilərəkdən ötürüldüyünə dair mülahizələr də mövcuddur.
Məsələni çözməyə çalışdıq. Sualı cavablandıran tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli "Şərq”ə açıqlamasında varislik məsələsinin məqsədli şəkildə ortaya atıldığını dedi:- Mən burada Şeyxin iradəsini birmənalı təkzib edirəm. Varislik məsələsini ortaya atan kimdirsə, hazırkı mövqelərindən əl çəkmək istəməyənlərdir. Bəzi insanlar var ki, şeyxdən sonra bu vəzifəni kimin tutacağından narahatdırlar. Çünki indiyədək sahib olduqları mövqelərini, hətta deyərdim ki, qazanclarını itirmək istəmirlər. Belə adamlar Şeyxülislamın ətrafında olmaqdan yararlananlardır. Məlumdur ki, Azərbaycanda din güclü amildir. Bəzi insanlar da din amilinə söykənərək mövqelərini gücləndiriblər, bundan sonra da mövqelərini qoruyub saxlamaq istəyirlər. Və belə olan halda, özlərinə yaxın bir insanın şeyxülislamlıq titulunu daşımasını canı-könüldən arzulayırlar. Mən əminəm ki, Şeyxülislam varislik məsələsinin gündəmə gətirilməsindən tamamilə uzaqdır. Çünki mən nə şeyxin bu məsələyə dəstəyini gördüm, nə də münasibətini. Əsası, kökü olmayan məsələdir, ona görə.
D.Əzimli bildirdi ki, şeyxülislam təyin edilmir, seçilir. Şeyxülislamlıq seçkili institut olduğundan burada varislikdən danışmaq mənasızdır:
- Şeyxülislamlıq seçki ilədir. Bu vəzifəyə adətən, ictimaiyyətdə tanınan, sözü keçərli, nüfuzlu bir şəxsin namizədliyi irəli sürülür. Şeyxülislam elə bir şəxs olmalıdır ki, cəmiyyətdə bütün təbəqələr, bütün məzhəblər arasında birlik, həmrəylik yarada bilsin. Şeyxülislam elə bir adam olmalıdır ki, bütün dini təriqətlərin, məzhəblərin maraqlarını nəzərə alsın. Azərbaycan tolerant bir ölkədir. Azərbaycanın tolerantlığı artıq bir model kimi qəbul olunub. Dünyada yeganə məscid Heydər məscididir ki, orada bütün təriqətlərin nümayəndələri vəhdət namazı qılır. Siz bu mənzərəni hansısa başqa müsəlman ölkəsində müşahidə edə bilməzsiniz. Bu, vəhdətin Azərbaycan nümunəsidir.
Şeyxülislamlığın tarixinə gəlincə, D.Əzimli bu institutun Çar Rusiyası dövründə yarandığını dedi:
- Azərbaycan tarixində şeyxülislamlıqda varislik təcrübəsi ümumiyyətlə olmayıb. Orta əsrlərdə Səfəvilər dövlətində mürşidi-kamillik vəzifəsi vardı. Dediyimiz kimi, bu vəzifəni daşıyan dini kamil bilən, cəmiyyətdə nüfuzlu, ictimai həyatda fəal bir insan və ən əsası, cəmiyyətdəki bütün təbəqələri, bütün məzhəbləri bir araya gətirə bilən insan olmalıydı. Şeyxülislamlıq institutu isə Çar Rusiyası dövründə yaradıldı. Baxmayaraq ki, bu institut rus imperiyasının yerlərdə siyasətini dəstəkləmək üçün yaradılmışdı, din xadimləri çarizmə qarşı ən kəskin çıxışlar edir, sərt mövqe bildirirdilər. Sonralar artıq şeyxülislamlığı fərqli statusa gətirib çıxardılar. Deyərdim ki, bu, artıq köhnəlmiş bir institutdur. Şeyxülislamlıqda varislik məsələsi də Azərbaycan üçün keçərsiz bir sistemdir. 19-cu əsrdə, 20-ci əsrin əvvəllərində də şeyxülislamlar olub. Amma onların heç biri öz övladını varis təyin etməyi ağlına da gətirməyib. Onların da övladları elmli, savadlı idilər, ruhani təhsili görmüşdülər, həmin dindar ailədə böyümüşdülər.
D.Əzimlinin fikrincə, varislik məsələsi, əksinə, Azərbaycandakı mövcud tolerantlıq mühitinə zərbə vura bilər:
- Hesab edirəm ki, burada xarici dövlətlərin, məsələn, qonşu İranın maraqlarından çıxış etmək özünü göstərir. Bu məsələ ölkədə ayrı-ayrı məzhəblər, dini kəsimlər arasında münasibətləri poza, kəskinləşdirə bilər. Məncə, bu yersiz bir məsələdir, ortaya atılıb. Və yalnız bir qrup insanın şəxsi çıxarlarına xidmət edir. Bu, məhz həmin insanların qazancları ilə bağlıdır. Onlar qazandıqlarını itirmək istəmirlər.
Məlahət Rzayeva