2016-cı ildə "sida"(insan immunitetində zəiflik) xəstəliyi nəticəsində dünyada milyon nəfər dünyasını dəyişib və bu, 2005- ci illə müqayisədə həmin xəstəlikdən vəfat edənlərin yarısı deməkdir.
Ümumiyyətlə, dünyada immun çatışmazlığı xəstəliklərindən dünyasını dəyişənlərin bu qədər çox olması problemli məsələ kimi gündəmə gətirilir.
Sherg.az-a immunitet zəifliyi simptomlarından danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, həkim Sərdar Cəlaloğlu bu xəstəlikdən qorunma yollarını da izah edib:
"Orqanizmi mənfi təsirlərdən qoruma mexanizminə immun sistemi deyirik. Bu sistem bir neçə formada idarə olunur. İki cür immun çatışmazlığı mövcud olur, anadangəlmə və sonradan qazanılan. Anadangəlmə immun çatışmazlığına uşaqlarda rast gəlinir və hansısa təsirdən orqanizm yad təsirlərə qarşı qoruyucu mexanizmləri işə sala bilmir. Belə uşaqlar çətinliklə həyatda qalır.
Qazanılan immun çatışmazlığı səbəbindən bir çox xəstəliklər yaranır. Bu xüsusi ilə cinsi əlaqələr zamanı insanlara yayılır. Qazanılan immun çatışmazlığı həm də bəzi qaraciyər virusları – hepatit B və başqalarının fəaliyyətindən yaranır. Eynicinsli əlaqələrin artması qazanılmış immun çatışmazlığının daha çox bu əlaqələrdən yayılması haqqında versiyanın yaranmasına səbəb oldu. Lakin sübut olunub ki, bu xəstəlik müxtəlif cinsli insanlar arasında da yayıla bilər. Bu epidemiya xarakteri alıb və təəssüf ki, hələlik müalicəsi tapılmayıb.
İmmun çatışmazlığı çox xəstəlikləri müşahidə edən haldır. Adi qrip virusunda da görürük ki, dodaqda uçuklama baş verir. Elə bu əlamət birbaşa immun sisteminin zəifləməsinin ilk əlamətidir. Sağlam şəxslərdə bu tezliklə bərpa olunur, virus mənşəli immun çatışmazlığı olan şəxslərdə isə ağır keçir.
Xəstəliyin geniş yayılması o demək deyil ki, çoxalıb. Sadəcə əvvəllər bu xəstəliklərin çoxu bilinmirdi. İnsanların ölüm səbəbi başqa amillərlə bağlanırdı. Son vaxtlar isə dəqiq diaqnoz qoyulduğuna görə bu kateqoriyada ölənlərin aşkarlanması da artır. Ümumdünya Səhiyyə Təşkilatı açıqlama vermişdi ki, guya Afrikada xəstələnənlərin sayı Avropadakından azdır. Halbuki Afrikada orta ömür müddəti 25 yaşdır. Sonradan aydınlıq gətirildi ki, Afrikada insanlar müayinə olunmadığına görə belə vəziyyət ortaya çıxıb. Müayinə az olduğundan xəstəlikləri də aşkarlamaq çətinlik yaradır. Ona görə, immun çatışmazlığı qədimdən mövcud olan xəstəlikdir. Lakin həkimlər bunu dəqiq yoxlaya bilmədiyindən başqa xəstəlik adı altında qeydiyyata alıblar”.
Bundan əlavə həkim bildirib ki, hazırda insanların qidalanmasında, həyat şəraitində ağır, ciddi problemlər meydana çıxdığına görə, xəstəliklər də artır:
"Yediyimiz qidalardan tutmuş, geyindiyimiz paltarlara qədər hər şey bizə ziyan verir. Bunun nəticəsində xəstəliklərin riski artır. Bunun sosial və təbii səbəbləri var. Havanın tərkibin pozulması, torpağın dəyişməsi, suyun, ətraf mühitin çirklənməsi, qlobal istiləşmə, cəmiyyətdə və dünyada baş verən dəyişikliklər hələ müşahidə olunmayan xəstəlikləri meydana çıxarır və əvvəllər az rast gəlinən xəstəlikləri daha çox ölüm verməsinə səbəb olur. O cümlədən immun sisteminin zəifləməsinə bugünkü geni dəyişdirilmiş məhsullar daha çox təsir edir. İnsanlar adi qidaları, geni dəyişdirilmiş məhsulları özləri də bilmədən alıb, yeyir. Yeyilən qidalar həm vitaminlə təmin etmir, həm də orqanizmdə əvvəlki illərə nisbətən daha dözümsüzlük meydana çıxarır”.
Aysel Aslan