Şikayətlər yağış kimi yağır

Qanunsuz fəaliyyət göstərən toyuq əti sexlərinin sahiblərini ciddi cəzalandırmaq lazımdır



Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında fəaliyyət göstərən quş kəsim sexinə baxış keçirilib. AQTA-dan verilən məlumata görə, baxış zamanı Babayev Ceyhun Rafiq oğluna məxsus gecə saatlarında fəaliyyət göstərən sexin baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib. Qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra anti-sanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su ilə doldurulmuş natəmiz vannalarda saatlarla saxlanıldığı aşkarlanıb. Həmçinin baxış zamanı sexdə kəsilən toyuqların qanı və iç orqanlarının anti-sanitar şəraitdə sexin döşəməsinə yığılaraq oradan kanalizasiya xəttinə axıdıldığı məlum olub. Faktla bağlı ekspertizanın aparılması üçün müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub. Emal sahəsində araşdırmalar davam edir. Araşdırmaların nəticələrinə dair ictimaiyyətə ətraflı məlumat veriləcəyi bildirilib.

Keyfiyyət sertifikatı olmadan, qanunsuz, antisanitar şəraitdə hazırlanan, insanların sağlamlığı üçün ciddi təhlükə törədən qida məhsullarının satışı ilə bağlı problemlər illərdir ki, mövcuddur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında bildirib ki, bu cür problemlərin kökünü qanunlarda axtarmaq lazımdır. Çünki cəmiyyəti insanlar yox, qanunlar idarə edir: "Azərbaycanda bəzilərinin strateji məqsədi istehlakçı hüquqlarını qorumaq yox, biznesi inkişaf etdirməkdir.

Sədr həmçinin qeyd edib ki, bunun qarşısını almaq o qədər də asan deyil. Çünki istehlakçı hüquqlarını qoruyan qanunlar kompleksi mükəmməl deyil, bunu yerinə yetirən dövlət orqanlarının fəaliyyəti yararsızdır: 

"Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti İqtisadiyyat Nazirliyində, 9 mərtəbəli binada 144 ştatla otururlar. Şikayətlər yağış kimi yağır. Amma dövlət orqanlarının əl-qolu qanunların zəifliyi səbəbindən bağlıdır. Məhsulların cavabına gəldikdə deyirlər ki, get məhkəməyə müraciət elə. Sanki bunlar sadəcə insanları məhkəməyə göndərməklə məşğuldurlar. Düşünürəm ki, bu kimi məsələlər Daxili İşlər Nazirliyinə həvalə olunsa, yaxşı olar”.

Sevda Ulutau