"Silahlı Qüvvələr bütün güc strukturlarını özündə cəmləşdirir" - Polkovnik





"Azərbaycan Silahlı Qüvvələrinə əlavə vəzifələr verilməsini "Ordunun səlahiyyətləri artırılır” kimi təqdim etmək doğru olmaz”.

Bunu "Sherg.az”a Silahlı Qüvvələrə beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq vəzifəsinin verilməsindən danışarkən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Onun sözlərinə görə, əvvəllər Silahlı Qüvvələr deyəndə ancaq ordu nəzərdə tutulurdu:

"Bu gün isə Silahlı Qüvvələr bütün güc strukturlarını özündə cəmləşdirir. Yəni öz xidmət və vəzifələrini silahla icra edən bütün şəxslər- müdafiə, mühafizə, ədliyyə sisteminin, təhlükəsizlik xidmətinin əməkdaşları ayrı- ayrılıqda hər biri Silahlı Qüvvələrin nümayəndəsi hesab olunur. Hər bir quruma da iş prinsiplərinə uyğun tapşırıqlar verilir”.

Polkovnik diqqətə çatdırıb ki, müvafiq qurumlar beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizədə çətinlik çəkirlərsə, buna ordunun müdaxiləsi məqsədəuyğundur:

"90-cı illərin əvvəllərində dövlətin konstitusion quruluşuna təhlükə yarandığı üçün OMON-çular da mübarizə əməliyyatlarına cəlb olunmuşdu. Bu nöqteyi-nəzərdən günün birində Qarabağda aniterror əməliyyatları aparılacağı zaman ordunun iştirakı mütləqdir. O cümlədən də digər Silahlı Qüvvələr öz vəzifələrinə uyğun şəkildə döyüşlərə cəlb olunacaqlar. Silahlı Qüvvələrin öz fəaliyyətində informasiya təhlükəsizliyini təmin etmək vəzifəsinə malik olacaq. Uzun müddətdir analitiklərlə yanaşı hərbiçilərin də bu mübarizədə iştirakının mövcuddur. İşğalçı qüvvələrin hərbi - psixoloji durumu ilə müqayisəli şəkildə milli ordumuzun imkanlarının açıqlanması, əhalinin maarifləndirilməsi də bir növ informasiya təhlükəsizliyinin tərkib hissəsidir”.

Qeyd edək ki, yenidən hazırlanmış "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 4-cu (Silahlı Qüvvələrin əsas vəzifələri) maddəsinin 10-cu bəndində bildirilir ki, Silahlı Qüvvələr öz fəaliyyətində informasiya təhlükəsizliyini təmin etmək vəzifəsinə malik olacaq.

Aysel Aslan