Siniflərin ləğv edilməsi düzgün deyil

Şagirdlərin sayından asılı olmayaraq azkomplektli siniflər saxlanılmalıdır



Azərbaycanda 4500 məktəb var və onlardan 1500-də şagirdlərin sayı 100-dən azdır. Bu barədə Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev açıqlama verib.
E.Əmrullayev qeyd edib ki, ötən illə müqayisədə təmayülləşmə üzrə məktəb sayı 6 dəfə, sinif və şagird sayı isə 4 dəfə artıb: "Azərbaycanda pilot olaraq 27 min şagird təmayülləşməyə cəlb olunub. Bunun nəticələrini yaxın illərdə görəcəyik”.

Orta məktəblərdəki şagird azlığı ilə bağlı "Şərq”ə danışan təhsil üzrə mütəxəssis Nadir İsrafilov ölkəmizdə azkomplektli siniflər və məktəblərin olduğunu bildirib. Ekspertin sözlərinə görə, şagirdlər azdır deyə hansısa siniflərin ləğv edilməsi düzgün deyil: 

"Bu məsələ dəfələrlə gündəmə gəlib. Əvvəlcə məktəblərin rasionallaşdırılması ilə bağlı söhbətlər getdi. Yəni ki, az şagirdi olan məktəblərin böyük məktəblərə birləşdirilməsi, sonra isə şagirdlərin avtobuslarla daşınması müzakirə olunurdu. Lakin rasionallaşdırma ideyası baş tutmadı, çünki bəzi problemlər əmələ gəldi. Azkomplektli məktəblər və siniflər əsasən kənd yerlərindədir. Hansısa rayonun bir neçə kəndindəki az şagirdli məktəbi birləşdirmək həmin kənddə urbanizasiya prosesinə səbəb ola bilər. Çünki kəndin mövcudluğu üçün gərək onun məktəbi, xəstəxanası, mədəniyyət klubu olsun. Əgər həmin məktəbləri kənddən köçürsək, yəni rasionallaşdırma eləsək, o kənd məhv olub gedəcək və bir kənd kimi tarixdən silinəcək”.

N.İsrafilovun sözlərinə görə, "Təhsil haqqında” qanunda birmənalı şəkildə yazılıb ki, şagirdlərin sayından asılı olmayaraq azkomplektli siniflər saxlanılmalıdır:

 "Sovet dövründə Nəsimi rayonu təhsil şöbəsinin müdiri işləyirdim, orda elə vəziyyət yaranırdı ki, bəzi rus bölməsində 5 şagird olurdu, lakin biz o sinfi bağlaya bilmirdik. Çünki qanunda və normativ hüquqi sənədlərdə müəllim, valideyn və şagirdlər təhsil prosesinin bərabərhüquqlu subyektləridir. Məsələn, valideyn tələb edirdi ki, mənim övladım bu sinifdə oxuyur və axıra qədər də həmin sinifdə oxumalıdır. Hazırkı qanunvericilikdə də yazılıb ki, valideynin məktəbi, müəllimi seçmək hüququ var.

Hazırda regionların inkişafı ilə əlaqədar prezidentin müəyyən sərəncamları var. Regionların sosial vəziyyətini yaxşılaşdırmaq, obyektlərin, mədəniyyət abidələrinin tikintisini gücləndirməklə gənc müəllimlərin kənd yerlərinə axınını artırmaq olar. Şübhəsiz ki, bu istiqamətdə müəyyən işlər görülür, hazırda nə qədər modul tipli məktəblər tikilir”.

Ekspert həmçinin bildirib ki, orta məktəblərdə təmayülləşmə prosesinin heç bir nəticəsi olmayacaq: 

"Təmayülləşməni yerinə yetirməkdə tələsdik. 2020-ci ildə 12 illik təhsili hədəfləmişdik. 10 illik təhsil ümumi orta təhsil, 11-12-ci sinif isə tam orta təhsil olardı və burda sırf təmayüllər üzrə yerlər gedərdi. Düşünürəm ki, rasionallaşdırma planı özünü doğrultmadı, ona görə də çalışmalıyıq ki, azkomplektli məktəbləri saxlayaq və onları inkişaf elətdirək. 

Çünki şagirdi az olan hansısa kənd məktəbinin bağlanması həmin kəndin məhvinə, urbanizasiyasına gətirib çıxarır. Onsuz da şəhərlərimiz yüklüdür, gərək əhalini regionlara paylaşdıraq və regionlarda müvafiq şərait yaradaq”.

Yeganə Bayramova