Qarabağda məskunlaşmanın əsas şərti ev yox, işdir - Akif Nəsirli

  • “İnsanlar başqa şəhərlərə getməməlidir”

İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri ilə yanaşı, bölgədə dayanıqlı iqtisadi və sosial həyatın formalaşdırılması istiqamətində də mühüm addımlar atılır. Yeni müəssisələrin fəaliyyətə başlaması və iş yerlərinin yaradılması Böyük Qayıdışın əsas istiqamətlərindən biri kimi əhalinin məşğulluğunun təmin edilməsinə imkan yaradır. Bu baxımdan Qarabağda əmək bazarının formalaşdırılması və yerli əhalinin iş imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Növbəti əmək yarmarkasının Xankəndidə keçirilməsi də bu prosesin davamı kimi qiymətləndirilə bilər. Sentyabrın 11-də təşkil olunacaq yarmarkada dövlət və özəl sektoru təmsil edən 25 müəssisə tərəfindən 200-ə yaxın vakansiya təqdim ediləcək. Vakansiyalar Xankəndi şəhəri, Şuşa, Ağdam, Ağdərə və Xocalı rayonlarını əhatə edir.

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Sherg.az-a bildirib ki, Qarabağda əmək yarmarkalarının keçirilməsi işğaldan azad edilmiş ərazilərdə iqtisadi həyatın bərpası və əhalinin dayanıqlı məskunlaşması baxımından mühüm addımdır. Onun sözlərinə görə, insanların doğma yaşayış məntəqələrinə qayıtması yalnız evlərin və infrastrukturun tikilməsi ilə təmin olunmur:

“Əhalinin orada yaşaması üçün sabit gəlir mənbəyi, iş yeri və peşəsinə uyğun məşğulluq imkanları da olmalıdır. Bu baxımdan Xankəndidə 25 müəssisənin iştirakı ilə 200-ə yaxın vakansiyanın təqdim edilməsi müsbət göstəricidir. Vakansiyaların mühəndis, həkim, tibb bacısı, müəllimlik və xidmət sahələri ilə yanaşı, elektrik, qaynaqçı, aşpaz, sürücü, traktorçu-mexanizator, anbardar və digər peşələri əhatə etməsi Qarabağda iqtisadi fəaliyyətin müxtəlif istiqamətlər üzrə genişləndiyini göstərir. Xüsusilə Ağdam, Şuşa, Xankəndi, Ağdərə və Xocalının əmək bazarının eyni tədbir çərçivəsində əhatə olunması işçi qüvvəsinin region daxilində daha çevik bölüşdürülməsinə imkan yarada bilər.

Lakin 200-ə yaxın vakansiyanı Qarabağda dayanıqlı məşğulluq üçün kifayət hesab etmək olmaz. Bu cür yarmarkalar daha çox mövcud iş yerləri ilə işaxtaranları birləşdirən mexanizmdir. Əsas məsələ isə həmin vakansiyaların sayının davamlı şəkildə artırılması və yeni iqtisadi fəaliyyət sahələrinin yaradılmasıdır. Əhalinin uzunmüddətli məskunlaşması üçün tikinti və dövlət sektorundakı işlərlə yanaşı, sənaye, kənd təsərrüfatı, emal, logistika, turizm, xidmət, ticarət və kiçik sahibkarlıq sahələri də inkişaf etməlidir”.

A. Nəsirli qeyd edib ki, Qarabağda yeni iş yerlərinin yaradılması xüsusilə yerli əhalinin iqtisadi fəallığının artırılması baxımından vacibdir:

“İnsanların yalnız işləmək üçün başqa şəhərlərə getmək məcburiyyətində qalmaması üçün regionun öz daxilində müxtəlif gəlir imkanları formalaşmalıdır. Bunun üçün sahibkarlara əlçatan maliyyə, vergi və investisiya təşviqləri, sənaye və aqrar layihələrə dəstək, peşə hazırlığı və müasir əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması paralel aparılmalıdır. Əslində Qarabağda məskunlaşma siyasətinin uğuru təkcə neçə evin tikilməsi və neçə ailənin köçürülməsi ilə ölçülməməlidir. Əsas göstəricilərdən biri həmin insanların orada neçə daimi iş yerinə sahib olması və ailə gəlirlərinin necə formalaşmasıdır. Buna görə əmək yarmarkaları mühüm başlanğıcdır, amma dayanıqlı nəticə üçün onların arxasında yeni müəssisələrin, bizneslərin və istehsal sahələrinin yaradılması dayanmalıdır.

Qarabağda iqtisadi aktivlik artdıqca əmək yarmarkalarında təqdim olunan vakansiyaların da tədricən artması gözləniləndir. Əgər bu proses sürətləndirilərsə, məşğulluq problemi ilə yanaşı, regionda sosial və iqtisadi həyatın tam bərpasına da ciddi töhfə vermək mümkün olacaq”.