Siyavuş Novruzovdan Qüdrət Həsənquliyevə - "Kankret ad çəkin"





Hakim Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov parlamentdə büdcə müzakirələri zamanı deyib ki, ünvanlı sosial yardımların verilməsi ilə bağlı böyük islahatlar həyata keçirilib. Sheg.az bildirir ki, deputat əvvəllər ünvanlı sosial yardım alanlarla bağlı siyahının ortaya çıxmadığını xatırladıb: "Amma bunun eleketronlaşması istənilən şəxsə bu siyahını əldə etmək imkanı yaratdı. Büdcə müzakirələri zamanı sosial sahə ilə bağlı kifayət qədər fikirlərimizi səsləndirmişik. Bütün sahələrdən fərqli olaraq sosial sahədə artımlar göz qabağındadır.

Əlillərin mənzil şəraitinin yaxşılaşdırılması və yeni mənzillərin tikilməsinin hər birimiz şahidiyik. Bu baxımdan qanun layihəsini dəstəkləyir və həmkarlarımı bu layihəyə səs verməyə çağırıram”.
S.Novruzov həmkarı Qüdrət Həsənquliyevin dikirlərinə də reaksiya verib: "Tənqidin və təklifin fəlsəfəsinə baxsaq görərik ki, müxalifət tənqid, iqtidar isə müdafiə etməlidir. Çünki iqtidar hökumətin nümayəndəsidir, ona dəstəkdir. Amma tənqidin də forması olmalıdır. Misal üçün hökuməti tənqid edirsiniz, amma nazir Səlim Müslümovu müdafiə edirsiz. 

Nəzərə alaq ki, Səlim Müslümov da hökumətin üzvüdür. Düşünürəm ki, tənqid etdikdə konkret sahəni tənqid etmək lazımdır. Ümumi qaydada fikir söyləməyə ehtiyac yoxdur. Ümumi fikir deyiləndə mətbuatda qeyd olunur ki, hökumət tənqid edildi. Belə olan halda, hər kəs düşünür ki, bu tənqidin ona aiddiyatı yoxdur və yaxud bəzi həmkarlarımız çıxanda hökumət üzvlərinə bildirir ki, mən səni nəzərdə tutmurdum. Ona görə də söz konktret ünvana deyilməli və həmin şəxs tənqid edilməlidir ki, işindən nəticə çıxarsın. Hökumətin həm yaxşı həm də pis işləyən üzvü var. Pis işləyən üzvünün adını çəkin və münasibətlərinizi də o cür qurun. Yoxsa ümumi tənqid etmək, kankret ad çəkməmək qeyri-ciddi yanaşmadır”.

Qeyd edək ki, deputat Q.Həsənquliyev bir çox sahələri tənqid etsə də, S.Müslümovun fəaliyyətini təqdir edib.

Anar