Son günlər insanlar daha çox baş ağrılarından şikayət edir - Səbəb nədir ?





"Son zamanlar insanların daha çox şikayət etdikləri baş ağrılarının səbəbləri müxtəlifdir”.

Bu barədə "Sherg.az”a tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı danışıb. O bildirib ki, mövsüm, hava dəyişikliyindən ən çox əziyyət çəkənlər meteohəssas insanlardır:

"Günəş şüalarının intensivləşməsi, havanın dəyişməsi, atmosfer təzyiqinin yüksəlməsi kimi vəziyyətlərdə səhhətində problemlər yaranan şəxslər meteohəssas insanlar qrupuna aiddir. İnsan beynində mövcud olan xroniki qan dövranı pozğunluqları da baş ağrılarına səbəb ola bilir. Həmçinin zamanında travma alan şəxslərin də havanın dəyişməsi ilə bağlı problemləri kəskinləşir”.

Əsas problemlərdən biri kimi təzyiq məsələsinə də toxunan Ş. Namazlının sözlərinə görə, hava dəyişikliyi bu narahatlığı qabardır:

"Elə xəstəliklər var ki, onların səbəbini həkimlər də izah edə bilmir. Məsələn, miqren kimi baş ağrılarına səbəb olan xəstəliyinin törədiciləri hələ də müəyyən edilməyib.

Ola bilər, bu cür sadaladığımız xəstəliklərin heç birini daşımayan insanlar da baş ağrılarından əziyyət çəksin. Sadəcə xroniki yorğunluqdan əziyyət çəkən, kompüter arxasında, otaq şəraitində davamlı zehni işlə məşğul olan insanların da baş ağrısı problemləri mövsüm dəyişikliyi sırasında ağırlaşa bilər. Ona görə, xüsusilə bu dönəmlərdə insanlar istirahət saatlarına, qida rasionuna ciddi diqqət etməlidirlər”.

Aysel Aslan