"İndiki bazar qiymətlərinə uyğun hesablasaq, sosial evlərin qiymətləri normaldır”.
Bunu "Sherg.az”a sosial mənzillərin qiymətlərinin narazılığa səbəb olmasını şərh edərkən iqtisadçı - ekspert Natiq Cəfərli deyib.
O qeyd edib ki, qiymətləri avro və ya dollara çevirdikdə, mənzillər üçün hətta ətraf ölkələrdəkindən aşağı qiymətlər müəyyən edildiyi görünür:
"Sadəcə Azərbaycanda ümumi gəlirlilik səviyyəsi yüksək olmadığına görə, insanlara bu mənzillərin şərtləri, qiymətləri baha görünür. Rəsmi rəqəmlərdə orta aylıq əmək haqqı 550-560 manat civarında göstərilir. Evlərin tikilmə və təmir xərcləri satış qiymətləri ilə uyğundur”.
Azərbaycanda mənzil probleminin ciddi sosial məsələ olduğunu vurğulayan ekspert deyib ki, mənzillərə yazılanların sayı təklifdən xeyli artıq olacaq:
"Tələbat həddindən artıq olsa da, sosial mənzil tikintisində yaxın zamanda artım gözlənilmir. Hətta bir mənzilə yüzlərlə insan müraciət edəcək. Nəticədə mənzil çatışmazlığı yaranacaq.
Təklif edərdim ki, dövlətin dəstəyi ilə özəl şirkətlərə də şərait yaradılsın. Bu, mənzil sayının artırılmasına gətirib çıxara bilər. Həmçinin, Bakıda deyil, bölgələrdə də sosial mənzillərin tikintisinə start verilməlidir. Çünki Bakı şəhəri artıq infrastruktur olaraq, əhalinin çoxluğunu qaldıra bilmir. Belə ki, paytaxtın infrastrukturu 2-2,5 milyon əhali üçün nəzərdə tutulub. İndi isə artıq paytaxt əhalisinin sayı 4 milyona çatır. Ona görə, regionlarda iş yerlərinin, qazanc fürsətlərinin yaradılması, mənzillərin tikintisi vacibdir”.
Sosial mənzillərin gənc ailələr üçün nəzərdə tutulmamasına gəlincə, N.Cəfərli bunun narazılıqla qarşılandığını təsdiqləyib. Ekspert vurğulayıb ki, bəzi hallarda ev problemi ailələrdə narazılığa gətirib çıxarır, boşanma hallarının artmasına səbəb olur:
"Ona görə, sosial evlərin gənc ailələr üçün nəzərdə tutulması daha məqsədəuyğun olardı. Bu işi isə tək dövlətin öz üzərinə götürməsi düzgün olmaz. Kommersiya şirkətlərinə münasib şərtlər daxilində imkan yaradılmalı, kütləvi şəkildə sosial mənzillərin tikilməsinə başlanmalıdır. Beləliklə, daha çoxsaylı mənzillərin tikilməsi, ilbəil artan tələbatın ödənilməsi mümkündür”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan verib. Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı mayın 7-si saat 10:00-da başlayacaq və avqustun 7-si saat 10:00-dək davam edəcək.
Vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub. 1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayır.
Aysel Aslan