Fuad İbrahimov:"Əks təqdirdə, bu layihənin adının mahiyyəti itəcək, sosial mənzil deyil, adi mənzil kimi satışa çıxarılacaq”
"Vətəndaşın aylıq gəlirinin 25-30 faizini sosial mənzil və ya hansısa sosial paket "yeyirsə”, bu, anormallıqdır”.
Bunu "Sherg.az”a sosial mənzillərin şərtləri haqqında danışarkən iqtisadçı - ekspert Fuad İbrahimov deyib.
O bildirib ki, bu mənzillər sosial mənzil adlanırsa, vətəndaş aylıq gəlirinin 35 faizdən çoxunu evə ödəməməlidir:
"Hazırda sosial paket ailənin gəlirlərinin 70-80 faizə qədərini tələb edir. Paralel olaraq, 2014-cü ilin sonundan bu yana kommunal xidmətlərin, yanacağın qiyməti yüksəlib. Qida, istehlak məhsullarının qiymətindəki inflyasiya da təsir etdikdə, əhalinin xərcləri xeyli artır. Məvaciblərin cüzi şəkildə artırılması da inflyasiya ilə uzlaşmır. Sosial mənzillərin daha çox problemə çevrilməməsi üçün böyük elmi tədqiqat institutları, araşdırma mərkəzləri məşğul olmalıdır.
Azərbaycan xalqının belə bir xüsusiyyəti var ki, illərlə qazancını toplayıb, yastığın altına yığır. Ona görə, belə vəsaitlərdən istifadə edib, sosial mənzillər alan olacaq. Amma gələcək üçün sosial mənzillərin qiymətinə yenidən baxılmalı, şərtlər stimullaşdırılmalıdır. Əks təqdirdə, bu layihənin adının mahiyyəti itəcək, sosial mənzil deyil, adi mənzil kimi satışa çıxarılacaq”.
F.İbrahimov onu da əlavə edib ki, insanların 35 faiz-dən çox əməkhaqqını tək mənzil kreditinə ödəməsi, onların normal həyatını məhdudlaşırır:"Həyat tək mənzil almaqdan, pal-paltardan, kommunal xərclərdən ibarət deyil. İl boyu işləyən insan, normal, mədəni həyat yaşamalıdır. İstirahətini də, gəzintini də normal təşkil etmək, başqa ölkələrə səyahət edə biləcək qədər qazanc əldə olunmalıdır. İnsanlar bu şəkildə həyatını qura bilməsə, cəmiyyətdəki aqressiya da azalmayacaq. Bu problem, makroiqtisadi tarazlığın pozulmasına gətirib çıxarır”.
Qeyd edək ki, may ayının 7-si saat 10.00-da sosial evlərin satışı başlayır. Mövcud qaydalara əsasən ilk müraciət edənlər mənzilə sahib ola biləcəklər. Bazar ertəsi satışa ilk 260 mənzil çıxarılır.
Aysel Aslan