Sosial şəbəkələr çox çirkinləşib

Bunun bizim həyat tərzimizə çevrilmək təhlükəsi varEkspertlər hesab edir ki, ailə münaqişələrinin əsasında həm də sosial şəbəkələr, instaqram, “votsap” dayanır
Feysbuk sosial şəbəkəsi cəmiyyəti əsarətdə saxlamaqdadı. Nələr yazmırlar sosial şəbəkələrdə. Sevgilisindən ayrılan, barışan, küsüşən, ərindən narazı olan, qayınanasını söyən... Evdə danışılmayan məsələlər feysbukda paylaşılır. Bu günlərdə sosial şəbəkədə 2 qəribə paylaşımın şahidi olduq. "Patriotka” adlı səhifədə "Xoşbəxt Kişilər Klubu”nun bir üzvü qayınatasından, digəri isə atasının ona "şortik” geyinməyə icazə verməməsindən şikayət edirdi. Hər ikisi də, həyatdan bezdiklərini, intihar etmək, ya da evdən çıxıb getmək haqqında düşündüklərini yazırdılar.
Qayınatadan şikayət bu məzmunda idi:
"Qaqaşkalar, nolar, kömək edin mənə. Dəli olacam. Qayınatam bizdə qalır. Kişi məni bezdirib. Hər işimə burnunu soxur. Tualetə gedirəm, qapının ağzında durur, gic-gic sözlər deyir. O gün həyətdə maşın yuyuram, gəlib dayanıb, deyir bunu belə elə, onu belə eləmə... Bezmişəm "uje”. Belə getsə evdən çıxıb gedəcəyəm. İntihar dərəcəsinə çatdırır. Mənə məsləhət verin. Sizin də qayınatanız belədir? Bir dostum var, deyir, falçıya get. Off, bezdim "uje”...
"Şortik” həvəskarı isə bu sözləri yazır:
Salam, qardaşkalar. Atam mənə "şortik” geyinməyə icazə vermir. Sizcə, nə edim? Qaçım evdən?
Bu yazılara "layk”ların sayı da çoxdur. Birinci şikayətə nə az, nə çox, 19 rəy yazılıb.
Sosial şəbəkələr bu səpkili xəbərlər, paylaşımlarla doludur. Evdə arvad həyat yoldaşına demədiyi sözünü sosial şəbəkə dostlarıyla bölüşür. Kişilər də həmçinin. Xanımına ürək qızdırıb açmadığı dərdini, problemini feysbuk dostluğunda olanlara danışır. Sonra da ailədə başlayır qovğalar. Bəzi ekspertlər belə hesab edir ki, ailə münaqişələrinin əsasında həm də sosial şəbəkələr, instaqram, "votsap” dayanır. İnsan günün 24 saatını instaqramda şəkil paylaşmağa, "votsap”da yazışmağa sərf edirsə, təbii ki, evdə söz-söhbət yaranacaq. Sosial şəbəkələrdə ailə dəyərlərimizə yad, intihara, evdən qaçışlara maraq oyadan xəbərlərin, yazışmaların məqsədli şəkildə təşkil edildiyi, yayıldığı və bunun da cəmiyyətdə ajiotaj yaratmağa hesablandığını iddia edənlər də var.
"Feysbuk dərdlərin paylaşıldığı yerdir”
Yazar Sevinc Elsevər "Şərq”ə açıqlamasında feysbukun fərqli bir aləm olduğunu dedi:
- Düşünmürəm ki, bu tip paylaşımlar məqsədli şəkildə edilsin. İnsanların dərdləşmək, problemini kiməsə söyləmək, paylaşmaq istədiyi vaxtlar olur. İnsanlar ruhi vəziyyətləri baxımından fərqli yapıya sahibdirlər. Kimisi hisslərini gizlədə bilmir, dərhal büruzə verir, kimisi də, hisslərini gizlədə, emosiyalarını idarə edə bilir. Sosial şəbəkələrdə paylaşım edənlər hisslərini gizlədə bilməyənlərdir. Feysbuk isə çox çəkici bir aləmdir.
 Feysbuk hətta dəmir iradəli adamları da "ram edir”. Məncə, feysbukda fikirləri paylaşmaq, problemlərdən danışmaq müsbət nəticə verir. Məsələn, bizim dostumuz, mərhum Mövlud vəfatından əvvəl şəxsi feysbuk səhifəsini bağlamışdı, heç nə yazmırdı, heç nə paylaşmırdı. Halbuki, məlum olur, fikirlər içində çarpışırmış. Sonra da məlum intihar hadisəsi baş verdi. Amma o yazsaydı, paylaşım etsəydi, dərdini desəydi, bəlkə də belə olmayacaqdı, bu gün yanımızda, sıramızda olacaqdı. Yazar dostumuz Aysel xanım da bir dəfə yazmışdı ki, artıq yorulub, bezib, hətta o həddə çatıb ki, övladını da öldürə bilər. Onunla yazışmağa başladıq, dostları məsləhətlər verdilər, ürəkləndirdilər, nəticədə ağır günlər, saatlar geridə qaldı, şükür ki, problemləri atlatdı, heç bir faciə də baş vermədi. Ona görə də hesab edirəm ki, insanların sosial şəbəkə üzərindən yazışması, problemini dilə gətirməsi, paylaşması yaxşıdır. Bu, insanları depressiyadan çıxara bilər. Çünki hazırda insanın depressiyaya düşməsi bir udum suya dönüb. 
Bəzən pis baxırlar ki, evin sirrini çölə çıxarmazlar. Bu da var ki, bəli, kədər yoluxucudur. Mənfi məlumatlar, mənfi emosiyalar insanları təsir altına alır. İnsanlar mənfi yüklü məlumatlardan pessimist əhval-ruhiyyəyə düşə, aqressivləşə bilirlər. Amma belə hallar çoxluq təşkil etmir. Bilirsiz, bəzən deyilir ki, mənfi yüklü informasiyalar, kriminal xəbərlər, döyüş səhnələri, qanlı-qadalı filmlər insanları aqressivləşdirir, şəxsən mən bu fikirlə razı deyiləm. İnsan hansı kök üzərində dünyaya gəlibsə, o cür də formalaşır. Bizim qonşuluqda bir oğlan uşağı vardı, tısbağaları aparıb qoyurdu maşın yoluna ki, maşınlar üzərindən keçsin. 
O bu hərəkəti heç kimdə görməmişdi, heç kimi təkrarlamırdı. Sadəcə, oğlanın mayası belə idi. Zorakılığa, qəddarlığa meyilli idi. Axırı da, təbii ki, yaxşı olmadı. Daxilində mənfi keyfiyyət olmayan insan pis yola düşmür, düşəndə də qayıdıb tez çıxır. Öz kökünə, mayasına qayıdır. Ya da belə insanları yola gətirmək mümkün olur. Mayasında qəddarlıq, əzazillik olan insan isə dəyişmir. Məncə, cəmiyyətdə fəsad törədən informasiya bolluğudur. İnanmıram ki, kimlərsə bu xəbərləri məqsədli şəkildə yaysın. Sadəcə, insanlar hisslərini bölüşür, problemdən çıxış yolları axtarırlar. Və tanımadıqları insanlara üz tuturlar. İnformasiyanın təsiri altına düşmək ehtimalı isə var. Bu da hər bir insanın şəxsi keyfiyyətlərinə bağlıdır. Kimisi çox təsirlənir, kimisi az.
"Sosial şəbəkələrdə mənəvi oğurluq gedir”
Psixoloq Fərqanə Mehmanqızı da sosial şəbəkələrdəki paylaşımların məqsədli şəkildə edildiyinin az inandırıcı olduğunu dedi:
- Sosial şəbəkədən asılı insanlar özgüvənsiz, özünü təsdiq etməmiş insanlardır. Hansısa məzmunlu paylaşımlar etməklə onlar özlərini gərəkli, vacib bir şəxs kimi tanıtmağa çalışırlar. Bununla sanki fantaziyalarında yaratdıqları "eqo”ları təkmilləşir. Sosial şəbəkələrdə vulqarizm boy göstərir artıq. İnsanlar nə gəldi yazır, istədikləri statusu paylaşırlar. Mənəvi keyfiyyətlər çox aşağı düşüb. Sosial şəbəkələr çox çirkinləşib. Və bunun bizim həyat tərzimizə çevrilmək təhlükəsi var. Sosial şəbəkələrdə mənəviyyat oğurluğu baş verir. İnsanlar tanımadıqları adamlarla çox sərbəst ünsiyyət yaradır, dostluq elan edir və ağına-bozuna baxmadan hər mövzuda müzakirə açırlar. Adını da qoyurlar, sərbəstlik, azadlıq. 
Xeyr, bu sərbəstlik deyil, azadlıq da deyil. Bu, vulqarlıqdır, mənəviyyat itkisidir. Yazışmalar da, paylaşımlar da iyrənc forma alıb artıq. İnsanlar mübhəm məsələlər barədə, ailədə ərlə arvadın bir-biriylə pıçıltı ilə danışdığı məsələlər barədə aləmə car çəkirlər. Bunun nəyi yaxşı ola bilər?.. Sosial şəbəkələrdə pedofillərin, "lesbiyanların” xüsusi səhifələri var. Bir xanım yazmışdı ki, "burda nə var, kim "lesbiyandır”, olsun. İnsanlar sərbəstdir”. Məncə, bu, kökündən yanlış yanaşmadır. "Kim nə istəyir olsun” cəmiyyəti xaosa sürükləyər. Cəmiyyətdə konkret hədlər var ki, onları aşmağa kimsəyə icazə verilməməlidir. 
"Cəmiyyət məni necə varamsa, elə də qəbul etsin” fikri də yanlışdır. Cəmiyyətin hər kəsi olduğu kimi qəbul etmək vəzifəsi yoxdur. Cəmiyyət yalnız sağlam (mənəvi-psixoloji baxımdan) insanları qəbul edir. Orta əsrlərdə əxlaqsızlıq edənləri niyə qətlə yetirirdilər, çünki bu insanların başqalarını da pis yola itələcəyindən ehtiyatlanırdılar. Sosial şəbəkələrin mənfi cəhəti bir də orada ictimai qınağın olmamasıdır. İctimai qınaq insanları hərəkətlərini korrektəyə sövq edir. İctimai qınaqdan çəkinirik ki, küçədə, yolda özümüzü düzgün aparmağa çalışırıq. Bəlkə kobud səslənəcək, amma siz küçədə təpəsi üstə gəzən adam görmüsünüz? Hamı ümumun qəbul etdiyi formada, ümumi etik davranışları çərçivəsində gəzir, əyləşir. Cəmiyyətin ehkamlarına, qayda-qanuna qarşı çıxanlar dışlanmalıdır. Çünki onlar bununla başqalarını da azdıra bilər.
Məlahət Rzayeva