Xəbər verdiyimiz kimi, Bakıda tələbə, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələr üzərindən "ovlayan" falçı peyda olub. Pessimist ruhda statuslar yazan 18-20 yaşlı qızlara bir xanım profil üzərindən köməklik təklif olunub.
Qızlar Yasamaldakı evə dəvət edilib. Orada bihuşedici maddə qatılmış çay, su verilib. Qızları yuxuya verib bakirəliklərini pozublar. Özlərini də təhdid edib, bu haqda heç kimə məlumat verməməyi tapşırıblar.
Sözügedən cinayəti kəskin pisləyən sosioloq Əhməd Qəşəmoğlu "Sherg.az"a bildirib ki, ölkənin təhsil səviyyəsi yüksək olsa, gənclərin maarifləndirməsi ciddi təşkil edilsə, bu cür cinayətlərə qurban gedənlərin sayı az olardı:
"İnsanın davranışlarını, münasibətini formalaşdıran üç əsas amil var: mühit, alınan informasiyalar və üstünlük verilən dəyərlər. Əminliklə deyə bilərəm ki, son zamanlar falçıların yanına gedənlər çoxalıb. Hətta bir-birinə cadu etdirən insanlar daha da aktivləşib.
Yaşadığımız mühitdə belə hadisələr yayıldıqda buna müsbət yanaşanlara da rast gəlinir. İslam dini falçılığı qəbul etmir. Fala inam cəhalətdən irəli gələn məsələdir.
Düşünürəm ki, falçıların fəaliyyətinə məhdudiyyət qoyulmalıdır. Televiziyaların hazırladığı ekstrasenslərə, falçılara həsr olunan verilişlər psixoloji cəhətdən zəif insanlara tez təsir edir”.
Ə.Qəşəmoğlu onu da vurğulayıb ki, sosial şəbəkələrdə psixoloq kimi özünü təqdim edən bəzi insanlar yeni üsulla fırıldaqçılıqla məşğul olur:
"Hansısa insanla yazışan bu şəxslər insanları ələ alır, psixologiyasını müəyyən etdikdən sonra müxtəlif şəkildə onları aldadırlar. Bu hal geniş yayılıb. İnsanlar elmə, təhsilə, mənəvi və həqiqi islami dəyərlərə üstünlük versə, falçı yanına getməzlər.
Ümumilikdə, belə cinayətlərin artması cəmiyyət üçün arzuolunmaz vəziyyətdir. Göz yumularsa, belə əməllərə əl atanlar çoxalacaq. Ciddi formada bu cinayətlərin qarşısını almaq üçün tədbirlər görmək lazımdır”.
Hadisədə cinayət motivinin olduğunu vurğulayan psixoloq Azad İsazadə diqqətə çatdırıb ki, falçılıq elmdə də, dində də qəbul olunmur:
"Hansısa qabiliyyətə malik insanlara rast gəlinir. Amma ekstrasenslər arasında ən çox fırıldaqçılar yer alır. Hazırkı hadisə isə böyük cinayətdir. İnsanları aldadıb, pul qazanmaq bir yana, üstəlik həmin falçı cavan qızları zəhərləyib, zorlayıb. Bu seksual manyaklığın bir formasıdır”.
Kütləvi şəkildə insanların falçılara inanmasına gəlincə, A.İsazadə söyləyib ki, 10 falçıdan 9-u mütləq fırıldaqçıdır:
"O falçıların arasında yaxşı "psixoloq”lara da rast gəlinir. İnsanların nə eşitmək istədiyini müəyyən edir, uydurur, beləliklə ələ alırlar. Bu hadisənin fonunda insanlar arasında maarifləndirmə aparılmalıdır. Son illərdə Rusiya və Azərbaycan telekanallarında "ekstrasens döyüşləri” təşkil olunur, falçılardan bəhs edən verilişlər hazırlanır. Bu hal həmin şəxslərə inamı artırıb. İnsanların bahalı falçılara müraciət etməyə maddi imkanı çatmayanda ucuz şəxslərin yanına baxıcılığa gedir. Həmin ekstrasenslər isə yüzdə yüz fırıldaqçılar olur”.
A.İsazadə onu da əlavəe dib ki, falçının cinsi zorakılığına məruz qalan qadınlar peşəkar psixoloqlar çalışmalıdır:
"Zərərçəkmiş qadınlar mütləq psixoloq nəzarətində ifadə verməlidirlər. Cəmiyyət isə onları qurban kimi qəbul etməlidir. İctimaiyyət bu hadisəni birmənalı qəbul etmədiyindən həmin qadınların psixi durumunun bərpa olunması ciddi məsələdir. Zorlanma faktına məruz qalan hər kəs – kişi, qadın, gənc, yaşlı insanlar mütləq psixoloji reabilitasiya keçməlidir”.
Aysel Aslan