Soydaşlarımız təhqir olunub?

“Azərbaycan dövləti Gürcüstana sorğu göndərməli və konkret faktla bağlı açıqlama tələb etməlidir”




Gürcüstanda satılan fincanın üzərində həmyerlilərimiz təhqir olunub.
Bu barədə tarixçi-alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev məlumat verib. Onun sözlərinə görə, Gürcüstanda satılan bu fincanın üzərində Gürcüstan xəritəsi çəkilib. Diqqət yetirsək, görərik ki, hər yerdə insan şəkilləri qoyulub, həmyerlilərimizin yaşadığı tarixi yurdumuzun yerləşdiyi ərazidə isə eşşək şəkli çəkilib. Başının üstündə yekəqarın gürcü kişisi yumruğunu sıxıb, eşşək isə başını aşağı salıb”.

"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə hesab edir ki, bu məsələnin araşdırılması üçün Azərbaycan Gürcüstanın aidiyyəti orqanlarına sorğu göndərməlidir: 

"Konkret faktla bağlı məlumatlı olmdığım üçün ətraflı şərh verə bilməyəcəm. Ancaq onu deyə bilərəm ki, Gürcüstanda hər zaman Borçalı qorxusu olub. Xüsusilə də indiki iqtidar əsassız olaraq "Borçalı” Cəmiyyətinin fəaliyyətini məhdudlaşdırıb, mənim Gürcüstana girişimə isə qadağa qoyub. Oradakı soydaşlarımız arasında təfriqələr yayıb, saxta imzalar topladaraq onları üz-üzə qoyur. Təbii ki, burada Azərbaycanın da günah payı var. Əgər bizim dövlət soydaşlarına dəstək çıxıb, onların problemləri ilə maraqlansa, haqqı pozulan Gürcüstan azərbaycanlılarına qarşı qonşu ölkədən hesabat tələb etsə, bu cür xoşagəlməz hadisələr yaşanmazdı. Ancaq təəssüflə qeyd etməliyəm ki, Azərbaycanın Gürcüstana təsir imkanları çox məhduddur. Gürcülər də bundan istifadə edib, soydaşlarımızı ələ salır”.

Z.Məmmədlinin sözlərinə görə, fincanın üzərində həmyerlilərimizin təhqir olunması təxribat xarakterli bir addım da ola bilər: 

"3-cü bir qüvvə mövcud gərginlikdən istifadə edib, tərəflər arasında etnik qarşıdurma yaratmaq niyyətində ola bilərlər. Burada hansısa antipodun, erməninin, şovinistin də barmağı ola bilər. Hətta öz millətini sevməyən, xəyanətə meylli olan azərbaycanlı gədalar belə bu oyunun iştirakçısı ola bilər. Hər halda bu məsələ hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülməli və ciddi araşdırma aparılmalıdır. Azərbaycan dövləti Gürcüstana sorğu göndərməli və konkret faktla bağlı açıqlama tələb etməlidir. Oradakı soydaşlarımız da öz taleyinə biganə qalmamalıdır”.

Şəymən