“Söyüş kampaniyası” iflasa uğradı

Anti-milli dəstə indi məsuliyyəti öz üzərlərindən atmağa və kənarda günahkar axtarmağa çalışırlar



Aylardır Avropa ölkələrində, müxtəlif sosial şəbəkələrdə anti-Azərbaycan fəaliyyətini davam etdirən "Söyüş kampaniyası” cəmiyyətin mütərəqqi kəsiminin, xüsusən də media ictimaiyyətinin sərt reaksiyası nəticəsində iflasa uğradı. Lakin bu çirkin işi özünə hobbi, siyasi məqsədlərini gerçəkləşdirməyin yeganə vasitəsi kimi müəyyənləşdirmiş şəxslər yenə də fəaliyyətdədirlər.

Məsələ ondadır ki, Azərbaycanın son 15 ildə keçdiyi sürətli inkişaf yolunu, ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurları və sabitliyin hökm sürməsini bəzi xarici dairələrlə yanaşı, onların əlaltıları olan antimilli qüvvələr də heç cür həzm edə bilmirlər. 

Onlar Azərbaycanın möhkəmlənməsini, demokratik inkişafını deyil, ölkəmizin uçuruma getməsini, qarışıqlığın yaranmasını istəyirlər. Azərbaycanı öz təsir dairəsində saxlamaq istəyən bu qüvvələrin ölkəmizin həyata keçirdiyi müstəqil siyasəti, regionun dialoq məkanına çevrilməsini gözləri götürmür. Buna görə də ən müxtəlif vasitələrdən istifadə etməkdən çəkinmirlər. 

Müxtəlif qərəzli hesabatlar hazırlayaraq Azərbaycanın adını korrupsiya qalmaqallarında hallandırırlar. Amma istədikləri "nəticəni” əldə etməyəndə yeni böhtanlar uydurmağa başlayırlar. Təəssüf ki, onların bu kampaniyasına dəstək verənlər də məhz xaricə sığınmış sapı özümüzdən olan baltalardır. 

Ötən gün Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da sosial şəbəkələrdə milli mənəvi-əxlaqi dəyərlərə zidd kampaniyanın həyata keçirilməsində Azərbaycan hakimiyyətinin və özünün adının hallandırılmasına münasibət bildirib. Ə.Həsənov deyib ki, son günlər virtual şəbəkədə milli mənəvi-əxlaqi dəyərlərə zidd, söyüş və təhqir dolu şərhlər, çıxışların təşkili ilə bağlı Azərbaycan hakimiyyətinin və şəxsən onun adının hallandırılması cəhdləri təəssüf doğurur: "İstər şəxsi həyatımda, istərsə də siyasi fəaliyyətimdə qeyri-etik davranışı yolverilməz hesab etmişəm və milli mənəvi-əxlaqi dəyərlərə zidd leksikondan daim uzaq olmuşam. 

Sosial mediada və KİV-dəki açıqlama və müraciətlərimdə də siyasi polemika zamanı hamını bu tipli davranışdan çəkinməyə çağırmışam. Belə cəhdləri tərbiyəsizlik və acizlik əlaməti kimi qiymətləndirmişəm. Mənim bu tövsiyə və müraciətimə məhəl qoymayan və küçə leksikonundan istifadəni davam edən ayrı-ayrı sosial şəbəkə istifadəçilərini Azərbaycan hakimiyyəti və şəxsən mənimlə əlaqələndirmək böhtan və iftiradan başqa bir şey deyil. 

Birmənalı şəkildə bəyan edirəm ki, ayrı-ayrı şəxslərin öz tərbiyəsinə uyğun açıqlama və çıxışlarının guya mərkəzləşmiş şəkildə mənim tərəfimdən təşkil olunması, "rəhbərlik etdiyim” hansısa "troll” və digər uydurma "qruplar”a ayrı-ayrı şəxsləri təhqir etmək tapşırığı verilməsi haqda iftiralar məqsədyönlü şəkildə Azərbaycan hakimiyyətini və şəxsən məni ləkələmək məqsədi daşıyır”. 

Ə.Həsənov daha sonra bildirib ki, əgər bu iddianı irəli sürənlər onu "söyüş kampaniyasına” qarşı ictimai müqavimətin təşkil olunmasına görə hədəfə götürürlərsə, onda bilsinlər ki, hakimiyyət nümayəndəsi kimi bu, onun vəzifəsidir: "Söyüş kampaniyasını” təşkil edənlər ciddi ictimai qınaqla qarşılaşdıqlarına və bütün cəhdlərinin iflasa uğradığını anladıqlarına görə, indi məsuliyyəti öz üzərlərindən atmağa və kənarda günahkar axtarmağa çalışırlar”.

Millət vəkili Əflatun Amaşov "Facebook” profilində bəyan edib ki, bir tərəfdə güclü və öz inkişafını uğurla davam etdirən Azərbaycan, digər tərəfdə də siyasi kataklizmlər burulğanında çabalayan Ermənistan reallığı xarici anti-Azərbaycan dairələri ciddi narahat edir: 

"Qərbin bəzi dairələri hər zaman Cənubi Qafqaz regionuna vahid orqanizm kimi yanaşır. Bu yanaşmada müstəqil dövlət anlayışı yoxdur. Yalnız iqtisadi maraqlar var. Azərbaycan inkişaf edirsə, stabildirsə, işğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi zəifləyirsə, deməli hansısa formada Azərbaycanın yüksələn xəttinə ləkə gətirmək lazımdır.
 Cənab Əli Həsənovun fikirlərindən hasil olan qənaət onu da deməyə əsas verir ki, Azərbaycanın diaspor və lobbi fəaliyyətində yeni mərhələ başlanmalıdır. Şübhəsiz bu, çox yaxın zamanda özünün əməli nəticələrini verəcək. Deməli, mövcud istiqamətdə görüləcək işlərin daha fundamental şəkildə gerçəkləşdirilməsi mütləqdir. Diaspor təşkilatlarımızın aktivliyi o həddə çatdırılmalıdır ki, onlar xaricdə aparılan anti-Azərbaycan kampaniyasına tutarlı əks reaksiya ortaya qoya bilsinlər. İstər AŞ PA-nın məlum hesabatı, istərsə də "söyüş kampaniyası” və ölkəmizə qarşı seçilmiş qərəzçilik xətti diaspora sahəsinə diqqətin artırılmasını tələb edir”.

"Sherg.az”a danışan millət vəkili Aydın Mirzəzadə də bildirib ki, "Söyüş kampaniyası”nın təşəbbüskarı bunu həyata keçirən qrup deyil. O xatırladıb ki, xarici ölkələrdə Azərbaycanın uğurları ilə razılaşmayan, ölkəmizi təsir altına almaq istəyən qüvvələr çoxdur: 

"Anti-Azərbaycan siyasəti yeridən dairələr vətənpərvərlik hissi olmayan, pulla öz ölkəsinə düşmən olmağı özünə şərəf bilən şəxsləri ələ alırlar. Belə şəxslər üçün Azərbaycanın inkişafı, demokratik addımları maraqlı deyil. Azərbaycanın da Ermənistanın qarışıq vəziyyətinə düşməsi, ölkədə Suriyadakı kimi vətəndaş müharibəsinin yaşanması üçün çalışan şəxslər barmaqla sayılacaq qədər azdır. Xarici ölkələrdə yaşayan azərbaycanlıların mütləq əksəriyyəti öz vətəninə bağlı olan, tarixi torpaqlarını qorumağa çalışan, ləyaqəti, Azərbaycan xalqının milli maraqlarını üstün tutan insanlardır. Hansısa qrupun apardığı mübarizənin isə nə siyasətə, nə də mənəviyyata aidiyyəti var. Azərbaycan xalqı təxribatçı şəxslərə təpki göstərməklə, onları qəbul etməməklə öz münasibətini göstərdi”.

İsmayıl