Spiker: "Bu artım heç sənin işıq puluna çatmayacaq"




2017-ci il üçün Milli Məclisin saxlanma xərcləri 13 faiz artırılır.

Sherg.az-ın məlumatına görə bunu dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin İşlər idarəsinin müdiri Firudin Hacıyev deyib. 

O, bildirib ki, Milli Məclisin və onun aparatının saxlanması ilə bağlı 2017-ci ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb: 

"Xərclər smetası, ştat cədvəlləri, inzibatı binaların, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib. 2017-ci il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 23 milyon 89 min 714 manat vəsait nəzərdə tutulub ki, bu da 2016-cı il ilə müqayisədə 394 min 500 manat çoxdur. Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və deputatların xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyətlərin sayı xeyli artıb. Bununla bağlı, 2017-ci ilin xərclər smetasında ezamiyyət xərcləri üzrə 1 milyon 110 min 900 manat məbləğində vəsait ayrılması nəzərdə tutulub. Bu da keçən illə müqayisədə eynidir. Parlamentə ictimai iaşə vəziyyətinin yaxşılaşdırlması məqsədi ilə yeni yeməkxana tikilir və növbəti ilə başa çatacaq".

Parlamentin büdcəsi ilə bağlı fikir bildirən spiker Oqtay Əsədov deyib ki, Milli Məclisin büdcəsi 394 min manat artırılır: 

"Camaat da deyəcək ki, Milli məclisin büdcəsini artırıblar. Bu artım heç sənin işıq puluna çatmayacaq. Yəni elə də artım yoxdur. Keçən illlər Milli Məclis çox böyük səylər nəticəsində ezamiyyət xərclərini aşağı salıb. Ezamiyyət xərcləri bizə çatmırdı. Çünki biz büdcəni keçən ilin noyabr ayında qəbul etmişdik. Noyabr ayından sonra iki dəfə devalvasiya oldu. Bizdə də ən çox dövlət təşkilatları içərisində xaricə ezamiyyətə gedənlər parlament nümayəndə heyətləridir. Bu ildən artıq iki dənə saxladığımız parlament nümayəndə heyətinin fəaliyyətini bərpa etmişik. Baş nazirə də məktub yazmışam, Samir Şərifova da demişəm. Ezamiyyət xərcləri məsələsi qeydə alınmalıdır. Çünki beynəlxalq təşkilatlarda Milli Məclis iştirak etməsə, işlərdə çox böyük axsaqlıq olar. Ona görə də dekabrın 16-da bu məsələlələr hökumətin diqqət mərkəzində olsun”.

Anar