Stresdən, gərginlikdən uzaq olmalıdır

“Quru telefon zəngi Mədəniyyət və turizm nazirinin yəqin ki, ən çox halda 5 dəqiqəsini apara bilərdi. Bu, atamın tez sağalması üçün bəlkə də stimul yaradardı”
Rejissor Rövşən Almuradlı çəkiliş meydançalarından uzaq düşəcək


Tanınmış rejissor və ssenarist Rövşən Almuradlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Rejissorun axşam saatlarında Bakı Metropoliteninin "İçərişəhər” stansiyasında olarkən vəziyyəti pisləşib. R.Almuradlının ürək və ağciyərində problem yaranıb.

O, ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub.
Rövşən Almuradlının səhhəti ilə bağlı oğlu Kamal Almuradlı "Şərq”ə məlumat verdi: "Hazırda atamın vəziyyəti stabildi. Həkim nəzarəti altındadır. Təzyiqi çox yüksək olduğundan vəziyyəti ağırlaşıb, özündə olmayıb. Təcili Tibbi Yardımın köməyi ilə "Bakı” Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsi ilə ağır vəziyyətdən çıxa bilib.

 Həkimlər hələ bir müddət müalicələrinin davam etməsini məsləhət bilirlər. İmkan qədər stresdən, gərginlikdən uzaq olmalıdır. Ona görə də yəqin ki, bir müddət çəkiliş meydançalarından uzaq qalmalıdır. Onsuz da xeyli vaxt idi işləmirdi. Yaradıcı insanlar işləməyəndə, çəkilişdən, teatrdan, kinodan uzaq qalanda, bu onlara psixoloji təsir edir, səhhətlərinə təsir edir. Çünki ürəklərinə salırlar, yaradıcılıq işindən uzaq olmaq onları sıxır. Elə atam da bəlkə bu mənada narahat olan biridir. Sağ olsun dostları, sənət insanlarının əksəriyyəti onunla maraqlandılar. Azərbaycanın bir çox bölgələrindən sənətçilər onunla maraqlanıb, telefon açdılar, baş çəkməyə gəldilər. Amma Mədəniyyət Nazirliyindən maraqlanıb bir dəfə belə telefon açmadılar. Rövşən Almuradlı həyatını mədəniyyətə həsr edən insandı. 

Mədəniyyət Nazirliyi isə bir dəfə atamla maraqlanmadı. Bizim onların heç nəyinə ehtiyacımız yoxdu. Mən onun oğluyam. Şükür Allaha ki, övlad olaraq atamın bütün ehtiyaclarını da təmin edə bilirəm. Sadəcə, nazirliyin quru diqqətini gözləməyə atamın haqqı çatırdı. Bunu görə bilmədik. Bir telefon zəngi ona xoş təsir bağışlaya bilərdi. Biz nazirlikdən maddi heç nə ummuruq. Amma mənəvi diqqətə ehtiyac var idi. Onlar bu diqqəti Rövşən Almuradlıdan əsirgədilər. Quru telefon zəngi Mədəniyyət və turizm nazirinin yəqin ki, ən çox halda 5 dəqiqəsini apara bilərdi. Bu, atamın tez sağalması üçün bəlkə də stimul yaradardı. Dəyəri hamı gözləyir. Əslində ən böyük dəyər zaman və millətin verdiyi dəyərdi. Amma sağ olan sənətkar istəyir ki, zamanında o qayğını hiss etsin. Bu, onların ömrünü bəzən uzada bilir. Atam nazirlikdən o dəyəri hiss etmədi”.

Tahirə