Suriya böhranı müzakirə olunacaq

Putin İrana səfəri zamanı Həsən Ruhani qarşısında konkret tələblər irəli sürəcək



Rusiya Prezidenti Vladimir Putin sentyabrın 7-də İrana işgüzar səfər edəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfər zamanı Putin Suriya böhranının həlli ilə bağlı danışıqlarda iştirak edəcək. Həmçinin, iranlı və türkiyəli həmkarları ilə təkbətək görüşlər keçirəcək: "İran Prezidenti Həsən Ruhani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş zamanı Suriyadakı vəziyyətin normallaşması üçün birgə səylər müzakirə ediləcək”. 

Bir sıra analitiklərə görə, üç dövlət lideri arasında baş tutan budəfəki görüşdə Suriya böhranı ilə bağlı konkret nəticə almaq, yaxud da hansısa məsələlərdə irəliləyiş əldə etmək mümkün olacaq. Onların fikrincə, siyasi mühitdən dolayı budəfəki görüşü əvvəlkilərdən fərqləndirən amillər var.

Məsələni "Şərq”ə dəyərləndirən siyasi elmlər namizədi Zaur Məmmədov hesab edir ki, Putin İrana səfəri zamanı Həsən Ruhani qarşısında konkret tələblər irəli sürəcək. Çünki İsrail-Rusiya danışıqlarının nəticəsi olaraq İran hərbiçilərinin bölgədən çıxarılmasına dair söhbətlər gedir: 

"Ruhaninin qəti qərar qəbul etməsi çətindir. Çünki İran daxilində Ruhaniyə qarşı impiçment məsələsi qaldırılmaqdadır. Prezident dini və siyasi dairələrin nümayəndələri tərəfindən sərt tənqidə məruz qalmaqdadır. Bu amil danışıqları çətinləşdirən ən mühüm məqamdır. Lakin istənilən halda Ərdoğan-Putin və Ruhani-Putin görüşlərində Suriya böhranı ilə bağlı mühüm məsələlər müzakirə olunacaq. Bəzi məsələlərə dair razılaşmanın olacağı ehtimal edilir. Çünki vaxt və limit bitmək üzrədir. Rusiyanın gələcək taleyi məhz İran-Rusiya danışıqlarından asılıdır. Ona görə də Moskva aktiv şəkildə nizamlanmanın əldə olunmasına səy göstərəcək”.

İsmayıl