Sürücülər, vətəndaşlar yollarda qalıb

Bakı-Sumqayıt yolunda təmir işlərini gecə saatlarında aparmaq olar
“Bakı-Sumqayıt yolu təmir olunmasaydı asfalt örtüyünün alt qatında daha ciddi problemlər yaranacaqdı”


Bakı-Sumqayıt yolunda yenə xaos yaşanıb. Mütəmadi olaraq tıxacla gündəmə gələn bu yolda iki gündür hərəkət məhdudlaşıb. Xüsusilə "20 yanvar” istiqamətində gedən bütün yollara, "Şamaxinka”, Tbilisi prospekti, Abdulvahab Salamzadə küçəsi, 3-cü mikrorayon dairəsində dəhşətli tıxac yaranıb. Sosial şəbəkələrdə də bu hal ciddi şəkildə etiraza səbəb olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ünvanına sərt fikirlər səsləndirilib. Sürücülər iş gününün pik saatlarında yolun təmir üçün bağlanmasına etiraz edib. Yolun uzun müddət hərəkətsiz qalmasına görə insanlar avtomobillər və marşrut avtobuslarından düşərək şəhərə piyada gəlməyə məcbur olublar.

Hüquq müdafiəçisi Sahib Məmmədov isə həmin qurumu pul yığmaq naminə tez-tez eyni yolu bağlayıb təmin etməkdə ittiham edir. Digər sosial şəbəkə istifadəçiləri də bu dövlət agentliyinin ünvanına ittihamlar səsləndirərək yollarda hərəkəti bağlayıb insanları narahat etməməyi, bu cür işləri mərhələli şəkildə həyata keçirməyi bildiriblər.

"Bakı-Sumqayıt yolu təmir olunmasaydı, asfalt örtüyünün alt qatında daha ciddi problemlər yaranacaqdı”.

Bunu "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.

A.Nəcəfli bildirib ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci km-lik hissəsi 2008-ci ildə istifadəyə verilib və bu günə qədər, yəni 10 ildir təmir olunmayıb: "Normativə əsasən hər 4-5 ildən bir yol örtüyünün aşınma qatı yenilənməlidir. Hazırda da bu işlər görülür. Sözügedən yol örtüyünün üst qatında intensiv hərəkət və təbii amillərin təsiri ilə artıq aşınmalar yaranmışdı. Təmir işləri aparılmasaydı, 1-2 ildən sonra asfalt örtüyünün alt qatında daha ciddi problemlər yaranacaqdı. Artıq o zaman yol daha uzun müddətə bağlanılaraq təmirinə ehtiyac yaranacaqdı. Bu səbəbdən yolun hazırda qısamüddətli təmiri daha məqsədəuyğun idi”.

Qurum rəsmisi qeyd edib ki, bu cür işlər Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına daxil olan bütün qurumlarla məsləhətləşib razılaşdırıldıqdan sonra aparılır:

"Orta məktəb və ali təhsil müəssisələri tətilə çıxdıqdan sonra, sözügedən yolda hərəkət intensivliyi azalandan sonra işlərə başlanıldı. Hətta bayram günləri də nəzərə alındı ki, birdən kimsə istirahətə rayona gedər deyə, maneəçilik yaşatmayaq”.

A.Nəcəfli əlavə edib ki, hazırda tunelin çıxışından Biləcəri yolu ilə əsas yolun kəsişdiyi nöqtəyədək qızğın iş gedir: "Bu səbəbdən 20 Yanvar körpüsü və tunellə hərəkət məhdudlaşdırılıb. Nəqliyyat axını 20 Yanvar dairəsi və Şamaxı yolu (Şamaxinka) adlanan əraziyə yönəldiyindən orada sıxlıq yaşanır. 2-3 günə dediyim ərazilərdə işlər bitən kimi körpü və tunellə hərəkət bərpa olunacaq və Şamaxı yolu ərazisində yaşanan sıxlıq aradan qalxacaq”.

O deyib ki, ötən günlə müqayisədə hazırda ərazidə sıxlıq azalıb: "Hətta ötən gün Sumqayıt istiqamətindən Bakıya girişdə xaos yaşanırdı. Hazırda isə yol boşdur. Çünki sürücülər alternativ yollara (Bakı Dairəvi-1 - Lökbatan-Xocahəsən avtomobil yolları, Binəqədi şosesi - Binəqədi-Biləcəri (4-cü qapı küçəsi), Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat və Sumqayıt-Pirşağı avtomobil yolları) üstünlük veriblər. Təmir işləri sonrakı mərhələlərdə hissə-hissə Xırdalan dairəsinə qədər davam etdiriləcək. Bu zaman hərəkət zolaqlarının yarısında təmir aparılacaqsa, yarısı ilə hərəkət davam etdiriləcək”.

Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubovun sözlərinə görə, təmir zamanı tıxacların yaranmasının əsas səbəbi yol təmiri işlərinin səhər saatlarında, insanların yollardan sıx istifadə etdiyi zaman aparılmasıdır: "Halbuki, dünyanın bir çox ölkələrində yolların salınması və təmiri gecə saatlarında həyata keçirilir. Ümumi şəkildə onu deyə bilərəm ki, yollar bir neçə formada çəkilir.

Bir var əsaslı təmir, bir də var ki cari təmir. Həmçinin də yeni salınan yollar var, yenidən qurulan yollar var. Bunlar hamısı müvafiq proqrama uyğun həyata keçirilməlidir. Yeni yollar salınan zaman layihədə kommunikasiya xətlərinin sxemi də əlavə olunur. Bu zaman yeni kommunikasiya xətlərinin çəkilməsi prosesi aparılır. Cari təmir işləri çərçivəsində aparılan əsaslı təmir və yolların yenidən qurulması işləri zamanı kommunikasiya sisteminə baxılmır. Cari təmir işlərində əsasən yolun təhlükəsizliyinin təmini nəzərə alınır. Ona görə də kommunikasiya sistemlərinin işlək vəziyyətdə olub-olmamasına lazımi diqqət ayrılmır”.
Ekspertin fikrincə, təmir müddətində yollar bağlanırsa, alternativ yollar açılmalıdır. Hətta yeni yol salınanda alternativ hərəkəti təmin etmək üçün torpaq yol açılmalıdır ki, insanlar əziyyət çəkməsin: "Bəzi magistral yollarda gecə saatlarında təmir işləri aparmaq çətin olduğu üçün hərəkətin gündüz saatlarında məhdudlaşdırılması başadüşüləndir. Ancaq Bakı-Sumqayıt yolunda bütün kommunikasiyalardan, işıqlandırma sistemindən və digər əlavə vasitələrdən istifadə etməklə gecə saatlarında yolda yenidənqurma işləri aparmaq olar. Xüsusən də yay aylarında təmir üçün gecə daha əlverişli olur. Gündüz vaxtı havanın temperaturu həddindən artıq yüksək olduğu üçün çəkilən asfaltın quruma intensivliyi ləng gedir”.
F.Eyyubovun sözlərinə görə, Bakı-Sumqayıt yolu kimi intensiv magistralda günün pik saatlarında təmir işləri aparmaq xoşagələn hal deyil. Bu yol bağlanan kimi sürücülər saatlarla yolda qalır: "Görünür, Avtomobil Yolları Dövlət Agentliyi öz işini asanlaşdırmaq üçün sürücüləri zülmə salıb. Cari təmir prosesi elədir ki, qəfildən yolda hansısa çöküntü baş verir və təmir etmək labüd hesab olunur. Ancaq yollara texniki qulluq məsələsi planlı şəkildə aparılmalıdır. Magistral yollarda təmir intensivliyə uyğun nizamlanmalıdır”.
Şəymən