“Məscidlər tikilən dövrdə həmin ərazilərdə Qacar-türk sülalələri hakimiyyətdə olublar”
İran mediasının yazdıqları siyasi məqsədə xidmət edir
İran mediası Şuşadakı abidələri qədim fars abidələri kimi qələmə verməyə başlayıb. Farslara məxsus "Badkubeh” saytında Şuşada erməni işğalında olan Yuxarı Gövhər ağa məscidi və Aşağı Gövhər ağa məscidi barədə material dərc edilib.
Sayt ciddi-cəhdlə iddia edib ki, bu məscidlərin tikilməsi İranın nüfuzlu ailələrinin xidmətidir. Guya vaxtı ilə elit farsların ailələri bu bölgədə yaşayıblar. Onların iddiasına görə, Şuşa incəsənəti və memarlığının bir hissəsi də elə bu iranlıların orada yaşaması ilə əlaqədardır. Yazı müəllifləri məscidləri "iranlı Sufla məscidi” və "iranlı Yuxarı məscid” adlandırıblar. Digər məlumata görə, İran tərəfi Şuşa məscidlərini təmir etdirmək üçün şəhərə öz işçilərini göndərməyi planlaşdırır.
Əslində Şuşadakı hər iki məscid İbrahim Xəlil xan Cavanşirin qızı Gövhər ağanın adı ilə bağlıdır. İbrahim Xəlil xan da türk boyu olan cavanşirlərdəndir. Onların isə farslarla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.
Fars mediasının çirkin iddiası ilə bağlı "Şərq”ə açıqlama verən tarixçi-alim Dilavər Əzimli deyib ki, İran mətbuatı məscidlər məsələsini vaxtaşırı gündəmə gətirir və ənənəvi xəyanətini davam etdirir. Tarixçinin sözlərinə görə, bəhs edilən dövrdə İran adlı dövlət olmayıb:
"İran adı sonradan peyda olduğuna görə, onu coğrafi məvhum kimi daim gücləndirməyə çalışırlar. Məscidlər tikilən dövrdə həmin ərazilərdə Qacar-türk sülalələri hakimiyyətdə olublar. İran mediasının yazdıqları siyasi məqsədə xidmət edir. Həqiqəti bilə-bilə dəfələrlə bu mövzunu qabardırlar. Şuşada heç vaxt farslara məxsus abidə olmayıb. Farslar tarixi mənbələrdə "pars” kimi qeyd olunublar. Onlar indi məskunlaşdıqları əraziyə çox sonradan gəliblər və türklərdən böyük mədəniyyəti əxz ediblər. Elə onunla da başımızın bəlasına çevriliblər. Axı qədim türk abidəsini hansı mənbələrə əsaslanaraq "fars məscidi” adlandırırlar, hansı tarixi fakta söykənirlər? Şuşada farsların yaşadığına və orada məscid tikdiklərinə dair heç bir mənbə yoxdur. Gövhər ağa məscidlərinin tikilmə tarixi, kimin əmri ilə hansı memar tərəfindən tikildiyi hamıya bəllidir. Bunlar tarixi reallıqdır. İran mediasının yazdıqları yalan və uydurmadır. Heç kəs buna inanmaz”.
Alim bildirib ki, İran mediasının bu cür təxribatı onların ermənilərə havadarlıq etdiyini göstərir. Çünki farsların və ermənilərin mənşəyi eyni kökə dayanır:
"Ona görə də eyni istiqamətdə fəaliyyət göstərirlər. Fars rejimi 35 milyon Azərbaycan türkündən ehtiyat edir. Ona görə də, Azərbaycan torpaqlarından türk izini silməyə çalışırlar. Abidələrimizə qarşı bu cür təxribat törədənlərə vaxtında cavab vermək, onları yerində oturtmaq lazımdır. Hər iki xalq, ermənilər də, farslar da gəlmədir. Farslar bir az əvvəl gəliblər, ondan sonra isə ermənilər gəlib”.
Tarixçinin sözlərinə görə, bunun heç bir mənası yoxdur, boş təbliğatdır: "Azərbaycan tarixi elmi öz sözünü deyib. Bu günlərdə İstanbulda keçirilən konfransda Tarix İnstitutunun rəhbəri Yaqub Mahmudov dedi ki, tarix yenidən yazılmalıdır. Çünki tarix elmi yazılarkən erməni vandallarının hərəkətləri nəzərə alınmayıb. Bu məsələ tarixi abidələrə də aiddir. Bizim abidələrimizə gah farslar, gah da ermənilər yiyələnmək istəyiblər.
Amma həmişə əlləri boşa çıxıb. Çünki bizim haqq səsimiz dünyanın hər yerindən eşidilir. Bu bölgənin aborigen xalqları hamıya bəllidir. Məscidlər də onların bizə qoyduğu miraslardır”.
İsmayıl