"Taksi dayanacaqları yaradılsa,bəzi sürücülər qazana bilməyəcək" - İddia

"Taksi dayanacaqlarının yaradılmasından çox müştərilərin həmin dayanacağa gəlib-gəlməyəcəyini düşünmək lazımdır"
"Taksi dayanacaqları yaradılarsa, həmin dayanacaqlarda gözləyən sürücülər normal pul qazana bilməyəcək”.
Bu barədə "Sherg.az”a Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib. 
Ekspertin qənaətincə, sərnişinlər taksiləri küçədən saxlayıb, əyləşəcək, dayanacağa gedən olmayacaq:
"Vəziyyət ürəkaçan deyil. Çünki şəhərin mərkəzi küçələrində belə dayanacaqların yaradılmasına şərait də yoxdur. Dayanacaqların yaradılması həyata keçirilərsə, fikir ayrılıqları,çətinliklər yaranacaq.
Yeni qərar qəbul olunub, qanun qüvvəyə minirsə, sözsüz icra olunmalıdır. Amma elə qanunlar var icrası aylarla, illərlə vaxt aparır. Bu haqda qanun da qəbul olunsa, belə olacaq.
Hələ "nəqliyyat qoçuları”nın dövründə taksi sürücülərini fərqlənmə nişanı almağa məcbur edə bilmədilər. Bütün cəhdlərə rəğmən onlar pərakəndə fəaliyyət göstərir, qanunlara əməl etmir, fərqlənmə nişanı istifadə etmirdilər. Dayanacaq yaradılacağı təqdirdə sivil qaydada sürücüləri başa salmaq da mümkün olmayacaq. Çünki taksi sürücüləri ilə yollaşmaq çox çətindir. Yol Polisi işçisi gəlir, taksi sürücüsünə avtobus dayanacağında saxlamamağını xəbərdarlıq edir. 5 dəqiqə sonra yenə baxanda görür ki, sürücü avtobus dayanacağında maşın saxlayıb.
Düzdür, qanunlara riayət edən taksi sürücüləri də var. Elə həmin sürücülər yaradılacaq dayanacaqda gözləyəcək ki, müştəri yaxınlaşsın. "Fərasətli” sürücülər isə dayanacaqdan kənarda müştərini düşürdəcək, pulunu da qazanacaq. Dayanacaqda gözləyənlər isə pul qazana bilməyəcək. Ona görə, taksi dayanacaqlarının yaradılmasından çox müştərilərin həmin dayanacağa gəlib-gəlməyəcəyini düşünmək lazımdır. Bu gün dayanacağın 20 metr məsafəsində dayanıb, avtobus sürücüsünə əl edən sərnişindən necə taksi dayanacağına qədər getməyini gözləyə bilərik?”
Aysel Aslan