Talışların adından istifadə edən təxribatçılar Moskvaya yığışıb
“Rusiya belə məsələlərdə daha həssas olmalı və öz ərazisindən qonşu dövlətlərə qarşı separatçı fəaliyyətin həyata keçirilməsinin qarşısını almalıdır”
Rusiya və Azərbaycan arasında, xüsusən iki ölkənin rəhbərliyi arasında həmişə qarşılıqlı anlaşma mühiti hökm sürüb. Azərbaycan öz ərazisindən Rusiyaya qarşı üçüncü tərəflərin, beynəlxalq terror şəbəkəsinin, ayrı-ayrı separatçı qüvvələrin istifadəsinin, belə qüvvələrin respublikamızdan keçərək Rusiyaya sızmasının qarşısını qətiyyətlə alıb. Rusiya və Azərbaycan terrorizm və ekstremizmin yayılmasının qarşısının alınması məqsədilə birgə əməliyyatlar keçiriblər.
Azərbaycan KİV-ləri və vətəndaş cəmiyyəti təsisatları Rusiyanın ərazi bütövlüyü ilə bağlı məsələlərin müzakirəsində həmişə qardaş xalqlarımızın əlaqələrinin ruhuna zidd mövqe tutmaqdan çəkiniblər. Lakin çox təəssüflər olsun ki, eyni fikirləri və eyni münasibəti Rusiyanın bəzi çevrələrinə, onların təsirində olan media qurumlarına və vətəndaş cəmiyyəti təşkilatlarına şamil etmək mümkün deyil. Rusiyanın müəyyən strukturlarına sızmış erməni əsilli şəxslər artıq həmin strukturları, Rusiya mediasını və vətəndaş cəmiyyəti təsisatlarını Ermənistan dövlətinin anti-Azərbaycan siyasətini yürütmək üçün alətə, Moskvanı öz məkrli planlarının həyata keçirilməsi üçün platsdarma çevirməkdədir. Bir müddət əvvəl, Ermənistanda Azərbaycan əleyhinə "ikinci cəbhə” açmaq məqsədilə dövlətimizə, o cümlədən mənsub olduqları talış bölgəsinə və talışəsilli vətəndaşlarımıza xəyanət etmiş Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilərdən istifadə edilərək telekanal və mərkəzlər açılıb. Ölkə ictimaiyyətinin, ilk növbədə talışəsilli vətəndaşlarımızın kəskin qınağı səbəbindən erməni xüsusi xidmət orqanları taktikalarını dəyişərək həmin qurumların fəaliyyətini Moskvaya köçürüblər. Bu fəaliyyətlərdə adı keçən F.Aboszadə 1981-95-ci illərdə BDU-da işləyib. Onun əvvəlcə Kommunist Partiyasında, sonra isə AXC hakimiyyəti dövründə sürətli karyera sıçrayışı etmək cəhdləri uğursuzluqla nəticələnib.
"Politologiya” dərsliyi adı ilə kitab yazması da "lazımınca” qiymətləndirilməyib. Mənsub olduğu linqvistik icmanın regional separatçılıq avantürasını çəkmək cəhdi isə bölgə əhalisinin qətiyyətli səyi ilə iflasa uğrayıb. Bundan sonra Rusiyaya sığınan F.Aboszadə erməni xüsusi xidmətlərinin və Rusiyanın bəlli çevrələrinin tapşırığı ilə fəaliyyət göstərməyə başlayıblar. Azərbaycan dövlətinə və xalqına təhqirlər yağdıran Zabil Məhərrəmov da hazırda "fəaliyyəti”ni İrəvandan Moskvaya köçürüb. Z.Məhərrəmov təxribatçı planlarını da elə oradan həyata keçirir. Bir müddət əvvəl bu şəxs mətbuatda "bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır” bəyanatı ilə çıxış edən satqın və Vətən xaini olduğunu sübut edib. Xatırladaq ki, dördgünlük aprel döyüşləri zamanı Zabil Məhərrəmov hərbi əməliyyatlarda ermənilərin itkilərini gizlətməyə çalışaraq, düşmənin az qala "Bakıya çatacaqlarını” iddia edirdi. Ermənistan ordusunun ağır itkilər verdiyini, mövqelərini itirdiyini və geri çəkildiyini İrəvanın özü etiraf edəndən sonra Z.Məhərrəmov çıxışlarının ritorikasını dərhal dəyişdi. "Məzlum ermənilər” barədə mütəmadi "reportaj”lar hazırlayaraq yaymağa başladı. O da xatırladılmalıdır ki, Z.Məhərrəmovun açdığı "telekanal”ın aparıcılarının erməni əsilli olması haqda mediada araşdırmalar dərc olunub. "Telekanal”da məhərrəmlik mərasimlərindən danışan xanım aparıcının erməni olması, "Cahangir Şıxızadə” adlı şəxsin digər aparıcının da əslində erməni Sargis Asatryan olması aşkarlanıb. Yəqin ki, Moskva hökuməti anlayır ki, Azərbaycan əleyhinə bu tipli aqressiv fəaliyyətin Rusiyada rahatlıqla özünə meydan tapması Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Ən əsası isə odur ki, bununla yalnız Azərbaycana deyil, Rusiyanın öz mənafelərinə də xəyanət edilir. Rusiya tərəfi erməni lobbisinin Moskvanı get-gedə öz xəyanətlərinin qurbanına çevirməsinin, onu geostrateji əhəmiyyət baxımından bölgələrdən daha çox təcrid etməsinin fərqində olmalıdır. Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimi separatçılar Azərbaycan torpaqlarını işğal altında saxlayan, xalqımıza qarşı soyqırım həyata keçirən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, minlərlə həmvətənimizin qanını tökən Ermənistanın xüsusi xidmət orqanlarının əl buyruqçularıdır. Onların Rusiya ərazisindən ölkəmizə qarşı bölücü fəaliyyət göstərmələri, zərərli çağırışları və təxribatları həm Azərbaycan qanunvericiliyinə, həm də Moskva-Bakı əlaqələrinə zərbədir. Ölkə ictimaiyyəti ümid edir ki, Kreml rəhbərliyi tezliklə əhalinin narahatlığını nəzərə alacaq və dostluq münasibətlərini zədələyən xain ünsürləri zərərsiz hala gətirəcək.
Məsələ ilə bağlı münasibət bildirən politoloq Elçin Mirzəbəyli Axar.az-a açıqlamasında bildirib ki, Rusiyada separatizmin bütün təzahürləri, o cümlədən separatçı çağırışları da cinayət hesab olunur. Onun sözlərinə görə, Rusiya cinayət məcəlləsinin müvafiq maddəsində "Rusiya Federasiyasının ərazi bütövlüyünün pozulmasına xidmət edən çağırışlar cinayət əməli kimi tövsif olunur və belə hərəkətlərə görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Belə çağırışların həyata keçirilməsi istiqamətində atılan addımlar isə vətənə xəyanət sayılır.
Bu məsələ ilə bağlı Rusiya qanunvericiliyinin, bütövlükdə hüququn fəlsəfəsindən çıxış etsək, bu ölkədə Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimi separatçılar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Fəxrəddin Aboszadə və Zabil Məhərrəmovun əməlləri xalqlar arasında nifrət yaradılmasına, nifaq salınmasına xidmət edir”. E.Mirzəbəyli hesab edir ki, adıçəkilən xəyanətkar ünsürlərin, iyrənc casusların Rusiyada fəaliyyət göstərmələrinə şərait yaradılması Azərbaycan və Rusiya arasında olan çoxşəxəli əməkdaşlıq münasibətlərinə, dövlətimizin qonşu ölkə ilə əlaqələrinin mahiyyətinə də qətiyyən uyğun gəlmir: "Əslində, Rusiya belə məsələlərdə daha həssas olmalı və öz ərazisindən qonşu dövlətlərə qarşı separatçı fəaliyyətin həyata keçirilməsinin qarşısını almalıdır. Çünki Rusiya federativ dövlətdir və çoxmillətli bir dövlət üçün separatizm hədəf aldığı ərazidən asılı olmayaraq təhlükəlidir”.
İsmayıl