Tanınmışlar NURAYDAN nə yazdılar? - FİKİRLƏR HAÇALANIR
Quba rayon Məhkəməsində 10 yaşlı Nuray Bayramzadənin məhkəmənin qərarı ilə zorla xalasından alınıb, atasına verilməsini özündə əks etdirən video qısa bir zamanda sosial şəbəkədə rezonans yaratdı. Cəmiyyətdə ciddi müzakirələrə səbəb olan bu məsələyə verilən reaksiyalar da müxtəlif oldu. Hələ də ictimaiyyətdə əsas müzakirə olunan məsələ məhkəmənin 10 ildir Nurayın üzünü görmədiyi bildirilən ataya uşağın verilməsi ilə bağlı çıxardığı qərardır. Bildirilir ki, ata əgər bu vaxta qədər uşağını arayıb, sormayıbsa, bir günün içərisində məhkəmənin qərarı ilə ona verilə bilməz. Amma fərqli düşünənlər də var. Ekspertlərdən əlavə sosial şəbəkə istifadəçiləri də öz səhifələrində bu məsələ ətrafında fikir mübadiləsi aparıblar. Biz də Sherg.az olaraq ictimai sahədə tanınan bir neçə sosial şəbəkə istifadəçisinin Quba rayon Məhkəməsində yaşanan xoşagəlməz hadisə ilə bağlı paylaşımlarını yaydıq ki, internetə çıxışı olmayan oxucularımız ictimaiyyət üzvlərinin düşüncələri ilə tanış olsunlar!
"Xalq Cəbəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Qubada baş verən məlum hadisədən sonra bir qənaətə gəlib: "
Biz başqalarının həyatının qəhrəmanı olmağl çox sevirik... Ömründə bir kərə övladının nə düşündüyünü, nə hiss etdiyini sormayanlar da özgə həyatında at oynadırlar. Bir özünüzə, ətrafınıza baxın. Hər şey idealdımı? Doğmalarınıza yetərincə diqqət ayırırsınızmı? Sevginizi qarşılığını ummadan paylaşa bilirsinizmi? Özgə həyatının bilinməyən dolanbaclarında "qəhrəmanlıq" etmək çox asandır.
Öncə öz həyatınızın qəhrəmanı olun.
Azadinform.az İnformasiya Agentliyinin rəhbəri Niyaz Niftiyev bunları yazıb: "
Güzəşt ondan ibarətdir ki, uşaq qanuni atasına verilməlidir. Bunun başqa yolu yoxdur, amma təbii ki, uşaq başa salınmalı, təbliğat aparılmalı, xalanı, nənənin, bacanağın zəhərli fikirlərindən qurtarmaqla.Ədalət deyilən bir şey var, niyə o yazığın qızı bacanağının evində böyüməlidir, bu adam uşağndan imtina etməyib, illərdir onu əldə etmək üçün mübarizə aparır. Və baldızının evində bir ata qızın gözündə qatil kimi böydülür.
Tanınmış jurnalist Elşad Paşasoy deyib ki, o uşaq bu cəsarəti, bu məntiqi ilə bəlkə də Azərbaycanın ən öndə gedən, istedadlı vətəndaşı olacaqdı: "
Amma ömrünə elə balta çaldılar ki, bu sarsıntı ömrü boyu onu tərk etməyəcək. Ciddi travma aldı qızcığaz".
Şair Günel Treu isə belə düşünür:
" Üzr istəyirəm, o 'ata' o qızın başına hər oyunu gətirə bilər məncə, bilən varmı o körpə indi hardadır? Aman, 'ata' yanında olmasın!
Filologiya elmləri namizədi Yadigar Cəfərli isə 10 yaşlı Nurayın əhvalatının onun yadına İran rejissoru Əsgər Fərhadinin 2011-ci ildə çəkdiyi "Ayrılma” (A Seperation) kinosunu saldığını söyləyib:
"Oskar mükafatı almış əla bir kinodur. İstəyən tapıb baxa bilər. BBC onu 21-ci əsrin ən gözəl 100 kinosu sırasında 9-cu yerə daxil edib. Bu qədər yəni.
İndi keçək mətləbə. Nuray əhvalatında düz 5 tərəf var. Və ən qəribəsi, bu tərəflərin hər biri öz həqiqətində haqlıdır.
1. Ata – qanunun yaratdığı imkanlara əsaslanır. Atalıq hüquqlarını qorumaq istəyir. Açıqlamalarında pis insan təsiri bağışlamır. Qanuni olan bir çox şeylər ədalətsiz görünə bilər amma, qanun da qanundur.
2. Xala – uzun illərdir böyüdüb qayğısına qaldığı bacısı qızının bundan sonra da onun yanında qalmasını daha ədalətli sayır. Nə olsun ədalət qanunla atanın tərəfindədir. Amma uşağın sevgi və istəkləri ilə də xalaya səmtdir. İnsafən Nuraya da yaxşı baxır. Hiss olunur ki, onu gələcək üçün mükəmməl bir insan kimi yetişdirməkdədir.
3. Məhkəmə və icra məmurları – onlar qanunlara əsaslanaraq sadəcə öz vəzifələrini yerinə yetiriblər. Əlbəttə, bəlkə, psixoloq çağırmaq, digər yardımçı vasitələrdən faydalanmaq daha yaxşı olardı. Amma ata və xala tərəfi arasında bu qədər kəskin aqressiya varkən, o videoda baş verənlər, elə ya belə, mütləq yenə baş verəcəkdi.
4. İctimai rəy – həmişəki kimi yenə də daha çox emosiyaların təsirindədir. Emosiyalarda hansı tərəf güclü görünürsə, onu haqlı sayır. Bu baxımdan, güclü və haqlı tərəf uşağın sevgisi kimi təsirli emosional halətin mərkəzində dayanmış xaladır.
5. Ən nəhayət Nuray.
Anasını körpə ikən itirmiş bu istedadlı qızcığazın indi sevgi, qayğı, himayə qədər böyüklərin səmimiyyətinə, vicdanlı və həssas davranışlarına da ehtiyacı var.
Bir-birinə qarşı durmuş iki tərəf arasında çatışmayanlar da elə budur.
Axı alternativ həlləri həmişə tapmaq olar.
Tərəflər heç olmasa bu balaca uşağın xatirinə bir-biri ilə dil tapa bilər. Xala hüquqlara hörmətlə yanaşıb, onda öz atasına tədricən sevgi oyatmağı bacarar. Ata uşağın istəyinə zidd getməyib, tez-tez görüşmək, yeni ailəsi ilə də doğmalaşdırmaq şərtilə onun xalasının yanında böyüməsinə razılıq verə bilər.
Yəni hər şey bu qədərmi mümkünsüzdür?!
Öz eqolarını yenib bunları etmək əvəzinə, tərəflər hələ də gözlərini yumub ağızlarını açıblar. Sonda yenə "Ayrılma” kinosuna qayıdım. Ağayi Fərhadi ekran əsərini böyük intizar yaradan qeyri-müəyyənliklə tamamlayıb. Məhkəmə ata və ana arasında seçim etməyi məktəbli qızın öz öhdəsinə buraxır. Valideynlər dəhlizdə onun içəridən hansı qərarla çıxacağını gözləyirlər.
Diqqətli tamaçaçı isə hiss edir ki, uşaq daha vicdanlı tərəfin yanına gedəcək”.
"APA" Holdinqin rəhbəri Vüsalə Mahirqızı qeyd edib ki, bu adisənin arxa planını bilmirik: "
Orda hüquq kimin tərəfindədi, proseslər məişət zəminində necə inkişaf edib gəlib bu həddə çatıb, bizim bunlarla bağlı hələlik heç bir məlumatımız və qənaətimiz yoxdu. Amma bütün bunların dəyişdirməyəcəyi bircə fakt var. O uşaqla o otaqda elə davranmaq olmaz! Gözünüzü yumun. Və təsəvvür edin ki, Sizə sarılmış körpənizi, uşağınızı, nəvənizi zorla Sizdən qoparırlar və o da fəryad edir. Mümkün deyil, eləmi? Hə. Bax, bütün reaksiyalar buna uyğun olmalıdı. Çünki dünyada uşaq fəryadına haqq qazandıran, qanun, hüquq sistemi, ədalət ola bilməz! Yoxdu!
Tanınmış jurnalist Elçin Bayramlı deyib ki, icraçılarla baş verən insidentdən sonra bayıra çıxanda o arvadın nəsli hücum çəkib atanı döyüb, başını yarıblar, dövlətin qanunlarına, məhləməyə tüpürərək uşağı zorla atadan alıb oğurlayıb əsir götürüblər:
" O atanın yerinə olsam cibimdə bıçaq aparar orda övladıma yaxın gələni doğrayardım. Bundan sonra bir yolu qalıb, uşağa miras qalacaq əmlakdan imtina edib o arvada verdiyini bəyan etsin və gecəylə qadının evinə muzdla tutulmuş qoçu dəstəsi ilə hücum təşkil edib uşağını xilas etsin. Çünki bu adamlar qanuna hörmət etmir. Əmlak söhbəti isə məsələni birdəfələlik həll edəcək.
Şəymən