“Halbuki, bu dərsliklər insanlarımızın ideologiyasının formalaşmasına bilavasitə təsir göstərir”
“Dərsliklər ciddi şəkildə mütəxəssislər, metodist və psixoloqlar tərəfindən dəfələrlə yoxlanılıb, sonra istifadəyə buraxılmalıdır”
Orta məktəblərdə istifadə olunan tarix dərsliklərinin vəziyyəti daimi olaraq müzakirəyə çıxarılan mövzular arasındadır. Zaman-zaman mətbuata açıqlama verən ekspertlər Azərbaycan tarixi dərsliklərinin hələ də sistemləşdirilmədiyindən gileylənirlər. Orta məktəblərin Tarix dərsliklərindəki vəziyyəti "Şərq”ə şərh edən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, son illər orta məktəblərdə istifadə olunan Tarix dərsliklərində 10 il əvvəllə müqayisədə ciddi fərqlər və irəliləyişlər hiss olunsa da, nöqsanlar hələ də qalıb.
Bu nöqsanların insanları çaşdırdığını vurğulayan ekspert deyib ki, tarix fənni və dərsliyi digərləri ilə müqayisədə strateji və dövlət əhəmiyyətli elmdir: "Bu dərsliklər insanlarımızın ideologiyasının formalaşmasına bilavasitə təsir göstərir. Dövlət səviyyəsində belə əsaslı faktlara söykənərək, hər yerdə deyirik ki, Qarabağa, Qafqaza ermənilər köçürülüblər. Onlara bu torpaqlarda "aborigen millət” deyillər. Amma digər tərəfdən isə tarix dərsliklərimizdə erməni çarının süqutundan bəhs edən məqalə yer alır. Buna nə qədər şərh verilsə də, şagirdlərin beynində sual qalır”.
Dərsliklərdə hadisələrin açıq şəkildə verilməsini vacib hesab edən K.Əsədov tariximizin başdan-ayağa şərəfli, məğrur hadisələrlə dolu olduğunu qeyd edib: "Gerçəkləri yazmaqdan qorxmaq lazım deyil. Biz milli kimliyimizi açıq şəkildə yazmalıyıq. O zaman aydın olacaq ki, son statistik göstəricilərə görə, Azərbaycan xalqının 94 faizini türklər təşkil edir. Bəs türklər kimlərdir? Türklər bura gəlmə, yoxsa yerli millətdir? Altay nəzəriyyəsinə görə, türklər bu yerlərə gəlmədirlər. Amma tarixi gerçəkliklər bunu təkzib edir. Tarixdən öyrədilən saklar, massagetlər, işquzların Qara dəniz sahillərindən bura gəlmələri, bu ərazilərdə Skif çarının olması, Kuti dövlətinin mövcudluğu və sairə tarixi faktlar göstərir ki, Altay nəzəriyyəsi başdan-ayağa səhvdir. Bundan başqa türklərin tarixindən bəhs edən "Ergenekon” dastanında türklərin məskənləri barədə verilən məlumatlar Qafqaz və Anadoludan bəhs edir”.
Orta məktəblərdə keçirilən Azərbaycan tarixinin insanda hərb tarixi təsiri yaratdığını deyən K.Əsədov hesab edir ki, müharibələrdən çox söhbət gedir. Dövlətlərin sosial-iqtisadi inkişafına, mədəniyyətinə az yer verilir: "Bundan başqa X sinif "Azərbaycan tarixi” dərsliyində mədəniyyət mövzusu 17 paraqrafdır. Bu, şagird üçün ağır yükdür. Başqa bir kitaba baxaq, VIII sinif "Orta Əsrlər tarixi” dərsliyində Moğol İmperiyası kimi böyük bir mövzu bir abzasla əhatə olunub. Halbuki, bu dövlətin tarixi, fəaliyyəti böyük nümunədir və qürur duyulacaq səhifələrlə doludur.
Başqa bir nümunə gətirim: IX sinif "Ümumi tarix” dərsliyində "Fransa” mövzusu həddindən artıq ağır dildə, qarışıq yazılıb. Sanki bu, kiminsə dissertasiya işindən olduğu kimi köçürülüb. Heç fransızlar öz kitablarında Fransanı bizdə olduğu kimi dərindən yazmırlar. Elə bil ki, biz ümumi tarix kitabını Azərbaycan məktəblisi üçün yox, Amerika, İngiltərə, Fransa, Rusiya şagirdi üçün yazıb, onlara tarixlərini dərindən öyrədirik. Bizim o ölkələrin tarixini bu qədər dərindən öyrətməyimizə və öyrənməyimizə nə ehtiyac var? Başqa bir nümunə də deyim: XI sinif "Azərbaycan tarixi”nin informasiyaları həddindən artıq yüklüdür. Hər səhifədə 15-dən çox fakt var ki, şagirdlər bunu mənimsəyə bilmirlər. Hesab edirəm ki, dərsliklər ciddi şəkildə mütəxəssislər, metodist və psixoloqlar tərəfindən dəfələrlə yoxlanılıb, sonra istifadəyə buraxılmalıdır”.
Şəymən