Nəsiman Yaqublu:"Cümhuriyyət qurucularının irsinin toplanması, əsərlərinin yenidən nəşr olunması barədə səsləndirdiyimiz təkliflər də yerində qaldı"
"Cümhuriyyətin 100 illik yubileyi münasibətilə görülən işlər yüksək səviyyədə olmadı”.
Bunu "Sherg.az”a "Cümhuriyyət ili” çərçivəsində görülən işlərdən danışarkən tarixçi-alim Nəsiman Yaqublu söyləyib.
Onun sözlərinə görə, Azərbaycan Cümhuriyyətinin 100 illiyi daha təntənəli şəkildə qeyd edilməlidir:
"Cümhuriyyəti quran şəxsiyyətlərlə bağlı çox az iş görülüb. Cümhuriyyət qurucularının xatirə kompleksinin yaradılmasını, müxtəlif şəxsiyyətlərə ayrılan guşələrin formalaşdırılmasını təklif etdik. Cümhuriyyət qurucularının irsinin toplanması, əsərlərinin yenidən nəşr olunması barədə səsləndirdiyimiz təkliflər də yerində qaldı.
Böyük beynəlxalq konfrans keçirib, Azərbaycan Cümhuriyyəti barədə araşdırmalar aparan xarici alimləri Bakıya toplamaq lazım idi. Həmin şəxslərə gördükləri işə görə, heç olmasa "sağol” deyib, orden və medallarla təltif etmək olardı. Azərbaycanın azadlığı və istiqlalı uğrunda mühacirətdə böyük işlər görmüş insanların varisləri də Azərbaycana dəvət edilmədi”.
N.Yaqublu hesab edir ki, Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi xalqın yaddaşında qalacaq hadisəyə çevrilməli idi:
"Lakin bu baş tutmadı. Ona görə də, vəziyyətdən narahatam”.
Cümhuriyyətin 100 illiyi ilə bağlı ayrı-ayrı şəxslərin, tədqiqatçı və tarixçilərin fərdi tədbirlərinə gəlincə, N. Yaqublu bu addımlara müsbət yanaşır:
""Cümhuriyyət ili” çərçivəsində yeni kitabların çap olunacağına, tədbirlərin keçiriləcəyinə inanıram. Amma Cümhuriyyətin 100 illiyinin dövlət tərəfindən qeyd olunması kompleks tədbirlər şəklində həyata keçirilməli idi.
Bakı Dövlət Universitetinin qarşısında "Burada Məhəmməd Əmin Rəsulzadənin büstü ucaldılacaq” yazısı qoyulub. İllərdir, o büst qoyulmur. Daş lövhənin "Cümhuriyyət ili”ndə də orada saxlanması Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə sayğısızlıqdır. Ya lövhə götürülsün, ya da Rəsulzadənin heykəli ucaldılsın”.
Qeyd edək ki, 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Cümhuriyyətin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması üçün prezident İlham Əliyev xüsusi sərəncam imzalayıb, yubileylə bağlı müvafiq qurumlara tapşırıqlarını verib. Bundan əlavə 2018-ci il "Cümhuriyyət ili” elan edilib.
Aysel Aslan