Tarixçi-alimdən parlamentə müraciət:"...Qərar qəbul edilsin!

"Tarixi, ədəbi şəxsiyyətlərimizi təhqir edən şəxslərlə bağlı konkret cinayət işi başlanmalıdır”.
Bu barədə "Sherg.az”a bəzi telakanallarda tarixi və ədədi şəxsiyyətlərin təhqir olunmasından danışarkən tarixçi-alim Dilavər Əzimli bildirib.
Onun sözlərinə görə, bir dövlətin tarixi, ədəbi şəxsiyyətlərini tənqid edib, saf-çürük edirlərsə, həmin dövlətdə heç zaman yüksəliş ola bilməz:
"Hər dövlət tarixi ilə yüksəlir. Dünyanın tanınmış sərkərdələrindən biri deyib ki, tarixi yenilməz olan xalqları heç nə ilə yenmək, onlara ağalıq etmək olmaz.
Tarixi şəxsiyyətlərin üzərinə gedənlərdən soruşmaq lazımdır, ionların dırnağı qədər bu vətənə xidmət etmisənmi?
Bir dostum xaricdən, videomesaj göndərir ki, başa düşmürəm, necə olur Şah İsmayıl Xətaini, Babəki təhqir edənlər Azərbaycanda rahat yaşayır? Niyə prokurorlar onlar haqqında ölçü götürmür ki, onlar hansı ölkələrə işləyirlər ? Bunu öyrənmək lazımdır. Bu dövlətin tarixi şəxsiyyətlərini təhqir edənlər ona xəyanət edənlərdir.
Deputat Musa Qasımlı hələ yüngül təsvir verir. Bu, çox ciddi məsələdir. Milləti məhv etmək istəyirsənsə, onun tarixi şəxsiyyətlərini məhv et, sıradan çıxar. Səsləndirilən ifadələr ona xidmət edir ki, guya bu xalqın tarixi olmayıb və ancaq bu xalq 1918-20-ci illərdə formalaşıb. Halbuki Azərbaycan adı, Azərbaycan xalqının tarixi eradan əvvələ qədər gedir. İlk olaraq, Atropatenadan başlayan dövlətin formalaşması Sacilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövlətləri ilə davam edir. Bütün bu dövlətləri yox saymaq üçün xalqın mübarizəsini silmək lazımdır. Tarixi şəxsiyyətləri qaralamaqda məqsəd odur ki, xalq pərəstiş etdiyi şəxsiyyətə nifrət etsin, Şah İsmayıl Xətaini məzhəb ayrıseçkiliyi yaradan şəxs kimi tanısın. Sultan Mehmet Fateh sünni idi. İndi bir şiə durub ona sünni olduğu üçün nifrət etməlidir? Fateh deyəndə hamı ayağa qalxır, onların içərisində xristianlar da var. Demək, bu məzhəbçilik yaradanların, şəxsiyyətləri təhqir edənlərin bir məqsədi var: "Bu ölkəni böhrana sürükləmək". Biz bunun üzərinə gedəcəyik”.
Tarixçi-alim Milli Məclisə müraciət edib:
"Tarixi və ədəbi şəxsiyyətlərimizə çamur atanlara qarşı cinayət məcəlləsinin tətbiq olunması barədə qərar qəbul edilsin. Mənə elə gəlir, ölkə əhalisinin 90 faizi buna razı olacaq”.
Qeyd edək ki, Milli Məclisin payız sessiyasının son iclasında çıxış edən deputat Musa Qasımlı telekanal rəhbərlərini Azərbaycanın milli qəhrəmanlarını, dahilərini və tarixi abidələrini şübhə altına alan verilişlər verməkdə ittiham edib.
Aysel Aslan