Tarixçi XİN-dən hərəkətlilik tələb edir

“Ərazilərimizdəki mədəni irsin məhv edilməsi ilə bağlı etiraz notaları verilməlidir”
“Sadəcə prosesin sonunda təkzib vermək, quru bəyanat səsləndirmək itirilmiş irsimizi geri qaytarmayacaq”

Ermənilər işğal etdikləri ərazilərimizdə mədəni irsin məhv edilməsinə və tarixi abidələrin saxtalaşdırılmasına yönəlmiş çirkin əməllər törətməkdə davam edir. Zəbt edilmiş torpaqlarımızda qalan tarixi-mədəni abidələr ya tamamilə dağıdılır, ya da "erməni abidələri” adı altında saxtalaşdırılır.

Bununla kifayətlənməyən düşmən tarixi ərazilərimizdə arxeoloji qazıntılar da aparır. Məqsəd ermənilərin Qarabağa 19-cu əsrin əvvəllərindən etibarən köçürüldüyünə dair tarixi faktları ört-basdır etməkdir. Dünən yayılan məlumata görə, ermənilər tarixi Əsgəran qalasında qanunsuz tikinti işləri aparmağa başlayıblar. Şübhəsiz ki, tikinti işləri qalanın simasını tamamilə dəyişməyə hesablanıb. 

Separatçılar Əsgəran qalasını özününküləşdirmək naminə abidənin görkəminə ciddi zərər vurublar. Xatırladaq ki, üç gün əvvəl düşmənlər Şuşadakı Gövhər Ağa məscidində də qazıntı işləri aparıblar. Bu məbəd ermənilər tərəfindən dünya ictimaiyyətinə "fars məscidi” kimi təqdim olunur. Nəzərə çatdıraq ki, işğal altındakı ərazilərdə abidələrin kütləvi məhvi və saxtalaşdırılması Haaqa Konvensiyasına ziddir. Həmçinin, YUNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasının pozulması deməkdir. Təəssüflər olsun ki, rəsmi Bakının mütəmadi etirazına və beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmasına baxmayaraq, ermənilər vandalizm siyasətindən əl çəkməyiblər. 

Erməni vəhşiliyi ilə bağlı "Şərq”ə danışan tarixçi-alim Firdovsiyyə Əhmədova deyib ki, işğal olunmuş ərazilərimizdə tarixi abidələrə qarşı törədilən vandalizmin qarşısını almaq üçün ictimai qınaq məsələsində son dərəcə fəal olmalıyıq. Ən əsası isə dövlət səviyyəsində beynəlxalq təşkilatlara müraciət edilməli, dünya ictimaiyyətinin və rəsmi dairələrin diqqəti zəbt edilmiş ərazilərimizdə tarixi abidələrin dağıdılmasına yönəldilməlidir: 


"Bununla yanaşı, beynəlxalq təşkilatlar tərəfindən müvafiq qərarların, sərəncamların verilməsinə nail olmalıyıq. Əsarət altında qalan tarixi-memarlıq tikililəri içərisində beynəlxalq səviyyədə mühafizə olunan, Ümumdünya Mədəni İrs siyahısına daxil olan abidələr də mövcuddur. Bu baxımdan təcavüzə məruz qalmış ərazilərimiz, itkin və girov düşmüş insanlarımızla bağlı çaldığımız həyəcan təbilini tarixi irsimizin məhv edilməsi istiqamətində də göstərməliyik. Özü də bunu bir-iki dəfə, sadəcə düşmən tərəfin hərəkətə keçməsi anında deyil, daimi şəkildə həyata keçirməliyik”. 

Tarixçinin fikrincə, bu məsələyə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək daha təsirli və səmərəli olar: 

"Demokratik idarəetmə üsulu ilə hər zaman fəxr edən Avropa ölkələri tarixi-mədəni abidələrin tamamilə məhv edilməsinə ciddi reaksiya verməlidir. Azərbaycan dövləti çoxsaylı beynəlxalq təşkilatlar qarşısında mövqeyini qəti və israrlı şəkildə nümayiş etdirməlidir. Xarici İşlər Nazirliyi etiraz notaları və bəyanatlarla çıxış etməlidir. Eyni zamanda Azərbaycan cəmiyyəti, kütləvi informasiya vasitələri, ziyalılarımız, tarixçilərimiz məsələni daim gündəmdə saxlamalıdır. Ən azından çalışmalıyıq ki, bundan sonra toxunulmamış mədəni irsimizin qorunmasına nail olaq”.


Ekspertin sözlərinə görə, öncədən tədbir görmək strategiyası hazırlanmalıdır: 

"Sadəcə prosesin sonunda təkzib vermək, quru bəyanat səsləndirmək itirilmiş irsimizi geri qaytarmayacaq. İşğal altındakı ərazilərimizdəki maddi-mədəniyyət və tarixi memarlıq abidələrinin mövcudluğu haqqında pasportlar və qısa informasiyalar hazırlanaraq beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Əgər abidələrimiz beynəlxalq irs siyahısına düşərsə, toxunulmazlıq statusu qazanar. Əks halda, mütəmadi olaraq bu cür hallarla rastlaşa bilərik”.

İsmayıl