Borçalı kökənli ziyalılar prezidentliyə namizədlərə müraciət edib
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Borçalı ziyalıları tərəfindən gürcüstanlı soydaşlarımıza məxsus tarixi kənd adlarının bərpası yollarına həsr olunmuş tədbir keçirilib. Gürcüstan kökənli ziyalılar, iş adamları, ictimai fəallar və media nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə Gürcüstanda yaşayan soydaşlarımızla bağlı mühüm və həllini tapmayan məsələlər müzakirə olunub.
Borçalı əsilli fəal Kamran Ramazanlı bildirib ki, bu gün Azərbaycan, eləcə də Borçalı üçün çox vacib olan tarixi adların dəyişdirilməsi ciddi problemlərdən biridir: "Təəssüflər olsun ki, QHT-lərin nümayəndələri və ziyalılarımız bu məsələyə biganə yanaşırlar. Gürcüstan artıq Avropa Şurasına aid olan milli azadlıqlarla bağlı sənədləri ratifikasiya edib. Burada tarixi adlarla bağlı xüsusi bəndlər var. Biz həmişə Gürcüstan vətəndaşları ilə bir olmuşuq. Gürcüstanın ərazi bütövlüyü uğrunda Borçalı əsilli gənclərimiz şəhid olublar. Bizim üçün güclü Gürcüstan lazımdır. Çünki hazırda Gürcüstan Azərbaycanın strateji müttəfiqidir”.
K.Ramazanlı həmçinin azərbaycanlı yazıçı-publisist Nəriman Nərimanovun Gürcüstan mədəniyyətində böyük rol oynadığını diqqətə çatdırıb: "Sovetlər vaxtında Marneuli rayonunda Nəriman Nərimanovun adına mədəniyyət evi, park və heykəl var idi.
N.Nərimanov keçmiş SSRİ məkanında tanınmış şəxsiyyət olmaqla yanaşı, eyni zamanda Marneuli rayonunda fəaliyyətləri olan bir ziyalı, dövlət xadimidir. Təəssüflər olsun ki, 2007-ci ildən bu günə qədər N.Nərimanovun adına məxsus olan tarixi lövhə qalsa da, onun barelyefini sakit şəkildə götürüblər. 2018-ci ilin iyun ayında bu fakt daha qabarıq şəkildə məlum oldu. Çünki Gürcüstandakı bir qrup fəal gənclər N.Nərimanovun adına mədəniyyət evində bayram tədbiri keçirmək üçün hazırda Marneuli rayonunun icra başçısının səlahiyyətlərini icra edən Zaur Tabatadzeyə müraciət ediblər.
Z.Tabatadzenin həm şifahi, həm də yazılı cavabında qeyd olunur ki, bu rayonda N.Nərimanov adına mədəniyyət evi yoxdur. Bundan sonra gənclərimiz Gürcüstanda "ASAN xidmət"ə, Marneuli rayon bələdiyyəsinə, eyni zamanda Arxiv İdarəsinə sorğu ilə müraciət ediblər. Bu sorğular nəticəsində isə yalnız bir sənəd ortalığa çıxdı. Sənəd 2003-cü il 8 may tarixli Marneuli şəhər bələdiyyəsinin qərarıdır. Yalnız həmin qərarda mədəniyyət evinin N.Nərimanovun adına olması öz əksini tapıb. Bütün bunlar bizi və Gürcüstanda yaşayan soydaşlarımızı narahat edən məsələlərdəndir”.
Tədbirin sonunda Gürcüstan əsilli ziyalılar və ictimai fəallar tərəfindən Gürcüstan dövlətinin prezidentliyə namizədlərinə ünvanladıqları müraciətlə bağlı da müzakirələr aparılıb.
Yeganə Bayramova