Tbilisi erməni səfiri danışığına görə qəbul etmir

Sergey Minasyan Gürcüstanla bağlı xoş olmayan fikirlər səsləndirib


Gürcüstan hökuməti Ermənistanın Tbilisiyə göndərəcəyi yeni səfiri, politoloq Sergey Minasyanı qəbul etməkdən imtina edib. Bu barədə informasiyanı "Jamanak” qəzeti yayıb.

Qəzet iddia edib ki, Minasyan Tbilisi üçün arzuolunmaz şəxs hesab olunur. Gürcüstan hökuməti Minasyanın Ermənistanı yox, Rusiyanı təmsil edəcəyini iddia edib. 

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev deyib ki, Sergey Minasyanın səfirliyindən imtina edilməsi birbaşa onun şəxsi fəaliyyəti və xarakteri ilə bağlıdır: 

"Minasyan Gürcüstanla bağlı xoş olmayan fikirlər səsləndirib, onlara qarşı mövqe tutub. Ondan imtina edilməsinin əsas səbəbi budur. İnanmıram ki, burada başqa nüanslar olsun. Çünki gürcü hökuməti Ermənistandan son 25 ildə gələn bütün diplomatları qəbul edib, onların heç birini geri çevirməyib. Hesab edirəm ki, Minasyanın qəbul edilməməsi şəxsən söylədiyi arzuolunmaz fikirlərlə bağlıdır”. 

Ekspert bildirib ki, səfirdən imtina tərəflər arasında ziddiyyət yaratmır: 

"Bir ölkə digərinə səfir təyin etmək istəyirsə, lakin həmin ölkə buna razılıq vermirsə, o zaman səfirin təyinatı baş tutmur. Çünki razılıq əsas şərtdir. Bu razılıq diplomatik dildə "aqreman” adlanır. Əgər səfiri qəbul edəcək ölkə aqreman verməzsə, o halda yenidən digər şəxsin namizədliyi irəli sürülür və proses təzədən başlayır”.

İsmayıl