Savçenko Ukraynada güclü müxalif sima ola bilməyəcək
Ukrayna Ədliyyə Nazirliyi "Nadejda Savçenkonun sosial-siyasi platforması” siyasi partiyasını qeydiyyatdan keçirib. Bu barədə siyasətçinin özü feysbuk hesabında yazıb. Savçenkonun sözlərinə görə, o, indi yalnız millət vəkili deyil, həm də "Nadejda Savçenkonun sosial-siyasi platforması” siyasi partiyasının lideridir:
"Artıq mən yalnız fraksiyadan kənar deputat yox, həmçinin siyasi partiyanın lideri və sədriyəm. Partiyanın məqsədi Ukraynada konstitusiya yolu ilə siyasi sistemi dəyişməkdir”. Xatırladaq ki, 2016-cı ilin aprelində Rusiyada həbsdə saxlanılan Ukrayna Hava Qüvvələrinin baş leytenantı, helikopter pilotu Nadejda Savçenko Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunub və 22 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Ukraynada məhkum olunmuş Rusiya Baş Kəşfiyyat İdarəsinin zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla dəyişdirilib.
Yeni müxalif simanın Ukrayna siyasətində uğur qazanıb-qazanmayacağını "Şərq”ə dəyərləndirən politoloq Vasif Əfəndiyev deyib ki, Nadejda Savçenko Rusiya əsirliyindən Ukraynaya döndükdən sonra çox iddialı və populist çıxışlar etdi. Ekspertə görə, bu cür davranış sərgiləməsi onun siyasi təcrübəsinin olmamasından irəli gəlirdi:
"Güman etmək olardı ki, müəyyən zaman keçdikdən sonra Savçenko reallıq hissini bərpa edə biləcək. Lakin bu baş vermədi, eyforiyaya qapılan xanım deputat Ukraynada gedən proseslərə təkbaşına müdaxilələr etməyə başladı. Savçenkonun "Batkıvişina” siyasi təşkilatının üzvü olmasına baxmayaraq, öz adından qondarma DNR və LNR rəhbərlikləri ilə siyasi danışıqlara qoşulması onun partiyadan xaric olunması ilə nəticələndi. Radikal çağırışlar edən Savçenko az da olsa ictimaiyyətdən dəstək ala bildi və bu da ona öz adı ilə səslənən siyasi partiya yaratmağa stimul verdi”.
V.Əfəndiyev bəyan edib ki, paralel olaraq hazırkı hakimiyyətə müxalif mövqedən çıxış edən Saakaşvili faktoru da var. Lakin Saakaşvilinin milli mənsubiyyəti qarşısında dayanan ən böyük əngəldir:
"Ukrayna millətçiləri, cinayətkar aləm adlanan kəsim, qeyri-qanuni yolla zənginləşən oliqarxiya nümayəndələri Saakaşvilini sıradan çıxartmağa çalışırlar. Savçenkonun belə bir problemi olmasa da, siyasi təcrübəsi və savadı çox azdır. Hesab edirəm ki, Savçenko növbəti seçkilərdə iştirak etmək qərarına gələrsə, parlament və ya prezident seçkiləri olsun, təsirli üstünlük əldə edə bilməyəcək. Ukraynaya rəhbərlik edən Poroşenko təcrübəli dövlət xadimi olmasa da, artıq ölkəsinin Avropaya inteqrasiya kursunu götürdüyünü bəyan edib və bu sahədə kifayət qədər ciddi addımlar atıb. Bu yaxınlarda Avropa birliyi ölkələrinin Ukrayna ilə viza rejimini ləğv etmək haqqında qərarı bu sahədə atılan ən ciddi addımdır”.
İsmayıl