Təhlükə tam sovuşmayıb... !

Elmar Nurəliyev : "Radikalizmin təsirinə düşən şəxsi, fikirlərindən daşındırmaq, düz yola gətirmək çox çətindir"


"İŞİD-in tərkibində olan azərbaycanlıların çoxu radikal və ekstremist təbliğatın təsiri ilə terrorçu təşkilatlara qoşulan gənclərdir”.

Bunu "Sherg.az”a Azərbaycandan 900 nəfərin İŞİD terror təşkilatına qoşulmasına münasibət bildirərkən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib. 

O bildirib ki, həmin şəxslərin çoxu özləri ilə birlikdə ailə üzvlərini də bu terrorçu təşkilatlara qoşmaqla radikal ekstremist təbliğatın geniş yayılmasını təşkil edib:

"Dövlət Təhlükəsizlik Xidməti (DTX) bunlara həmişə inamlı mübarizə aparıb. Son vaxtlarda xüsusilə ardıcıl əməliyyatlar keçirərək, radikal-dini ekstremist təbliğatın təsiri ilə terrorçu fəaliyyəti ilə məşğul olanları zərərsizləşdirib. Lakin bu o demək deyil ki, təhlükə tam sovuşub. Radikalizmə meylli insanlar yoxdur. Fikrimcə, insanların radikal-dini ekstremist təbliğatın təsiri ilə terrorçu təşkilatlara qoşulması maariflənmənin olmamasından irəli gəlir.

 Orta məktəblərdə dini mövzuda az da olsa, informasiya verilmir. Məktəbdə oxuyan şagird yuxarı sinifdə, yaxud məktəbi bitirən kimi radikal-dini ekstremist təbliğatın təsiri ilə terrorçu təşkilatların nümayəndələrindən dini biliklər əldə edir və onlara rahatlıqla qoşulur. Elə bilirlər, gedib, İraqda, Suriyada ölsələr, cənnətə düşəcəklər. Niyə gedib təhsil alıb, savadı, biliyi ilə xalqına, millətinə, insanlara kömək etməklə, yaxşı əməlləri ilə yox, özlərinə bomba qoyub, partlatmaqla, günahsız insanları da məhv etməklə cənnəti qazanmaq istəsinlər ki?!

Radikalizmin təsirinə düşən şəxsi, fikirlərindən daşındırmaq, düz yola gətirmək çox çətindir. Hesab edirəm, valideynlər də uşaqları yeniyetmə yaşından nəzarətdə saxlamalı, uşağın maraqlarını, hobbisini, dini baxışlarının düzgün formalaşmasını təmin etməlidirlər. Düşüncə cəhətdən sağlam gənclər yetişdirməklə terrora qoşulanların sayını azalda bilərik”.

Qeyd edək ki, DTX rəisi, general-leytnant Mədət Quliyevin sözlərinə görə, 300-ə yaxın azərbaycanlı İŞİD-in tərkibində döyüşlərdə həlak olub.

Aysel Aslan