"Tələbə heç bir ciddi xəsarət almayıb" - Polis aydınlıq gətirdi




Ötən saatlarda "Sherg.az”da "DYP əməkdaşı tələbə qızı vurdu" başlıqlı məqalə dərc olunub. Yazıda qeyd olunur ki, bu gün saat 13:00 radələrində paytaxtda Azərbaycan Neft və Sənaye Universitetinin yaxınlığında Dövlət Yol Polisinə (DYP) məxsus 99 YP 316 dövlət nömrə nişanlı avtomobil tələbə qızı vurub. Bu barədə hadisənin şahidi olan əməkdaşımız məlumat verib:

"Tələbənin vəziyyəti ağır idi. Onu taksiyə qoyub xəstəxanaya apardılar. DYP isə həmin taksinin arxasınca getdi".

Məsələni dəqiqləşdirmək üçün Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Qurumdan "Sherg.az"a bildirildi ki, tələbənin vəziyyəti normaldır:

"Yol Polisinin avtomobilinin güzgüsü tələbəyə dəyib. Tələbə panikaya düşüb, lakin heç bir ciddi xəsarət almayıb və o, hazırda evlərindədir". 

Ayyət Əhməd