Nizami Cəfərov Sabir Rüstəmxanlının rektorları sərt tənqid etməsini düzgün saymayıb
Xalq şairi, sabiq deputat Sabir Rüstəmxanlı universitet rektorlarını tənqid edib. Türkiyənin ali təhsil ocaqlarında tələbələrlə görüşdüyün deyən S.Rüstəmxanlı Azərbaycan universitetlərində bu cür görüşlərə imkan verilmədiyini söyləyib: "Türkiyənin 20-yə yaxın tanınmış universitetində, Ankara və İstanbulun hər birinin 4-5 ali məktəbinin böyük salonlarında tələbələrlə görüşlərim oldu.
Ancaq Azərbaycanda son 25 ildə universitetlərin heç birində, fakültə səviyyəsində belə görüşüm olmayıb. Buna cəhd göstərilsə də, izn verilməyib. Görəsən, burada uduzan kimdir? Hər universitet bir rektorun şəxsi malikanəsi ola bilməz. Mənə müraciət edən tələbələrə bu durumu izah edə bilmirəm”.
Xalq şairinin şikayəti ilə bağlı "Şərq”ə danışan millət vəkili, akademik Nizami Cəfərov universitetlərdə ziyalılarla olan görüşlərin artırılmasına ehtiyac olduğunu deyib. Lakin alim birbaşa universitet rektorlarının sərt tənqid olunmasını düzgün saymayıb:
"Türkiyə ali məktəblərinin bu sahədə böyük ənənələri var. Ona görə də qardaş ölkənin universitetləri ilə Azərbaycanın ali təhsil ocaqlarında müqayisə aparmaq bir qədər çətindir.
Türkiyə universitetlərində bizdə olmayan problemlər var. Məsələn, orada əksər ali məktəblər siyasiləşiblər. Sovet dövründə Azərbaycan universitetlərində ziyalılarla, ictimai xadimlərlə tez-tez görüş keçirilirdi. Müasir dövrdə universitetlər yenidən təşkil olunduğu, sayları artdığı üçün əsasən tədris məsələlərinə fikir verilməyə başlandı. Yəni ali məktəblərimiz yavaş-yavaş oturuşmağa başlayıb. Yəqin ki, bundan sonra ziyalılarla olan görüşlərin sayı çoxalacaq. "Rektorlar universiteti öz malikanəsinə çevirir” ifadəsi bir qədər uyğunsuzdur. Sabir müəllim dəyərli ziyalımızdır. Əgər nəyisə tənqid edirsə, prinsip etibarı ilə haqlı olur. Ancaq bu işlərin metodu var, müəyyən qaydaları var. Yalnız tənqidlə iş bitmir. Çalışmaq lazımdır ki, bu, ənənəyə çevrilsin. Sabir müəllim isə tənqidi aşırı dərəcədə edib”
Alim bildirib ki, ümumiyyətlə, bu cür tədbirlərə rektorlar qarışmalı deyil:
"Türkiyə ali təhsil ocaqlarının rəhbərləri tələbələrlə alimlər, yazıçılar arasında baş tutan görüşlərə qarışmırlar. Ali məktəblərin nəzdində bu işlə məşğul olan xüsusi qurumlar var. Universitetlərin özləri ziyalılarla görüş təşkil etməkdə maraqlı olurlar. Özü də təkcə müasir dövrdə həyatda olan alim və söz adamları ilə deyil, klassiklərin yaradıcılığı, yubileyləri ilə bağlı maraqlı tədbirlər təşkil edirlər. Yaxud, hansısa ictimai-siyasi hadisə ilə bağlı konfranslar hazırlanır və müxtəlif şəxslər dəvət olunur. Bizdə də bu işi kütləvi hala salmaq lazımdır. Bakı Dövlət Universitetində ədəbiyyatla bağlı çoxlu sayda yubileylər keçirilir. Bunların mütləq əksəriyyətini filologiya fakültəsi təşkil edir”.
İsmayıl