Burada böyük bir peşəkar komanda işləməlidir ki, proqramlar baxımlı olsunVüsal Məmmədov: “Hətta ən ciddi siyasi verilişdə, debatda belə şounun olması mütləqdir. Bu, dünya televiziyalarında qəbul olunan strategiyadır”
Xalid Niyazov:"Aparıcıların özlərinin hazırlığı məsələsi önəmli faktdır. Siyasi tok şou aparıcısı verilişə çıxarkən kağızda yazılanı oxumaqla kifayətlənə bilməz”
İnformasiya cəmiyyətində insan-cəmiyyət münasibətlərinin tənzimlənməsi prioritet məsələlərdən biridir. Zaman, dövr dəyişir, getdikcə cəmiyyət daha da informasiyalaşır. Televiziyalar gün ərzində saysız-hesabsız informasiya ötürməklə məşğuldur. İnformasiya seçimi isə azad auditoriyanın ixtiyarındadır. Bu maratonda geniş izləyici kütləsi informasiya mənbəyi sayılan televiziyalara lazımi "qiymət”i verəcəklər. Bir haldaki televiziya cəmiyyətin güzgüsü hesab olunur, o zaman ictimai rəy teleefirdəki informasiya sirkulyasiyasına təsir edə bilməlidir.
Televiziya öz işində səriştəli, peşəkar, işini sevən insanlar tələb edir. Cəmiyyətin rəngarəngliyi, həmahəngliyi, harmoniyası, müxtəlifliyi nəzərə alınaraq fərqli formalarda, hər kəsimi qane edəcək, tələbata cavab verəcək efir verilişləri hazırlamaq həqiqətən peşəkarlıq sahəsində mümkün ola bilir.
Televiziyanın 3 əsas funksiyası hər zaman öz aktuallığını qoruyub saxlamalıdı - maarifçilik, informasiya, əyləncə funksiyalarıdır.
Bu üç funksiya arasında düzgün və balanslı bölgü sistemi qurulsa, televiziya həm cəmiyyətin qınaq obyektinə çevrilməz, həm də öz vətəndaşlıq mövqeyini haqlı olaraq nümayiş etdirmiş olar. Diqqət yetirsək görərik ki, inkişaf etmiş Qərb ölkələri daha çox, siyasi tok şouların, elmi-texniki informasiyanın əldə edilməsi, ötürülməsi, yayılması işi ilə məşğul olur. Az inkişaf etmiş ölkələrdə isə bu tendensiya daha çox əyləncə, talk-şou kontentli informasiyada özünü göstərir.
Televiziyada siyasi tok şoular, xəbər necə təqdim edilməlidi? Bu gün Azərbaycan teleməkanında siyasi tok şoular, xəbərin ötürülməsi tamaşaçını qane edə bilirmi?
Suallarımıza maraqlı cavablar ala bildik.
"Lider” Televiziyasının aparıcısı, Azvizion.az saytının baş redaktoru Vüsal Məmmədovun televiziyaya baxışı maraqlı məqamları ilə diqqət çəkə bilər: "Televiziyada şou olmalıdır. Fərqi yoxdu, söhbət xəbərdən, analitik müzakirədən, siyasi tok şoudan, əyləncəli verilişdən və ya sosial mahiyyət daşıyan proqramdan gedir. İstənilən halda şou elementi olması vacibdi. Hətta ən ciddi siyasi veriliş və çox ciddi bir siyasi məsələ ilə bağlı debatda belə şounun olması mütləqdir. Bu, dünya televiziyalarında qəbul olunan strategiyadır. Xəbər proqramı özü belə şoudur. Siyasətin, xəbərin şousu. Şou ancaq əyləncə demək deyil. Şou izləyicinin diqqətini yönəltmək üçün seçilən bir üslubdu.
Xəbər aparıcısı izləyicinin diqqətini özünə yönəldə bilməlidir. Televiziyada hər şey şoudu. Əgər siyasi, analitik və digər bu kimi ciddi məsələləri şoulaşdırıb müzakirə edə bilmiriksə, yəni gərgin, həyəcanlı bir axarda apara bilmiriksə, tamaşaçı ona baxmayacaq. Bu artıq televiziya janrı sayılmır. Televiziyada şou bir janr olaraq istənilən mövzunun təqdimatında vacibdi. Azərbaycan televiziyasından danışırıqsa, bunu bacaran həddindən artıq az aparıcı, barmaqla sayılacaq qədər jurnalist var. Bir neçə bu sahəni bilən televiziya aparıcısı var ki, onların təqdimatında maraqlı layihələri görmək mümkün ola bilər. Həddindən artıq az aparıcı tanıyıram ki, tamaşaçının diqqətini özündə saxlamağa qadirdi.
Çünki məsələnin incəliklərindən xəbərsizdilər. Bəzən xəbər aparıcıları, siyasi tok-şou təqdim edən həmkarlarımız məsələnin kütlə üçün maraqlı ola bilən tərəflərini bilmirlər. Qonaqları biri-birinə qarşı qoyaraq maraqlı debat yarada bilmirlər ki, bu da televiziyada bu kimi verilişlərdə ən vacib məqam sayıla bilər. Siyasi tok şouların, siyasi xəbərlərin təqdimatında tamaşaçıda maraq yarada bilmirlər deyə lazım olan nəticəni də əldə etmək çətinləşir. Siyasi tok şoularda maraq yaratmaq xüsusi bir bacarıq, istedad və savad tələb edir. Ümumiyyətlə, xəbərin özü şoudur. Fikrimcə, efir şoudu. Siyasi reportaj belə quru təqdim edilsə, baxan olmur. Şou deyəndə burda mütləq əyləncə nəzərdə tutulmur. Maraqlı jestika belə siyasi reportajın təqdimatında reytinqə təsir edə bilər. Xəbər aparıcısı hər saniyə diqqəti özündə saxlamağı bacarmalıdır. Əgər aparıcı 5 saniyə o diqqəti özünə çəkə bilmədisə, tamaşaçını itirə bilir. Tamaşaçı dərhal düyməni dəyişər.
Çünki bu gün alternativ kanallar var. Məndən heç kim inciməsin. Mən özümü belə tənqid edərək qeyd edirəm ki, mənim təqdimatımda da dediyim maraqlı şou elementləri az olur. Yalandan nə deyim? Bu baxımdan özümdən də razı deyiləm. Rusiya kanallarını izləyənlərə məlumdur ki, hər axşam onların kanallarında çox ciddi siyasi mövzular tok şoularda müzakirə edilir. Salovyovun tok şousuna siyasətlə maraqlanan hər bir azərbaycanlı tamaşaçı baxır. Bu bir həqiqətdi. Şou bu deməkdi. Fikir müxtəlifliyi var, hər saniyə gərginlik yaşanır, bu gərginlik tamaşaçını efirə bağlayır.
Biz bəzən tamaşaçıya lazım olan mesajı çatdıra bilmirik. Amma Rusiya kanallarında bu mesajları tok şoularda çatdıranlar var. Mən o səviyyədə deyiləm. Yalan deyə bilmərəm ki, mənim hazırladığım tok şoular Rusiya kanallarındakı verilişlərlə müqayisə oluna bilər. Bu tək məndən asılı olan səbəb də deyil. Televiziya bir nəfərin əməyi deyil. Burda komandanın peşəkarlığı vacibdi. Güləşlə futbol komandasında olan fərq qədər görünən əməkdən söhbət gedir. Sən yaxşı köşə yazarı, güclü publisistik yazı müəllifi ola bilərsən. Amma komanda oyunudu. Biz burda gəlib ilişib qalırıq. Çünki hamı ancaq özünün əməyini təqdim etməyə iddialı olur. Bizdə siyasi tok şoular azdı. Buna yetərincə vaxt ayrılmır. Amma vaxt da ayrılsa, ümumiyyətlə, yerli televiziya tamaşaçısını itirəcək. Çünki elə tok şouları təqdim etmək böyük məsuliyyətlidi. Heç kimin bostanına daş atmaq niyyətində deyiləm. Televiziya komanda əməyidir, əlaqəli, ahəngdar işin göstəricisidir. Amma bu təkcə televiziyanın komanda fəaliyyəti ilə də bağlı deyil. Normal sivil cəmiyyətdə insanların biri-biri ilə mübahisəsi, televiziyada debat və fikirlərin ziddiyyətli olması normal qəbul edilir.
Bizdə isə iki qonaq dəvət ediləndə birinin fikri digərini qane etmirsə, irad səslənirsə, bunu təhqir kimi görənlər çoxdu. O insan nədənsə verilişdə özünü təhqir olunmuş hiss edir. Halbuki fikir müxtəlifliyi deyilən bir anlayış var. Hətta iki nəfər debat edir, tok şouda fikir söyləyirsə, biri özünü məğlub edilmiş hiss edə bilir. Bu qədər "axmaqcasına” yanaşmanı qəbul edə bilmirəm. Belə bir cəmiyyətdə tok şou aparmaq həqiqətən bir aparıcı üçün çox çətindi. Mən özüm aparıcı olmaqla yanaşı, verilişlərə də qonaq qismində dəvət olunuram. Ehtiyat edirsən ki, fikrindən qarşı tərəf inciyər, mənə qarşı kini yarana bilər. Düşmənçiliyə çevrilən münasibət yarana bilər. Verilişdə olan debat şəxsi müstəviyə keçə bilər. İnsanlar da belə yanaşır. Filankəs tok şouda məğlub oldu, o biri qazandı. Bu, yanlış təəssüratdı. Belə təsəvvürlü cəmiyyətə normal tok şou aparmaq çətindi. İnsanlar hər şeyə şəxsi müstəvidə yanaşırlar. Hamı öz fikrini daha böyük həqiqət hesab edir. Ona görə də bizim cəmiyyətdə maraqlı siyasi tok şoular təqdim etmək məsuliyyətli olduğu qədər də çətindi”.
İctimai televiziyanın aparıcısı, əməkdar jurnalist Xalid Niyazovun televiziyada xəbər və siyasi tok şoulara tamaşaçı marağını belə izah edir: "Siyasi tok şouların digərlərindən fərqi olmalıdır. Siyasi tok şoulara tələb daha böyükdü. Tələbat da var. Amma siyasi tok şouların səviyyəsi bir tamaşaçı olaraq şəxsən məni bir o qədər də qane etmir. Təbii ki, müqayisə etmək mümkündür. Biz Rusiyanın, Türkiyənin telekanallarına baxırıq, fərq göz önündədir. Mövzular maraqlı, debatlar fərqli və yaddaqalan olur. Mövzunun aktuallığından tutmuş qonaqların dəvət olunmasına, kimin hansı məsələyə nə qədər bələd olması və hansı sahədə daha professional fikir səsləndirməsinə qədər nəzərə alınır. Bizdə bu məsələlərdə axsamalar var. Eyni zamanda aparıcıların özlərinin hazırlığı məsələsi önəmli faktdır. Siyasi tok şou aparıcısı verilişə çıxarkən kağızda yazılanı oxumaqla kifayətlənə bilməz. Siyasi tok şou xəbər oxumaq deyil. Aparıcı mövzunun mahiyyətini dərk etməli, mövzudan kənara çıxmamalıdır. Aparıcı mövzuya nə qədər bələd olduğunu veriliş boyu göstərmiş olur. Düşünürəm ki, burda peşəkar bir komandaya da ehtiyac var. Mövzunun seçilməsindən dəvət olunan qonaqlara qədər tok şounun gedişatına təsiri olur. Bizdə də tok şoular var. Amma digər ölkələrin telekanallarının səviyyəsinə çatmaq üçün çalışmaq lazımdı. Mən bunu bir tamaşaçı olaraq fikrimi söylədim.
Qaldı xəbərin tamaşaçıya çatdırılması məsələsinə, burda əsas prinsip olmalıdır. Xəbər götürüldüyü kimi çatdırıla bilməz. Mütləq araşdırılmalı, dəqiqləşdirilməlidir. Düzdür, informasiyada operativlik bu gün ən önəmli bir göstəricidir. Amma dəqiqləşmədən tamaşaçıya xəbər ötürülə bilməz. Bir də qorunan xəbərlər var ki, bu məqamı nəzərdən qaçırmaq olmaz. Dövlət sirləri, milli dövlətçilik maraqları var ki, bu baxımdan xəbərə nəzarət etmək lazımdı. İstənilən halda televiziyada daxili senzura olmalıdır - vicdan azadlığı nəzərə alınmalıdır. Obyektivlik və peşəkarlıq televiziya strategiyasını tənzimləyə bilən amillərdən sayılır. Qaldı xəbərin şou şəklində təqdimatına, bəli, bu gün dünya telekanallarına baxanda bunu görə bilirik. Ən ciddi siyasi mövzu, xəbər barədə danışarkən aparıcı müəyyən jestikalardan, şou elementlərindən istifadə edərək tamaşaçının diqqətini özünə çəkərək onu ekrana bağlaya bilir. Xəbərdə söz vacib elementdi. Xəbərin özünün energetikası var.
Demirəm mimika, jestikulyasiya çox olsun. Amma xəbər aparıcısının intonasiyasından tutmuş, duruşuna qədər canlılıq olmalıdır. İstənilən xəbər tipli verilişlərdə aparıcı müəyyən şou elementləri ilə tamaşaçını qazana bilər. Siyasi tok şoularda bu, xüsusilə vacibdi. Aparıcı mövzuya bələd olmalı, maraq yarada bilməlidir. İctimai siyasi tok şoularda müəyyən şou elementlərindən istifadə verilişin gedişatına da, tamaşaçını həyəcanda saxlamağa da təsir etmiş olur. Bu, dünya televiziya təcrübəsində qəbul olunan tərzdi”.
İnsanın tərbiyəsində, mədəni-intellektual fərd kimi formalaşmasında ailənin rolu nə qədər böyükdürsə, millətin də millət kimi təşəkkül tapmasında, zövq və mədəni səviyyəsinin yüksəlməsində televiziyanın da rolu, önəmi danılmazdı.
Tahirə Məmmədqızı