Təmas xəttində gərginlik yarana bilər: "Separatçılar Paşinyanın mövqelərini zəiflətmək üçün fürsət axtarırlar"

Ermənistan silahlı qüvvələri cəbhə xəttində növbəti təxribata əl atıblar. Dekabrın 26-da Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Ağdam rayonunun Mirəşelli kəndi ərazisində mülki şəxsləri atəşə tutması nəticəsində bir nəfər xəsarət alıb. Bakıdan rayona gələrək şəhid qardaşı oğlunun və qardaşının məzarını ziyarət etməyə gedən Ağdam rayonunun Baş Qərvənd kənd sakini, 1945-ci il təvəllüdlü Allahverdiyeva Dilşad Allahverdi qızı və bir neçə yaxın qohumu düşmən tərəfindən atəşə tutulub. Düşmənin atəşi nəticəsində yaşlı qadın qulaq nahiyəsindən xəsarət alıb. Ağdam rayon xəstəxanasına aparılan D.Allahverdiyevaya ilkin tibbi yardım göstərilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. 
Qeyd edək ki, bu hal ilk dəfə baş vermir. Düşmənin məhz bu qəbiristanlığı atəşə tutması nəticəsində əvvəllər də xeyli sayda dinc sakin müxtəlif güllə yarası alıb. Onlar arasında həyatını itirənlər də olub.
Son iki ay ərzində cəbhə bölgəsində atəşkəsə riayət olunduğunu vurğulayan Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyib ki, bu sakitlik Ermənistanın baş naziri Nikol Paşinyana parlament seçkisini rahat keçirib qələbə əldə etmək imkan verdi. Bəs necə oldu ki, separatçılar dünən qəfil atəş açaraq Ağdamın yaşlı sakinini yaraladılar?
Politoloqun sözlərinə görə, atəşkəsin pozulması Ermənistanın baş naziri Nikol Paşinyanın maraqlarına cavab vermir. Onun fikrincə, cəbhə bölgəsindəki istənilən gərginlik Paşinyanın mövqelərinə zərbədir, erməni hərbçilərinin itkisi isə onun reytinqinə mənfi təsir edəcək. Bəs onda "atəş aç” əmrini hansı qüvvələr verib və verəcək?
E. Şahinoğlu deyib ki, Ermənistanda "Qarabağ klanı” 20 il hakimiyyətdə oldu, bu klan həm Dağlıq Qarabağdakı separatçılara, həm də Ermənistan hakimiyyətinə nəzarət edirdi:
 "Ona görə də bu klanın istəyi xaricində Dağlıq Qarabağda heç nə baş verə bilməzdi. İndi isə durum fərqlidir. Dağlıq Qarabağdakı separatçılar sözdə Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın istəklərinə tabe olsalar da, əməldə onun vəziyyətini gərginləşdirə biləcək addımlardan çəkinməyəcəklər. Dağlıq Qarabağdakı separatçılar Paşinyanın mövqelərini zəiflətmək üçün fürsət axtarırlar. Separatçılara İrəvan deyil, Robert Köçəryan və Rusiyadakı siyasi-hərbi mərkəzlər təsir edir. Elə dünənki insidentin müəllifləri də onlardır. Ancaq bizim üçün fərqi yoxdur. Paşinyan Dağlıq Qarabağdakı separatçılara nəzarət edə bilmirsə bu onun problemidir, bizim vəzifəmiz isə atəşkəsi pozan separatçıları susdurmaq və düşmənin itkilərini artırmaqdır”.
Şəymən